«Qələbə qazananda çox xoşbəxt oluram»

 

Səlim Salmanov: «Hədəfim dünya çempionu olmaqdır»

 

Bu yaxınlarda Moskvada keçirilən Ciu-Citsu üzrə beynəlxalq turnirdə Azərbaycanın şərəfini Azərbaycan Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti və məşqçisi Əli Cəfərovun rəhbərliyi ilə 4 idmançı qoruyub.

85 kq çəki dərəcəsində ölkəmizin şərəfini qoruyan Səlim Salmanov turnirin ən yüksək mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafatlar verilən bu tədbirdə S.SalmanovQələbə əzminə görə” nominasiyasında mükafat qazanıb.

- Əvvəlcə səni qələbə münasibəti ilə təbrik edirik.

- Çox sağ olun.

- İdmanla nə vaxtdan məşğul olursan ?

- 2002-ci ildən idmanla məşğulam. Məndən başqa iki qardaşım da idmanla məşğul idi. Lakin müəyyən səbəblərdən onlar idmandan ayrıldılar. Mən isə peşəkar səviyyədə məşqlərimi davam etdirdim. Məni idmana gətirən İlqar müəllim olub. İlqar müəllimin yanında bir il məşq etdikdən sonra məşq etdiyimiz klub dağıldı. Sonra Niyazi Əliyevin məşqçiliyi ilə idman karyerama davam elədim. Bu günə qədər həm Cui-Cutsu üzrə Azərbaycan yığma komandasında, həm də Niyazi Əliyevin rəhbərliyi altında məşq edirəm. Şəxsi məşqçim Niyazi Əliyev, yığma komandada məşqçim Əli Cəfərovdur.

- İdmanda hansı uğurların olub?

- Uğurlarım çox olub. Dəfələrlə respublika çempionu olmuşam. “Tiblisi-Openturnirinin, müxtəlif beynəlxalq turnirlərin qalibi adını qazanmışam.

- İdmançıların təhsilə, mütaliəyə marağının olmadığını deyirlər. Sənin təhsilə, mütaliəyə münasibətin necədir?

- Hal-hazırda İdman Akademiyasında təhsil alıram. Öz gücümlə imtahanları verib tələbə adını qazanmışam. Mütaliə ilə məşğul olmağa vaxtım qalmır. Şeir kitablarını mütaliə eləməyi çox xoşlayıram. Boş vaxtım olanda musiqi dinləyirəm.

- Yarışlarla bağlı, hansı planlar var?

- Aprel ayında Fransada “Paris-Open” turniri, iyul ayında da Sloveniyada Avropa çempionatı keçiriləcək. İstəyirəm ki, bu yarışlarda da qələbə qazanım.

- Moskvadakı turnirdən danışardın. Necə keçdi?

- Turnirdə beş döyüş keçirmişəm. İkinci döyüşüm dünya çempionu ilə oldu. Moskva idmançısı idi. Tam üstünlüklə qələbə qazandım. Finalda Avropa çempionu ilə qarşılaşdım. O da milliyyətcə rus idi. Finaldakı rəqibim, eyni zamanda, Beynəlxalq Ciu-Citsu Federasiyasının prezidentinin oğlu idi. Bütün bunlara baxmayaraq mən qalib gəldim.

- Çempion olduqdan sonra zalda Azərbaycanın himni çalınır, bayrağımız qaldırılır. Bax həmin məqamda hansı hissləri keçirirsən? - Bu hisslər çox gözəldir. Bunu ifadə eləmək, sözə çevirib sizə çatdırmaq çox çətindir. Qələbə hissi çox böyük gözəl hissdir. Qələbə qazananda çox xoşbəxt oluram.

- Qarabağ problemi bir idmançı, Azərbaycan gənci kimi səni düşündürürmü?

- Hər bir Azərbaycan gənci kimi mən Qarabağ probleminin tezliklə həll olunmasını istəyirəm. Əgər bu gün Ali baş komandanımız müharibə əmri verərsə, mən döyüşməyə hazıram. Mən əslən Füzuli rayonundanam. Bir vətəndaş, bir qarabağlı idmançı kimi hər zaman prezidentimizin verəcəyi əmirləri icra etməyə, döyüşməyə hazıram.

- Həmyaşıdlarına arzulayardın?

- İdman insanı yanlış həyat tərzindən uzaqlaşdırır. Mən bir idmançı kimi həmyaşıdlarıma idmanla məşğul olmağı tövsiyə edirəm. İdman insanın həm ruhunu, həm bədənini möhkəmləndirir. Eyni zamanda, zərərli vərdişlərdən uzaq olursan. Məhz bütün bu gözəlliklərə görə idmanla məşğul olmaq çox gözəldir.

- Gələcəklə bağlı düşünürsən?

- Hədəfim dünya çempionu olmaqdır. Dünya çempionu olduqdan sonra məşqçi kimi fəaliyyət göstərmək, idmançı yetişdirmək barədə düşünürəm.

 

 

Ayhan

 

Mərkəz.- 2011.- 4 mart.- S.14.