Səfir
Fuad İsmayılovla vida mərasimi keçirilib
Araz Əzimov: "Fuad İsmayılovun vəfatı Azərbaycan diplomatiyası üçün böyük
itkidir"
Vaqif Sadıqov: "Fuad İsmayılov
Vyanadakı diplomatik korpusda böyük nüfuza malik şəxs
idi"
Dünən
Təzəpir məscidində Vyanada vəfat etmiş Azərbaycanın
Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri
Fuad İsmayılovla vida mərasimi keçirildi. Saat 12.00-da
başlanan vida mərasiminə mərhumun qohumları, Azərbaycanda
fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri,
hökumət rəsmiləri qatılmışdılar.
Səfirlə vida mərasiminə gələnlər arasında ABŞ-ın Azərbaycandakı
səfiri Metyu Brayza,
ATƏT-in Bakı Ofisinin rəhbəri
Əli Bilgə Cankorel,
Avstriyanın Azərbaycandakı
səfiri xanım Silviya Mayer-Kaybiç,
maliyyə naziri Samir
Şərifov, Bakı şəhər İcra
Hakimiyyətinin başçısı
Hacıbala Abutalıbov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, xarici işlər nazirinin müavinləri Xələf
Xələfov, Araz Əzimov, Nadir Hüseynov, nazir müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev,
Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov, mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ailə, Qadın və Uşaq
Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Memarlıq və İnşaat
Universitetinin rektoru,
millət vəkili Gülçöhrə Məmmədova, digər
hökumət təmsilçiləri, millət vəkilləri,
əməkdar artist Tünzalə
Ağayeva, ziyalılar da var idi.
Vida mərasiminə gələnlər mərhumun valideynləri, həyat
yoldaşı, övladları və digər yaxınlarına
başsağlığı verdilər.
Mərasimdə iştirak
edən rəmi şəxslərdən
bəziləri mərhum səfirlə bağlı xatirələrini
jurnalistlərlə bölüşdülər. "Səfir Fuad İsmayılov çox təcrübəli diplomat
idi". Bu
açıqlamanı jurnalistlərə xarici
işlər nazirinin müavini Araz Əzimov verdi. O, F.İsmayılovun vəfatını
Azərbaycan diplomatiyası
üçün böyük
itki adlandırdı.
F.İsmayılovdan
öncə Azərbaycanın
Avstriyadakı səfiri işləmiş, hazırda Azərbaycanın
İtaliyada fövqəladə
və səlahiyyətli səfiri olan Vaqif Sadıqov
da F.İsmayılovun vəfatını diplomatiyamız
üçün böyük
itki adlandırdı: "Onun
haqqında keçmiş
zamanda danışmaq çox çətindir. Biz
Fuad İsmayılovla uzun müddət bir yerdə işləmişik, o, bizim həmkarımız
və əsl vətənpərvər insan
idi. Fuad həm də son dərəcə peşəkar diplomat idi. O, ölkəmizin maraqlarını Avropada, Vyanada, həmçinin
ATƏT kimi nüfuzlu
bir beynəlxalq təşkilatda təmsil edirdi. Fuad İsmayılov
Vyanadakı diplomatik korpusda
böyük nüfuza
malik şəxs idi. Allah rəhmət
eləsin!"
"Fuad İsmayılov çox mehriban dost, təcrübəli
diplomat, yaxşı insan idi". Bu açıqlamanı isə
jurnalistlərə dəfn mərasimində iştirak
edən ABŞ-ın
Azərbaycandakı səfiri M. Brayza bildirib: "Fuadı dörd
ildir tanıyırdım. Biz
onunla tez-tez
Dağlıq Qarabağla bağlı
aparılan müzakirələrdə görüşürdük. Onun
vəfat etdiyini dünən eşitdim və
bu, mənə çox pis təsir etdi. Bilirəm ki, onun üçün
çox darıxacağam". Dəfn mərasimində
iştirak edən M. Brayza F.İsmayılovun yaxınlarına, o
cümlədən, atası Nazim İsmayılova başsağlığı
verdi.
Xatırladaq ki,
Fuad İsmayılov
1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində
anadan olub. O, Bakı
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin məzunudur. "Assa-İradə" Azərbaycan Müstəqil
İnformasiya Agentliyində
əmək fəaliyyətinə
başlayıb. 1992-1995-ci illərdə Azərbaycan
Respublikası Prezidenti İcra
Aparatının xarici
əlaqələr şöbəsində,
1998-2005-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə
çalışıb. 2005-ci il martın 7-də Azərbaycan
Respublikasının Avstriya Respublikasında fövqəladə
və səlahiyyətli səfiri təyin edilib.
Səmərəli fəaliyyətinə
görə 2009-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi
(1919-2009)" yubiley medalı ilə təltif
olunub. Azərbaycanın Avstriyada fövqəladə və
səlahiyyətli səfiri, BMT-nin Vyanadakı bölməsində, ATƏT,
BMSİT, AEBA və NSTQOMT yanında Azərbaycan
Respublikasının daimi nümayəndəsi,
eyni zamanda, Sloveniya və Slovakiya Respublikasındakı
fövqəladə və səlahiyyətli
səfiri idi. Fuad
İsmayılov uzun sürən xəstəlikdən
sonra fevralın 23-də
Vyanada vəfat edib.
Səxavət Həmid
Mərkəz.- 2011.- 26 fevral.- S.5.