«Ədəbiyyatı sən seçmirsən, ədəbiyyat səni seçir»

 

«Mən fərqli düşünən, fərqli yaşayan adamam»

 

Ədəbiyyat, sənət adamları ilə müsahibələrimiz ictimaiyyətin diqqətini çəkdiyindən qəzetimiz ənənəsini davam etdirir. Ədəbiyyat adamları tez-tez qəzetimizin qonağı olur. Qəzetimizin budəfəki qonağı yazar Yusif Məhəmmədoğludur. Qəzetçilik fəaliyyəti Yusif bəyi ədəbi mühitə daha naşir kimi tanıdıb. Həftəlik “Yeni Avropa” qəzetinin təsisçisi və baş redaktorudur. Yaxın vaxtlarda 1 yaşı tamam olacaq “Yeni Avropa” qəzeti ədəbiyyat adamlarına öz səhifələrində hər zaman yer ayırıb. İncə təbli şair olan Yusif Məhəmmədoğlu həm də maraqlı nəsr əsərlərinin müəllifidir.

- Necə oldu ki, fizika fakültəsini bitirən bir insan özünü ədəbiyyatda tapdı? Ədəbiyyata gəlişiniz haqqında danışaq.

- İmkan verin, bir özümü toparlayım. Musa Yaqubun sözü olmasın, “İmkan verin, boğazımızı yaşlayaq da…” Qəfildən diktofonu yandırıb, sual verəndə adam bir az çaşır axı (gülür).

- Boğaz yaşlamağa vaxtınız və imkanınız olacaq…

- Ədəbiyyat, bəlkə də, yeganə sahədir ki, ədəbiyyata gəliş planlı olmur. Hansı sahənin adamı olursan ol, əgər istedadın və həvəsin varsa, bir də görürsən ki, ədəbiyyatın içindəsən. Yəni, ədəbiyyatı sənət kimi seçmirsən, ədəbiyyat səni seçir. Hər kəsin keçdiyi həyat yolunda müəyyən çətinliklər olur. Heç vaxt şair, jurnalist olacağımı düşünməzdim. Həyat özü məni bu yerlərə gətirib çıxardı. İlk dəfə 1993-cü ildə şeir yazmışam. 1992-ci ildə anamı itirmişdim və bu ağrı-acıyla, bu nisgillə ilk şeirimi yazdım. Həmin illərdə Musa Yaqubun xeyir-duasıyla ilk şeirim İsmayıllının rayon qəzetində çap olndu. Sonra tələbəlik həyatı, dövrü mətbuat, ilk kitabım, sonrakı kitablar... Bir də baxdım ki, hansısa rüzgar məni ədəbiyyatın içinə atdı.

- Ədəbiyyatımızda gedən proseslərdən xəbərin varmı? Özünü hansı cərəyana, hansı quruma yaxın hesab edirsən? Ədəbiyyatdakı cəbhələşmənin içində sənin yerin hardadır?

- Yaxşı olardı ki, mənə bu sualı verməzdiniz. Mən bu cür suallara cavab vermək istəməzdim. Mən son vaxtlar daha çox jurnalistika ilə məşğulam və günümün 14-15 saatını mətbuata, jurnalistikaya həsr edirəm. Desəm ki, bu proseslərlə maraqlanmıram düz olmaz. Maraqlanıram, amma bu barədə danışmasam, daha yaxşı olar.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsən. Bu yaxınlarda AYB üzvü, gənc şair Qismətin gənclərlə bağlı məruzəsi xeyli əks-səda doğurdu və birmənalı qarşılanmadı. Qismətin məruzəsində adı çəkilməyənlərdən biri də sənsən. Bu məruzəni necə dəyərləndirirsən?

- Ola bilər ki, həmin məruzədə adım olmasın. Mən nə o məruzəni oxumuşam, nə də həmin məruzənin harda edildiyindən xəbərim var. Qeyd etdiyim kimi, bu proseslərlə maraqlanmıram.

- Bir AYB üzvü və şair olaraq məruzədə adının çəkilməməsini ögeylik kimi dəyərləndirmirsən ki?

- AYB-nin üzvlərinin sayı bir deyil, beş deyil, yüz deyil... AYB-nin mindən çox üzvü var. Məruzə oxuyan qardaşımızın məni tanımaması təbiidir. Görünür, “Azərbaycan” və “Ulduz” jurnallarında, “Ədəbiyyat” qəzetində, “525-ci qəzet” də çap olunmadığım üçün Qismət məni tanımır. Yazdıqlarımı oxumayıbsa, haqqımda nə danışa bilər?

- Balaca bir ölkədə mindən artıq AYB üzvünə nə ehtiyac var? Sizcə, bu say həddindən çox deyilmi?

- Azərbaycan xalqı doğulanda savadlı, istedadlı doğulur. Mənim nənəm 114 yaşında minlərlə bayatı, minlərlə şeir və nağıl bilirdi. Məncə, hamı şair ola bilər, yaza bilər. Hətta düşünürəm ki, ümummilli dərdimizdən, problemlərimizdən hamı yazmalıdır. AYB-nin bu qədər üzvü olması isə bəlkə də normal deyil. Azərbaycan ədəbiyyatı tarixində yüzlərlə tanınmış, güclü qələm adamı var ki, onların AYB adlı birliyi, xalq şairi, xalq yazıçısı statusu olmayıb. Hansı ki, onların bir kəlamı bir ölkəni yönləndirib. Düşünürəm ki, günün tələbinə görə AYB olmalıdır, ancaq AYB-nin bu qədər üzvü...(fikirləşir) Bu suala mən cavab verməsəm yaxşıdır.

- Sən yaradıcı və etirazçı gəncliklə dost olmağı bacaran adamsan. Etirazçı gənclərin yazdıqlarından da xəbərin var. Ədəbiyyatla məşğul olduğun günlərdən bu günə həmyaşıdların arasında fərqləndirdiyin, sevdiyin imzalar varmı?

- Təbii ki, oxuduqlarım var. Ad çəkmək vacibdirsə, çəkə bilərəm.

- Vacib deyil, sadəcə, maraqlıdır.

- Aqşin Yenisey, Nərmin Kamal, Nərmin Hüseynzadə, Aysel Əlizadə, Kəramət Böyükçöl, Qismət və s. Ancaq bu imza sahiblərinin çoxu ilə şəxsi tanışlığım yoxdur. Bəlkə də, şəxsi tanışlığımızın olması vacibdir ki, onlar da məni oxusun. Mən fərqli düşünən, fərqli yaşayan adamam. Heç vaxt kimdənsə kitabımı oxumağı, kitablarım haqqında təbliğat xarakterli yazılar yazmağı xahiş eləmərəm. Heç kəsin kitabı haqqında bu tipli yazılar yazmamışam. Qələminə hörmət etdiyim gənc imzalar isə çoxdur.

- Qalmaqal hesab elədiyin suallardan uzaqlaşaq, gələk yaradıcılığına. Son vaxtlar nə yazırsan?

- “Zaman körpüsü” adlı romanım artıq yekunlaşmaq üzrədir. Bir də “Ruhumun sevgiyə ehtiyacı var” adlı şeirlər kitabım artıq çapa hazırlanır. 2011-ci ildə yalnız bu kitabları çap elətdirməyi düşünürəm. Məncə, bunların nəşrini bacarsam, kifayətdir. Həftəlik “Yeni Avropa” qəzetinin baş redaktoruyam. Eyni zamanda, firmaların birində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıram. Qəzetimizin internet saytının yaradılması ilə məşğulam. Gün ərzində o qədər bölünüb-parçalanıram ki, yazı masamın arxasına keçib yazmağa başlayanda sadəcə, xoşbəxt oluram. Xeyli yarımçıq işlərim var.

Ancaq bugünki yaradıcı gəncliyin ən böyük problemlərindən biri maddiyyat və mənzil problemidir. Yaşamaq qayğısında olan insan yazmağa çox az vaxt ayırır. Təbii ki, maddi problemlər yaradıcı insana çox ciddi mane olur.

- Mən səni daha çox şair kimi tanıyıram. Ancaq iki nəsr kitabın da var. Şeirdən nəsrə keçmək hansı ehtiyacdan yarandı?

- Şeir ruhun səsindən yaranır. Şairlər mənim anlamımda iki qrupa bölünür. Ruhunun səsi ilə yazanlar, texniki şeirlər yazanlar. Bu gün texniki şeir zamanı deyil. Əgər ruhuna bağlı bir şeir yazacaqsansa, qəbul olunacaq. Mən yeni sözün, yeni nəfəsin tərəfdarıyam. İlk povestim sənədli povestdir. Bir dənizçinin həyatından bəhs edir. İkinci povestimin də ilk oxucularından biri sən olmusan. “Ocaq yeri” povestim bir Azərbaycan ziyalısının həyatından bəhs edir. Bu kitab haqqında ilk tənqidi yazını da sən yazmısan. Demək olar ki məni “ağ yuyub, qara sərmisən”. Bu tənqidə görə sənə təşəkkür edirəm (gülür).

- Tənqiddən söz düşmüşkən, tənqidə münasibətin necədir?

- Əla. Çox gözəl. İstəyirəm ki, məni hamı tənqid eləsin.

- Deməli, demokratik yanaşırsan, tənqidə?

- Əlbəttə. Tərifdən xoşum gəlmir və özüm də heç kəsi tərifləmirəm. “Ocaq yeri” kitabım haqqında dövrü mətbuatda 30-dan artıq yazı yazılıb. Bir-ikisini çıxmaq şərti ilə çoxu tərif olub. Sevmirəm belə şeyləri. Mənim təriflənməkdən xoşum gəlmir. Əgər əsər haqqında tənqidi yazı yazılırsa, bu, inkişafa xidmət edir.

- Məncə, bütün şairlərin konkret oxucusu olur. Desək ki, biz milyonlar üçün yazırıq, səmimi çıxmaz. Sənin konkret hədəfin, konkret oxucun varmı? Şeirlərini kimin üçün yazırsan?

- Kim oxuyursa, ona yazıram. Mənim üçün belə bir norma yoxdur. Mənim oxucum ailəmdə, ocağımda, elimdə-obamdadır. Mən konkret oxucu üçün yazmıram.

- Son olaraq demək istədiyiniz bir söz varmı?

Böyük şairimiz Musa Yaqubun bir şeiri var:

 

Bəlkə də, borcundan çıxmadım vətən,

Ömür bahar deyil, bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki mən,

Çürüyüm, bir ovuc torpağın artsın.

 

Bu vətən üçün bir ovuc torpaq ola biləcəyəmsə, bu, mənə nəsib olacaqsa, ən böyük şair də elə mən olacam. Vətən üçün, Azərbaycan üçün, türk dünyası üçün çalışmaq çox önəmlidir. Oxuculara isə isə sevmək, sevilmək arzulayıram. Sevgi yaşa və zamana baxmır. Sevib-sevilmək olduqca şairin yazdıqlarına da tələbat olur. Sevənlər varsa, şairin oxucusu da var.

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.- 2011.- 3 mart.- S. 10.