Yeni yolun Mixaylosu

 

Təkcə bacarıqlı komandir kimi yox, həm də gözəl insan, vətənpərvər bir şəxs kimi tanıyırdılar Mehdini. Xüsusitəyinatlı polis dəstəsinə gəldiyi ilk günlərdən özünü qorxmaz bir igid kimi göstərdi və çox keçmədi ki, hamının sevimlisinə çevrildi. Mehdi döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə verilirdi. O, düşmənin gah arxasında, gah da önündə görünürdü. Mehdi əvvəlcədən bu yerlərə bələd olmasa da, döyüşə-döyüşə bu ulu yurdun hər daşını, hər cığırını belə tanıdı, ona isinişdi.

 

O deyirdi:

 

- Bu yerlərdə böyüyüb, boya başa çatmasam da, Azərbaycanın hər bir guşəsi mənim üçün doğmadır, əzizdir. Bu torpaqları da qorumaq bizim üçün şərəfdir.

Mehdi Abbasov 1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanda - Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdu. Didərginlik onun da taleyinə yazılmışdı. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib, uzaq Qazaxıstana üz tutanda Mehdinin on bir yaşı vardı. O, valideynləri ilə birlikdə Qazaxıstan Respublikası Tülkübas rayonunun Kulan kəndində məskunlaşmışdı. Burada hər zəhmətə qatlaşdı. Bir il kənddəki Kuybışev adına sovxozda traktorçu işlədi. İşləyə-işləyə ali məktəbə hazırlaşdı. 1980-ci ildə sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə verdi. Bir ildən sonra isə Karaqanda Pedaqoji İnstitutuna daxil oldu. Beş il ərzində ibtidai-hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. Onu təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki Qaqarin adına məktəbə göndərdilər.

Mehdi idmanla məşğul olmağı çox sevirdi. O, elə həmin ildə klassik güləş üzrə idman normasını yerinə yetirərək «SSRİ idman ustası» adını aldı. Qərib ölkədə yaşamasına baxmayaraq onun hörməti günü-gündən artırdı. Adı bütün Qazaxıstanı dolaşırdı. Bir müddətdən sonra Mehdi peşəsini dəyişməyə qərar verdi. O, 1989-cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi.

Bu o vaxtlar idi ki, Azərbaycan çətin günlərini yaşayırdı. Dağlıq Qarabağ hökumətin nəzarətindən çıxmışdı. Ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil edir, dinc əhalini daim təzyiq altında saxlayırdılar.

Mehdinin qəlbində ermənilərin pis əməllərinə nifrət hissi hələ ailəsi Amasiyada yaşadığı illərdən yaranmışdı. Qarabağ hadisələri başlayanda Mehdinin ürəyində illərlə cəzasızlıqdan azğınlaşan erməni millətçilərinə qarşı mübarizə aparmaq istəyi baş qaldırdı.

Enbəyşin RDİŞ də xidmətə göndərilən Mehdi Abbasov 1990-cı ildə SSRİ DİN-in Stavropol Ali Kurslarının müdavimi olur. Azərbaycanın başı üstünü qara buludlar alanda öz soydaşlarının harayına çatmağa tələsir. On beş ildən artıq yaşadığı, ali təhsil aldığı, adamlarına, adət-ənənələrinə uyğunlaşdığı Qazaxıstan artıq ona dar qəfəs kimi görünürdü. O, qəti qərara almışdı ki, Azərbaycana gəlib, xidmətini Qarabağda davam etdirsin. Lakin bu, heç də asan bir iş deyildi. İşlədiyi Enbəyşin RDİŞ-də onun getməsinə mane olurdular. Onlar bilirdilər ki, verilən tapşırıqlara məsuliyyətlə yanaşan, işi ilə hamıya nümunə olan belə bir zabit yetişdirmək üçün illərlə vaxt lazımdır. Mehdi isə inadından dönmürdü. Bir xoş təsadüf onun Azərbaycana gəlməsinə yol açdı. O, Stavropolda təhsil alarkən Yessentuki şəhərində təcrübə zamanı Azərbaycan daxili işlər nazirinin müavini Ramiz Məmmədovla tanış oldu. Nazir müavini onun istiqanlı, qayğıkeş, Vətənə sadiq bir oğul olduğunu görərək, ona Azərbaycanda xidmət etməyi təklif etdi. Nəhayət, uzun yazışmalardan sonra Mehdi 1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına göndərildi. Burada ona müxtəlif vəzifələr təklif edildi. Lakin Mehdi bu işlərin heç biri ilə razılaşmadı. Xidmətini Qarabağda davam etdirməyə icazə vermələrini xahiş etdi. O, ilk günlərdən qaynar bölgələrə getmək, döyüşlərdə fəal iştirak etmək istəyirdi. Bir aydan sonra baş leytenant DİN XTPD-də xidmətə başladı. Elə fəaliyyətə başladığı ilk günlərdən Mehdi Abbasov cəbhə bölgələrində göründü. Çox keçmədi ki, səmərəli işi nəzərə alınaraq rota komandiri təyin edildi. İgid, cəsur komandirin həyatında gərgin döyüş günləri başladı. Onun sorağı demək olar ki, bütün cəbhə boyu gəlirdi. Ağdam, Goranboy, Füzuli, Şuşa rayonlarında keçirilən döyüş əməliyyatlarında fəal iştirak edir, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr endirirdi.

Mehdi gördüyü iş barədə əvvəlcədən heç kimə xəbər verməyi xoşlamazdı. Onun planlarından yalnız əməliyyat başa çatdıqdan sonra xəbər tuturdular. 1991-ci ilin sentyabr ayı idi. Mehdi öz dəstəsi ilə Goranboy rayonu ərazisindən vertolyotla növbəti əməliyyatdan qayıdırdı. Elə bu vaxt erməni quldurları dəstəni güclü atəşə tutdu. Pilot başqa çıxış yolu görmədiyindən vertolyotu düşmən əhatəsində yerə endirdi. Bu, son dərəcə təhlükəli idi. cəsur komandir yoldaşlarına atəş açmamağı əmr etdi. Erməni quldurları heç bir maneə hiss etmədən irəliləyirdi. Mehdi düşmənin lap yaxınlıqda olduğunu görüb, onlara yaxınlaşdı. Məqam tapıb quldurların arxasına keçdi və fürsəti əldən verməyərək avtomatdan fasiləsiz atəş açdı. Arxadan gələn ermənilər köməyə yetincə Mehdi özünü yerdən üzülən vertolyota yetirdi. Bu əməliyyatda tək bircə nəfər yüngül xəsarət aldı. Vertolyot bir neçə dəqiqədən sonra təhlükəsiz yerdə yerə endi. Bu uğurlu əməliyyatdan sonra cəsur komandirə «Mixaylo» ləqəbi verdilər.

Mehdi Abbasov döyüşlərdə göstərdiyi şücaətə görə 4 dəfə DİN-in mükafatına layiq görülüb. Onun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu uğrunda qızğın döyüşlər gedirdi. «Mixaylo» həmişə olduğu kimi yenə də ön xətdə vuruşurdu. O, postu ələ keçirmək üçün bir az da irəliyə atıldı. Elə bu an snayper gülləsi cəsur komandirin başından tutdu. Döyüş dostu onu çətinliklə də olsa, təhlükəli ərazidən çıxara bildi. Lakin onu həyata qaytarmaq mümkün olmadı.

Bir neçə gündən sonra Bakıdakı Şəhidlər Xiyabanı daha bir şəhidi, bu dəfə Mixaylonu - Mehdi Abbasovu öz ağuşuna aldı.

Döyüşlərdə göstərdiyi igidliyə və şücaətlərə görə ölümündən sonra prezidentin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Mehdi Yusif oğlu Abbasova «Azərbaycanın Milli Qəhrəmanı» adı verildi.

Valideynlərinin yaşadığı İsmayıllı rayonunun Ruşan kəndi, indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır.

 

 

Vüqar ƏSGƏROV,

AMEA-nın Respublika

Xatirə Kitabı redaksiyasının

redaktoru

 

Mərkəz.- 2011.-3 mart.-S.15.