Misirin «Əl-Xəyal» jurnalı xalçalarımızdan yazıb

 

YUNESKO-nun Dünya mədəni irsi siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədilə Misir Ərəb Respublikasının (MƏR) Mədəniyyət Nazirliyi və Qahirə Opera Evinin mətbu orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə nömrəsində ölkəmizin MƏR-dəki səfiri Ş.Abdullayevin milli xalçalarımıza həsr olunmuş “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” başlıqlı məqaləsi dərc edilib.

Xalçalarımızda xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumunun əks olunduğu məqalədə Azərbaycan xalçaçılıq sənətinin yaranmasının tunc dövrünə təsadüf etdiyi qeyd olunaraq, müxtəlif arxeoloji tapıntılar əsasında artıq eramızdan əvvəl II əsrdə Azərbaycan ərazisində xalçadan müxtəlif növ məmulatların hazırlandığı oxucuların diqqətinə çatdırılır.

Məqalədə tarixi mənbələrə və Avropa səyyahlarının təsvirlərinə əsasən, Azərbaycanın orta əsrlərdə gözəl xalçalar istehsal edən mərkəzlərdən biri kimi tanındığı qeyd olunur. Təbii şəraitin rəngarəngliyi, müxtəlif tarixi, sosial və iqtisadi amillərin Azərbaycan xalçasının çeşidliliyinə şərait yaratdığı vurğulanır.

Azərbaycanın rəngarəng təbiətinin bütün gözəlliyini əks etdirən xalçalarımızın boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarolunmaz zərifliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqləndiyi qeyd olunan yazıda ölkəmizin hər bir regionunun özünəməxsus xalçaları və xalçaçılıq məmulatları ilə şöhrət qazandığı diqqətə çatdırılır. Quba, Şirvan, Bakı, Gəncə, Təbriz, Qarabağ, Naxçıvan və Qazax xalçaçılıq məktəbləri və bu məktəblərin xarakterik xalçaçılıq xüsusiyyətləri haqqında misirli oxuculara ətraflı məlumat verilir.

Məqalədə Azərbaycan xalça nümunələrini əks etdirən rəngbərəng şəkillər də öz əksini tapıb.

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 8 iyun.- S.11.