Bu gün ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəlişindən 42 il keçir
Bu gün Azərbaycan xalqının tarixində əlamətdar
günlərdən biridir. Düz 42 il öncə, 1969-cu ilin məhz
bu günündə ümummilli lider Heydər Əlirza
oğlu Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri
olub. Bu önəmli gündə biz də ulu öndər Heydər
Əliyevin həyat və fəaliyyətindən bəzi məqamları
oxucuların diqqətinə çatdırmağı lazım
bildik.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il
mayın 10-da Naxçıvan şəhərində anadan
olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu
bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan
Dövlət Neft Akademiyası) memarlıq fakültəsində
təhsil alıb. Başlanmış müharibə ona təhsilini
başa çatdırmağa imkan verməyib.
1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR
Xalq Daxili İşlər Komissarlığında və
Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə
müdiri vəzifəsində işləyib və 1944-cü
ildə dövlət təhlükəsizliyi orqanlarında
işə göndərilib. Bu dövrdən təhlükəsizlik
orqanları sistemində çalışmış Heydər Əliyev
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin
müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləyib, general-mayor rütbəsinə qədər
yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində
(indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini
bitirib.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçilmiş Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilib və SSRİ-nin rəhbərlərindən biri
olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali
Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin
müavini olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən baş katib Mixail
Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti
olaraq, tutduğu vəzifələrdən istefa verib. Heydər
Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının
Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar
ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək Azərbaycan
xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları
və icraçılarının cəzalandırılmasını
tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin
münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin
ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci
ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının
sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıtmış
Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə
Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan
Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri
seçilib.
1993-cü ilin may-iyununda hökumət
böhranının son dərəcə kəskinləşməsi
ilə ölkədə vətəndaş müharibəsinin
baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə
gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın
o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən
Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri
seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan
Respublikasının Prezidenti seçildi. O, 1998-ci il
oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilmiş seçkilərdə səslərin
76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının
Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də
keçirilmiş prezident seçkilərində namizədliyinin
irəli sürülməsinə razılıq vermiş Heydər
Əliyev səhhətində yaranmış problemlərlə
əlaqədar seçkilərdə iştirak etməkdən
imtina edib.
Dekabrın 12-də Azərbaycanın ümummilli
lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş
Ştatlarının Klivlend Klinikasında vəfat edib.
Heydər Əliyev bir çox dövlət orden və
medallara, beynəlxalq mükafatlara layiq görülüb,
müxtəlif ölkələrin universitetlərinin fəxri
doktoru seçilib. Heydər Əliyev dörd dəfə Lenin
ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif
edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı
adını alıb, bir çox xarici dövlətlərin
orden və medalları ilə təltif olunub.
27 mart 1997-ci il - Kiyevdə Azərbaycanın dövlət
başçısına Ukraynanın ali mükafatı
«Yaroslav Mudrı» ordeni təqdim edilib.
13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin
ən nüfuzlu mükafatı - «Atatürk Sülh
Mükafatı»na layiq görülüb.
20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevə Moskva Dövlət
Universitetinin «Fəxri professoru» adı verilib.
3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev
Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə
və Hüquq Qaydası Problemləri Akademiyasının
professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov
adına mükafata layiq görülüb.
10 may 2003-cü il - Rusiyanın yüksək
mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı
ordeni ilə təltif olunması barədə fərman
imzalanıb.
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 14 iyul.- S. 3.