Kremlin Soçi planı…
Yaxud Medvedyevin
olimpiada hazırlıqlarına dair bəzi qeydləri
Martın 5-də Azərbaycan və
Ermənistan prezidentləri Rusiya dövlət başçısının
vasitəçiliyi ilə bir araya gəliblər. Soçidə keçirilən
görüşdə İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli
prosesini müzakirə
ediblər. Müzakirələrin nəticəsi olaraq bəyanat qəbul edilib. Bəyanatda deyilir:
Azərbaycan, Ermənistan
və Rusiya prezidentləri
martın 5-də Soçidə
görüşərək Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinin
gedişini və perspektivlərini hərtərəfli
müzakirə ediblər. 2010-cu il oktyabrın 27-də Həştərxanda qəbul
edilmiş üçtərəfli
bəyanatın praktiki
reallaşdırılması məsələlərini
nəzərdən keçirən prezidentlər həmin bəyanatda
nəzərdə tutulan tədbirlərə
əlavə olaraq bu addımlar barədə
razılığa gəliblər.
1.
Hərbi əsirlərin dəyişdirilməsini ən
qısa müddətdə başa çatdırmaq;
2.
Bütün mübahisəli məsələləri dinc vasitələrlə
həll etmək və atəşkəs xətti boyunca yarana
biləcək insidentləri tərəflərin
iştirakı ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin
himayəsi altında, təşkilatın fəaliyyətdə
olan sədrinin xüsusi nümayəndəsinin köməyi
ilə təhqiq etmək.
Prezidentlər
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi
məsələlərinə dair özlərinin müntəzəm
əlaqələrinin böyük əhəmiyyət kəsb
etdiyini qeyd edib və ATƏT-in Minsk qrupunun həmsədrlərinin
işinə əlavə olaraq bu formatda əlaqələri
davam etdirmək barədə razılığa gəliblər.
Görüşü
şərh etmək üçün müraciət etdiyimiz
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü
Svetlana Bayramova bildirdi ki, görüşün Azərbaycan
üçün taleyüklü əhəmiyyətli
olacağını o, əvvəlcədən də
düşünmürmüş: «Məlum olduğu kimi, bu
cür görüşlərin sayı çox olub. Hər dəfə
də bu görüşlərə bəslənən
ümidlərin doğru olmadığı ən azı
görüş iştirakçılarının
keçirdikləri mətbuat konfranslarından məlum olub. Şübhəsiz
ki, orada pərdəarxası da müəyyən proseslər
baş verib. Bizim bilmədiyimiz müəyyən məsələlərə
də orada münasibət bildirilib. Amma bu fikirdəyəm ki,
görüş Azərbaycan üçün tarixi əhəmiyyətli
görüş olmayıb».
Qeyd edək ki, ötən ilin qışında da Soçidə üç
prezidentin görüşü
keçirilmişdi. Bu
il də qış
vaxtı belə bir görüşün
təşkil edilməsi 2014-cü ildə
Soçidə qış olimpiya oyunlarının keçirilməsi
baxımından diqqətdən qaçmır. S.Bayramova dünya mediasına istinad edərək bildirdi ki, xarici
mətbuat bu görüşlərin mütəmadi
olaraq Rusiya prezidentinin şəxsi marağı və
iştirakı ilə keçirilməsini ABŞ-ın, o cümlədən Qərbin Dağlıq Qarabağ
məsələsinə diqqətinin
azalması kimi izah edir: «Əslində, bu,
belə deyil. Soçi Qafqaza yaxın bir regiondur. Soçi həm
Ermənistan prezidenti, həm
də Azərbaycan prezidenti
üçün görüş
keçirmək baxımından çox əlverişli bir yerdir. Bu gün Soçi
şəhərinin adının
yaxşı mənada hallanmasında Medvedyevin
təbii ki, xüsusi marağı var. Çünki Soçidə olimpiya
oyunlarının keçirilməsinə cəmi 3 il qalmasına baxmayaraq hələ də dünya
Soçi olimpiya
oyunları ilə bağlı müəyyən
narahatlıqlar keçirir. Ümumiyyətlə,
bu gün Qafqaz dünyanın qaynar nöqtələrindən
biridir. Soçinin lap yaxınlığında
baş verən hadisələr olimpiya oyunlarının əmin-amanlıq
şəraitində keçirilməsinə təminat vermir. Bu mənada
Medvedyev özü də Soçiyə tez-tez
səfərlər edir,
hətta orada regional müşavirələr də keçirir.
Bütün bunlarla dünyaya nümayiş etdirmək istəyir ki,
ümumiyyətlə, Rusiya ərazisində
tam əmin-amanlıqdır. Rusiya Qafqaza nəzarəti öz əlində
saxlaya bilir. Bu, onun əlində
çox ciddi kozıra çevrilə
bilər. Buna görə
də, nəinki Soçi, ümimiyyətlə,
bu gün Rusiyanın beynəlxalq imici ilə bağlı heç bir narahatlıq ola bilməz. Amma biz bilirik ki,
əslində, bu, belə
deyil. Bu gün Dağıstan od içində yanır.
Rusiya Çeçenistanda
nəzərdə tutduğu
məqsədlərin heç
birinə nail ola bilmədi.
Bu gün Osetiyada vəziyyət o qədər də
yaxşı deyil. Rusiya
ilə Gürcüstanın münasibətləri
də qənaətbəxş sayıla bilməz. Hər ikisi Qara dəniz
ölkəsi olduğu üçün
bu məsələ çon
dərəcə böyük
əhəmiyyət daşıyır. Mənə elə gəlir
ki, bu mənada
Soçi görüşü
də Medvedyevin növbəti manevridir».
«Atlas»
Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Elxan
Şahinoğlu da 5 mart görüşündə sensasiya
baş vermədiyi, Azərbaycan və Ermənistan
prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə
dair əvvəlki fərqli mövqelərdə
qaldıqlarını vurğuladı. Onun
fikrincə, prezidentlərin Soçidə imzaladığı birgə
bəyanat da konkret məna ifadə etmir: «İki maddəlik bəyanatın
birinci maddəsində
deyilir ki, tərəflər hərbi
əsirlərin dəyişdirilməsini ən qısa müddətdə
başa çatdırmalıdır. Bundan öncəki Həştərxan bəyanatında
da eyni sözlər
yer almışdı, ancaq
sənəd ala-yarımçıq yerinə yetirildi.
Kim zəmanət verər
ki, budəfəki bəyanat yerinə yetiriləcək? Soçi bəyanatının
ikinci maddəsində vurğulanır ki, tərəflər bütün mübahisəli məsələləri
dinc vasitələrlə
həll etməyə səy göstərməlidirlər.
Cümlənin sonundakı «səy göstərməlidirlər»
ifadəsi məcburi xarakter
daşımır. Əslində, qarşı duran
tərəflər münaqişəni
dinc yolla «səy göstərməyə»
çalışsaydılar, problemin həlli bu qədər
uzanmazdı. Məncə, bu kimi görüş və
ortaq bəyanatlar danışıqların
imitasiyasından başqa bir
şey deyil. Dmitri Medvedyevin
iştirakı ilə 2008-ci ildə Moskva ətrafındakı Mayndorf
qəsrində Azərbaycan və Ermənistan prezidentlərinin
imza atdıqları bəyanata görə tərəflər
münaqişənin yalnız dinc yolla həllinə boyun olurdular. Aradan 3 il keçib və bu müddətdə
cəbhə bölgəsində atəşkəsin
pozulması halları daha da
intensivləşib. Əslində, hər bəyanatda
«münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur» kimi ifadələrin hədəfi Azərbaycan Prezidenti İlham Əliyevdir.
Çünki görüşlərdə
iştirak edən 3 prezidentdən
yalnız İlham Əliyev
ictimaiyyət qarşısındakı
açıqlamalarında müharibə variantından
danışır. Həmkarları ilk növbədə onu yola gətirməyə
çalışırlar. Ancaq bu kimi görüş
və ortaq bəyanatlar
Azərbaycan prezidentini müharibə
açıqlamalarından
yayındırmır. Azərbaycanın hərbi büdcəsi
artır, yeni silahlar
alınır, silah zavodları
modernləşdirilir...»
E.Şahinoğlu da düşünür ki, D.Medvedyevin məhz qış aylarında azərbaycanlı
və erməni həmkarlarını Soçi
şəhərinə dəvət
etməsinin, ötən il olduğu
kimi bu il
də proqramın dəyişməz
qalmasının, prezidentlərin əvvəlcə rəsmi görüş keçirərək, sonra qeyri-rəsmi şəkildə dağ kurort kompleksində xizək sürmələrinin
arxasında 2014-cü ildə Soçidə keçiriləcək
qış olimpiadası dayanır: «Rusiya hakimiyyəti olimpiadaya ciddi hazırlaşır, yeni
kompleks və stadionlar tikilir, şəhərciklər salınır. Ancaq bu nəhəng
işlərin fonunda Kremli
narahat edən ciddi amil var ki,
bu da təhlükəsizlikdir.
Ardıcıl olaraq iki
ildir Soçidə təşkil olunan görüşlərdə
məqsəd bölgənin təhlükəsiz
olduğunu dünyaya nümayiş etdirmək məqsədi
daşıyır».
Səxavət HƏMİD
Mərkəz.- 2011.- 8 mart.-S.5.