Kitabxanaçılarımız “KRIM-2011” Konfransında

 

«Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı Dövlət Proqramı» üzrə tədbirlər davam etdirilir. Bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilati və maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti “KRIM-2011” Beynəlxalq Kitabxana Konfransının işinə qatılıblar. İyunun 12-dək davam edəcək tədbirdə Azərbaycanı C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, kitabxananın İctimai-Hüquqi İnformasiya şöbəsinin əməkdaşı Günay Həsənova, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva, Masallı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Əliyeva, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov təmsil edir.

Konfransda Azərbaycan kitabxanaçıları dünya kitabxanaçıları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi həyata keçirir, habelə müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində «know-how» texnologiyaları, yeni xidmət növlərindən istifadə və s. mövzularda məruzələr, müxtəlif maraqlı dəyirmi masalar, debatlar, kitab təqdimatları təşkil olunur.

 

 

Cəvahir Səlimqızı

               

Mərkəz.- 2011.- 8 iyun.- S. 11.