19 yaşlı prezident təqaüdçüsünün
faciəsi
«Azərbaycan Dövlət Neft Akademiyasının Qaz
Neft Mədən fakültəsinin III kurs tələbəsi,
prezident təqaüdçüsü, bp-nin fərdi təqaüdçüsü
İsmayıl Səfərov dənizdə batıb». Bu xəbəri
eşidən kimi, redaksiyamıza bir hüzn çökdü.
Təəssüf hissi hamını dondurdu sanki. Qərara gəldik
ki, gedib yaxınları ilə görüşək,
başsağlığı verək, Allahdan səbr diləyək.
Açığı, tərəddüdlər
içində çabalayaraq getdim İsmayılgilə…
«Yaralarının qövr eləyən vaxtıdır, mənə
nə deyərlər, necə qarşılayarlar?..» Bu sual
ayaqlarımdan daş kimi asılmışdı…
Öncə suallarımı cavablandırmaq istəmədilər.
Hətta bibisinin bizə çox haqlı bir iradı da oldu:
«Onun kimi bacarıqlı, ağıllı bir oğul
haqqında sağlığında yazmadınız, indi nəyə
gəlmisiniz?» Cavab üçün söz yox idi. Bu iraddan
sonra bir şeyi anladım: biz hələ də insanlara
sağlığında qiymət verməyi öyrənməmişik…
Ömrünün 19-cu
baharını yaşayırdı İsmayıl. Atası kompyuter üzrə mühəndis
olmasını istəsə də, İsmayıl babası kimi dünya şöhrətli
neftçi olacağını demişdi. Məqsədinə doğru
da inamla
addımlayırdı, çalışırdı, öyrənirdi.
Azərbaycan Dövlət Neft
Akademiyasına 685 balla qəbul olmuşdu. bp şirkətinin
pulsuz ingilis dili kurslarında iştirak
etməyə hazırlaşırdı. Amma
sən saydığını say, gör fələk nə sayır. Haradan biləydi ki, bir gün işləyəcəyi,
karyerasını quracağı Neft
daşlarının yerləşdiyi Xəzər onu əbədilik bizlərdən ayıracaq.
««Dənizə
girməyin» demişdilər»
Kiçik
qardaşı Ramazan söyləyir ki, bir gün
belə olacağını bilsəydi, qardaşı ilə bərabər
ötürdüyü illəri tamam başqa cür yaşayardı: “Ömrümün
90%-ni onun yanında olmuşam.
Heç bir
günahı yox idi,
kimsənin qəlbinə dəyməzdi. Hamı çox istəyirdi onu. 3 gün bundan əvvəl
işdən gəlmişdi. Maaş da almışdı. Bağda
uşaqlarla 6-7 nəfər süfrə
açıb, yemək yeyirdik. Hələ
qardaşım bağa getməzdən əvvəl
anam demişdi ki, dənizə getməyin, dənizdən qorxuram. Anamın tapşırığı ilə
mən də dalınca getmişdim ki, onu evə gətirəm.
Bağa çatanda
yadımdan çıxdı ki, mən bura qardaşımı evə aparmağa
gəlmişəm. Sonra atam
da zəng elədi ki,
dəniz dalğalıdır, çimməyə cəhd etməyin.
Biz də “5-10 dəqiqə bir dəfə çimib
çıxacayıq” deyib atamızı
razı saldıq. Getdik dənizə. Nə
biləydim ki, bu
qardaşımla son gedişim
olacaq. Hardasa 20 dəqiqə
idi ki, çimirdik.
Sonra dostum mənə
dedi ki,
İsmayılı da çağır, sudan çıxıb bir az da sahildə oturaq. Üzümü
çevirəndə gördüm ki, çox uzaqdadır.
Fikirləşdim ki, durduğum
yerdən çağırsam, eşitməyəcək. Ona görə də yavaş-yavaş
qabağa gedib
çağırmağa qərar verdim.
Başımı qaldıranda isə qardaşımı
görmədim. Dedim yəqin üzüb başqa yerə
getdi. Sahilə çıxdım. Heç 5 dəqiqə
keçməmişdi ki, dostum
gəlib qabağımda diz çöküb torpağı yumruqlaya-yumruqlaya “İsmayıl gözümün qabağında boğuldu, mən isə heç
nə edə bilmədim” deyə təkrar-təkrar dəli kimi qışqırırdı. Özümü itirdim, o tərəf bu tərəfə
qaçmağa
başladım. Nə baş verdiyini başa
düşmədim. Tanıdığım,
tanımadığım adamlardan kömək
istəyirdim. Zəng eləyib bütün
qohumları dənizə çağırdım. Hadisələr
mənə yuxu kimi gəlirdi.
İçimdə elə bir hiss yaranmışdı ki,
sanki atam gəlib
qardaşımı xilas edəcək və
biz də birlikdə evə gedəcəyik.
Heç fikirləşmirdim ki, atam qocalıb, ürəyi
tutar, üzə bilməyib o da boğular.
Nəhayət atam gəldi. Hər şeyin gec olduğunu başa düşmüşdü. 16 illik
həyatımda birinci dəfə idi ki, atamın gözlərindən
yaş axdığını görürdüm (gözləri dolur). Amma nə fayda qardaşım tapılmadı”.
«Dalğa balamın cəsədi ilə sanki oynayırmış»
Anası (Kifayət Səfərova):
“İyulun 10-nu saat 7-yə
qalmış çimməyə getdi, iyulun 11 saat 7-yə
qalmış cəsədi tapıldı. Mərdəkanda
batmışdı, Şüvəlanda tapdılar. Balamı suyun üzündə
görənlər deyirdi ki,
cəsəd sanki balıq kimi
üzürdü. Dalğa
balamın cəsədini hansı tərəfə istəyirdisə,
o tərəfə də aparırdı. Sanki oynayırdı. Balamı bəlkə də
tez çıxarsaydılar, ölməzdi.
O mənim həm atam, həm oğlum, həm də qardaşım idi. Hər şeyim idi. Mənimlə tez-tez dərdləşərdi”.
Son sözü “ata, məni
bağışla” olub
Qardaşı:
“Qardaşımı Rövşən adlı bir
oğlan xilas etməyə
cəhd etmişdi. Amma
buna nail ola bilməmişdi. Çünki
boğulan adam onu xilas etməyə
çalışan adamı da boğmağa çalışır. Dostum deyir ki,
İsmayıl artıq xilas ola bilməyəcəyini başa
düşəndə əllərini göyə
qaldırıb qışqırdı ki, “ata, məni bağışla”. Mən hələ
də bilmirəm ki, qardaşım nəyə
görə bunu demişdi”.
İlk təqaüdü
ilə qardaşına telefon
alıbmış…
“İnstituta
qəbul olarkən çox yüksək bal toplayanda həm sevinmişdim, həm də
paxıllığım tutmuşdu. 685 bal toplamışdı. Amma
biz əsl dost idik. Böyük
qardaşım olsa da,
sözümü heç
vaxt yerə salmazdı, məni də dinləyərdi.
Universitet illərində birinci
dəfə təqaüd alanda pulu mənim üçün
xərcləmişdi. O, hiss etmişdi ki, mən telefon almaq istəyirəm,
amma buna imkanım yoxdur. Telefon
dükanına getdik. Mənə nömrə
və telefon aldı. Burada
da böyüklüyünü
göstərdi. İndi isə ölümü ilə məni də öldürdü. Birlikdə getdiyimiz
yerdən birlikdə gələ bilmədik. Elə bil ürəyimin yarısını qoparıb
apardı”.
«Mən
ona atamın adını nə ümidlərlə
qoymuşdum…»
Anası: “İsmayıl 1992-ci
ildə iyunun 16-da İsmayıl Qurban bayramının III günündə anadan olub. Bəlkə də
təsadüf idi, bəlkə də təsadüf
deyildi. Adını İsmayıl qoymaq istəyirdim. Atamın adı idi. O adı nə ümidlərlə qoymuşdum ona. Hamı deyirdi ki, bu
necə möcüzə uşaqdır ki,
İsmayıl qurbanının III günündə anadan olub. Elə doğulan günü onun həkimə mənə demişdi
ki, o, çox
ağıllı uşaq olacaq.
O gündən ürəyimdə xal
qaldı ki, həkim niyə o biri balalarıma bu sözü demədi, məhz
İsmayıla dedi. Böyüdükcə
biz də sevinirdik. 2
yaşında ingilis dilində sözləri
öyrənirdi, bəzi cümlələr qururdu.
6 yaşında bacısıyla birlikdə 104 nömrəli məktəbin
I sinifinə qoydum. Hələ o yaşında İsmayıl vurmanı,
bölməni elə bilirdi ki, birbaş III sinifdə oxuya bilərdi. Əlifbanı isə su kimi bilirdi.
Kompyuterlə kimin nə problemi
olurdusa, İsmayıla
yaxınlaşardı, kömək istəyirdi. Onun beyni yeni
fikirlərlə dolu idi.
Tez-tez deyirdi ki, Azərbaycanda neft sahəsində
hələ heç kimin
görmədiyi işləri görəcəm. Ölməsəydi,
mən əminəm ki, dediyini
edəcəkdi. Universitetdə yaxşı oxuduğuna
görə dəfələrlə fəxri fərmanlar
alıb. Ailədə vəziyyətimiz o
qədər də yaxşı deyil. Ona görə də İsmayıl SOCAR-ın
təqaüdlərindən yaralanmaq üçün imtahan vermişdi. 40 baldan 35 bal yığmışdı. Amma
nədənsə dedilər ki, imtahandan keçməmisən. Ondan
sonra oğlum çox fikirli gəzirdi. Hiss eləyirdim ki, kəsildiyini
ürəyinə salıb. Balam tez parladı, tez də söndü”.
Qrup
yoldaşını sevirmiş
Elvin Osmanlı (sinif yoldaşı): “Oxuyan
şagird idi. Hamı
dərsdən qaçanda, o
oturub müəllimi gözləyirdi. Yoxlama yazanda biz bir-birimizin üzünə
baxırdıq, o isə başını
salıb yoxlamanı yazırdı. Arada bir kömək də istəyirdik”.
Fərid Quliyev
(sinif yoldaşı): “700 bal
yığa bilmədiyinə çox peşman olmuşdu. Əslində
yığmışdı. Sadəcə köçürəndə
səhv köçürmüşdü.
Çox tərbiyəli oğlan
idi”.
Vüsal Əhmədov (sinif yoldaşı): “Sonuncu dəfə
3 gün əvvəl görmüşdüm. Ordan-burdan
söhbət elədik. Zarafatla soruşdum ki, evlənmək
fikrin yoxdur? Dedi, hələ yox. Dedim ki, bəs xoşuna gələn
qız var? O da dedi ki, var, qrup yoldaşımdır…”
Saməddin MEHRALIYEV
Mərkəz.- 2011.- 13 iyul.-S. 3.