«İnsan alverinin arxasında kişilər durur, amma qadınlar cəzalandırılır»

 

İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin 2010-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 183 cinayət faktı qeydə alınıb. Bu barədə qurumun 2010-cu ildə gördüyü işlərə dair yaydığı arayışda deyilir. Sənəddə bildirilir ki, onlardan 70-i insan alveri,1-i məcburi əmək, 3-ü seksual hərəkətlərə məcbur etmə, 2-i yetkinlik yaşına çatmayanları fahişəliyə ya əxlaqsız əməllərə cəlb etmə, 5-i pornoqrafik materialları ya əşyaları qanunsuz yayma, 63-i fahişəliyə cəlb etmə, 77-i isə əxlaqsızlıq yuvaları saxlama ilə bağlı olub. “İnsan alveri cinayətilə bağlı 70 cinayət faktı qeydə alınıb, cinayətləri törətdiklərinə görə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. Bu müddət ərzində keçirilmiş tədbirlər nəticəsində 8 cinayətkar qrup aşkar olunub. İctimai mənəviyyata zidd hərəkətlərə yol verdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 308-ci maddəsi ilə 109 nəfərə inzibati protokol tərtib edilib, dövlət nəfinə 4.251 manat pul ödətdirilib”, - deyə arayışda qeyd olunur.

İdarə tərəfindən müəyyən edilib ki, 34 qurbandan 27-si sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbi psixoloji yardımlar göstərilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq baxçasına yerləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.

Qaynar xəttxidmətinə 2010-cu ildə müxtəlif məsələlərlə bağlı 13.699 məlumat daxil olub, onlardan 15-i insan alverindən zərər çəkmiş ehtimal olunan şəxslər barədə, 1.436-sı xaricdə işə düzəlmə ilə bağlı, 651-i xaricdə təhsil alma, 82-si xarici vətəndaşla nikah bağlama, 9.376 məlumat isə digər məsələlərlə əlaqədar olub. Zəng etmiş abonentlərə müvafiq məsləhətlər verilib.

Göründüyü kimi, quldarlıq dövrü çoxdan başa çatsa da, insanların qul kimi alınıb-satılması faktlarına bu gün rast gəlinir.

Qeyd edək ki, insan alveri 1807-ci ildə Böyük Britaniyada, 1808-ci ildə isə ABŞ-da qadağan olunandan sonra, 1926-cı ilin sentyabrın 25-də Cenevrə Konvensiyası ilə dünyanın bir neçə aparıcı dövləti birlikdə bu problemlə mübarizəyə qoşulublar. Amma birgə səylər insan alverinin geniş vüsət almasını əngəlləyə bilməyib. Ona görə 1956-cı il sentyabrın 7-də Cenevrə Konvensiyasına əlavədən sonra bu sənədə qoşulan dövlətlər insan alveriylə daha mütəşəkkil şəkildə məşğul olmağa başlayıblar.

Azərbaycanda isə insan alveri probleminin mövcudluğu rəsmi şəkildə 2003-cü ildə təsdiqlənib. Həmin ilin may ayının 6-da prezidentin fərmanı ilə Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul olunub. Avqust ayının 4-dən isə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə haqqında qanun qüvvəyə minib. Ölkədə insan alverinə qarşı mübarizə aparılsa da, QHT rəhbərləri mübarizənin hələ ki, effektli olmadığını söyləyirlər.

 

İnsan alverçilərinə yüngül cəza verilir

 

Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Əlövsət Əliyev deyir ki, indiyədək insan alveri ilə məşğul olan mütəşəkkil, transmilli cinayətkar qruplar aşkar edilsə , onların himayədarları hələ məsuliyyətə cəlb olunmayıb. Onun sözlərinə görə, bu növ cinayətlərin istər ibtidai istintaqda, istərsə məhkəmə baxışında araşdırılması zamanı insan alveri əməli ilə paralel törədilən cinayət əməllərinə qiymət verilmir: «Cinayət işlərinin nəzarət icraatlarının məhkəmə hökmlərinin öyrənilməsi göstərir ki, insan alveri qurbanlarının zərərçəkmiş şəxs kimi tanınmasına səbəb, onların ancaq cinsi istismara məruz qalması olub. Faktiki isə bu cür cinayət törətməkdə təqsirləndirilən şəxslər qurbanların cinsi istismarı cinayəti ilə bərabər, bəzən qurbanlara saxta sənədlərin düzəldilməsi verilməsi, qurbanlara qarşı əxlaqsız hərəkətlərin edilməsi, onların döyülməsi, narkotik maddələrin əldə edilməsi, saxlanmasına, qəbuluna məcbur edilməsi s. bir çox cinayətlər törədilir. Ancaq DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinində aparılan cinayət işlərinin istintaqı zamanı bu faktlar nəzərə alınmır».

Mərkəz rəhbərinin dediyinə görə, işlərə baxılan zaman məhkəmələr də eyni mövqeni tutur. Bu cinayəti törətmiş şəxslərin, eyni zamanda, həmin əməllərə görə məsuliyyətə cəlb olunmaması insan alverinə qarşı aparılan mübarizənin effektivliyini azaldır, cinayət törətmiş şəxslərin yenidən həmin cinayəti törətmələrinə şərait yaradır.

 

Qadın alverinin başında duran kişilərdir

 

Ə.Əliyevin sözlərinə görə, daha bir nöqsan insan alveri cinayətinin qrup şəklində törədilməsinin nəzərə alınmamasındadır: «İnsan alveri, yəni şəxsin alqı-satqısı cinayətləri təbii ki, daha çox qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə, daha çox isə transmilli cinayətkar birliklər tərəfindən törədilir. Ölkəmizdə isə bu il bu sahədə 8 cinayətkar qrup aşkarlanıb. Mütəşəkkil qrupun üzvlərinin bir neçə ölkə ərazisində fəaliyyətini, bu cinayətdən gələn gəlirlərin həddən artıq yüksək olmasını, eyni zamanda, bəzi hallarda fiziki zorun tələb olunmasını nəzərə alsaq, bu cinayətin təşkilatçılarının birmənalı olaraq kişilər olması inkar olunmazdır. Amma bir qayda olaraq qadınların məsuliyyətə cəlb edilməsi ölkədə bu cinayətlərə qarşı mübarizənin qeyri-effektivliyinin, ibtidai istintaqa prokuror nəzarətinin olduqca aşağı olmasının göstəricisidir. Qonşu ölkələrdən Rusiya Federasiyasının təcrübəsinin öyrənilməsi zamanı müəyyən olunub ki, insan alveri cinayətlərə görə məsuliyyətə cəlb olunanların 56-58 faizini kişilər təşkil edir. Ölkəmizdə bu cinayətlərin təşkilatçılarının daha çox qadınlar olması təbii ki, real deyil. Əslində, bu məqsədli şəkildə edilir. Çünki məhkəmələr tərəfindən qadınlara daha yüngül cəza təyin olunur. Ona görə də cinayətkar qrupun qadın üzvlərinin məsuliyyətə cəlb olunması faktlarına üstünlük verilir. 2006-cı ildə cinayət məsuliyyətinə cəlb olunan 58 nəfərdən 11 nəfərinin kişi, 47 nəfərinin isə qadın olması bunun canlı sübutdur".

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da insan alveri qurbanlarının dövlət xətti ilə reabilitasiya reinteqrasiyasının aparılmasından razı deyil. Onun sözlərinə görə, belə olduqda insan alveri qurbanları yenidən qurbana çevrilir. Ailəyə qayıtdıqdan sonra isə öldürülür. M. Əzizova deyir ki, ölkə daxilində də insan alverinin qurbanına çevrilənlər çoxdur. Amma qanunla yalnız xarici ölkələrə satılanlar insan alveri qurbanları sayılır. M.Əzizovanın sözlərinə görə, ölkədaxili bu alverin qurbanına çevrilənlərin statistikası aparılsa, say ,nəinki 34-ü, hətta 334-ü keçər.

 

 

Zülfiyyə QULİYEVA

 

Mərkəz.- 2011.- 4 mart.- S.8.