366-cı
alayın Xocalı soyqırımında iştirakı tam
sübuta yetirilib
Xanlar Vəliyev:
"Azərbaycan dövləti və vətəndaşlarına
170 milyon ABŞ dollarından artıq ziyan vurulub"
Ermənilərin azərbaycanlılara
qarşı törətdiyi cinayətlərlə əlaqədar
287 nəfər barəsində həbs-qətimkan tədbiri
seçilib. Bu barədə Azərbaycan Respublikası hərbi
prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev
"Azərbaycan" qəzetinə müsahibəsində
bildirib.
Onun sözlərinə görə,
istintaqla müəyyən edilib ki, 25 fevral 1992-ci il tarixdə,
saat 22 radələrində Ermənistandan Azərbaycan ərazisinə
qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə
Dağlıq Qarabağın millətçi ermənilərindən
təşkil olunmuş qanunsuz silahlı birləşmələrı
keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı
motoatıcı alayının komandir heyəti və hərbi
texnikası ilə birgə Xocalı şəhərinə
hücuma keçiblər. Hücumda 366-cı alayın
komandiri Zarviqorov Yuri Yureviç və mayor Ohanyan Seyran
Muşeqoviçin komandanlığı altında alayın
2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin
komandanlığı altında 3-cü batalyonu, həmçinin
1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy
İsaakoviç, habelə alayda xidmət edən 50-dən
çox erməni və digər millətlərdən olan
zabit və gizirlər iştirak edib. Eyni zamanda, hücum
zamanı 90-dan çox tank, piyadaların döyüş
maşını, top, D-30 qaubitsası və digər müasir
hərbi texnikadan istifadə olunub. Hücumdan əvvəl isə
şəhər şiddətli artilleriya atəşinə
tutulub, sonra çoxsaylı ağır tanklar, PDM və zirehli
transportyorlar şəhərə daxil olub, dinc əhali
xüsusi amansızlıqla qətlə yetirilib. Bu zaman
azğınlaşmış erməni quldurları mülki əhaliyə,
o cümlədən qadınlara, uşaqlara, qocalara aman vermədən,
qarşılarına çıxan insanlara müxtəlif
çaplı odlu silahlardan atəş açıb, tank, PDM və
digər texnikanın altına salaraq əzməklə qətlə
yetiriblər. İstintaqla müəyyən olunub ki, qanunsuz erməni
silahlı qüvvələri mühasirədən
çıxıb qaçmağa müvəffəq olmuş
azərbaycanlıları yollarda, keçidlərdə, meşələrdə
təqib edərək vəhşicəsinə
öldürüblər. Habelə erməni hərbçiləri
əsir və girov götürdükləri azərbaycanlıları
xüsusi amansızlıqla, işgəncə verərək qətlə
yetiriblər. Hücum zamanı dinc əhaliyə qarşı
ağlasığmaz vəhşiliklər törədilib,
dözülməz işgəncələr verilib.
X.Vəliyev, həmçinin bildirib
ki, Xocalı faciəsi ilə bağlı həmin şəhərin
5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər,
o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər
qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə
bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif
dərəcəli bədən xəsarətləri alıb,
1275 nəfər əsir və girov götürülüb.
Girov götürülənlərdən 150 nəfərinin, o
cümlədən 68 qadın və 26 uşağın taleyi
bu günədək məlum deyil.
Beynəlxalq hüquq normalarına
uyğun soyqırımı, deportasiya, işgəncə və
digər epizodlar üzrə hərtərəfli istintaq hərəkətləri
aparılıb, nəticədə 1 yanvar 2011-ci il tarixədək
sülh və insanlıq əleyhinə müharibə cinayətləri
törətmiş 239 nəfər, habelə ümumi cinayətlər
kateqoriyasına aid banditizm, qəsdən adamöldürmə
və digər cinayətlər törətmiş 48 nəfər,
cəmi 287 nəfər barəsində təqsirləndirilən
şəxs qismində cəlbetmə qərarları
çıxarılıb. Məhkəmə qərarlarına əsasən,
onların barələrində həbs- qətimkan tədbiri
seçilib, axtarışları elan edilib, bununla bağlı
müvafiq sənədlərin aidiyyəti orqanlara göndərilməsi
təmin olunub.
Hərbi prokuror daha sonra deyib ki, cinayət
işi üzrə keçirilmiş kompleks məhkəmə
tikinti-texniki və əmtəəşünaslıq
ekspertizasının rəyinə əsasən, qanunsuz erməni
silahlı birləşmələri tərəfindən
Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar
dövlət əmlakının və xüsusi mülkiyyətdə
olan əmlakın məhv edilməsi, talan edilməsi ilə
bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına
140 milyon manatdan və ya 170 milyon ABŞ dollarından artıq
ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam
etdirilir.
X.Vəliyev qeyd edib ki, 366-cı
alayın hərbi qulluqçuları və digər şəxslərin
Xocalı soyqırımında iştirakı tam sübuta
yetirilib. Barələrində məhkəmələr tərəfindən
həbs-qətimkan tədbiri seçilib və beynəlxalq
axtarışların həyata keçirilməsi
üçün müvafiq sənədlər İnterpolun Azərbaycan
Respublikası Milli Bürosuna göndərilib.
Səxavət
Həmid
Mərkəz.- 2011.-26 fevral.- S.5.