Azərbaycan
qış turizmi ölkəsinə çevrilir
İlham Əliyev: “Şahdağ
Qış-Yay Turizm Kompleksi ölkəmizdə dağ xizək
və digər qış idman növləri ilə məşğul
olmaq üçün geniş imkanlar yaradacaq”
Dünyada
əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm və onunla
bağlı iqtisadiyyat sahələrində
çalışır. Bəs, Azərbaycanın turizm
imkanları necədir, qış turizmi hansı perspektivlər
vəd edir.
Zəngin
mədəni-tarixi irsə və əlverişli təbii şəraitə
malik olan Azərbaycan turizm sahəsində böyük
inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə
turizmin əksər növlərinin kənd, müalicə-sağlamlıq,
ekoloji, mədəni, sosial və s. inkişafı
üçün geniş imkanlar mövcuddur.
Azərbaycanda
2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət
Proqramının həyata keçirilməsi nəticəsində
turizmin inkişafı üçün münbit şərait
yaradılıb. Beynəlxalq turizm bazarına inteqrasiyanın təmin
olunmasının əsası qoyulub, eyni zamanda milli turizm
kompleksinin rəqabətə davamlılığı yüksəlib.
2002-ci
ildə ölkədə fəaliyyət göstərən
mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
94 olduğu halda ötən dövr ərzində onların
sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə
ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə
təxminən üç dəfə çoxdur. Bildiyiniz
kimi, turizm sahəsində çalışanların peşə
hazırlığının artırılması məqsədi
ilə 2006-cı ildə Turizm İnstitutu yaradıldı. Onun
nəzdində isə müxtəlif peşələr üzrə
daimi fəaliyyət göstərən kurslar
açılıb.
Əvvəllər
Azərbaycanda cəmi 3-4 turizm şirkəti var idi. Hazırda
isə 300-dən çox turizm şirkəti fəaliyyət
göstərir. Onlar arasında artıq rəqabət də
güclənir.
2002-ci
ildən başlayaraq, hər il Azərbaycanda beynəlxalq
turizm sərgisi təşkil olunur. Görülən kompleks
işlərin nəticəsi olaraq ölkəyə gələn
turistlərin sayı ilbəil artmaqla yanaşı, ölkədə
fəaliyyət göstərən turizm şirkətləri
şəbəkəsi genişlənir. Hazırda respublikada
123-dən çox turizm müəssisəsi lisenziya əsasında
fəaliyyət göstərir.
“Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” ölkədə
turizmin rastlaşdığı problemlərin həll
olunması və turizm sahəsinin daha da inkişafının
təmin edilməsi üçün hazırlanıb.
Məlum
olduğu kimi, bu il Azərbaycanda “Turizm ili” elan olunub.
Hazırda xarici ölkələrdən turistləri cəlb
etmək üçün tədbirlər görülür.
Xarici ölkələrdə Azərbaycanın turizm
imkanları ilə bağlı ciddi təbliğat
aparılır. Bunun ilk növbədə ölkəmizin
büdcəsinə xeyri var.
Azərbaycan
üçün turizmdə ən böyük bazar Rusiya və
keçmiş SSRİ respublikaları ola bilər. Qeyd edək
ki, Türkiyəyə gedən turistlərin 70 faizi ruslar və
ukraynalılardır. Dünyanın bütün ölkələrində
rus turistləri kütləvilik təşkil edir.
Cənub
ölkələrindən isə turistlər əsasən
qış turizminə üstünlük verirlər. Azərbaycanda
bu sahədən də gəlir götürmək
üçün böyük imkanlar var. İndiyədək
bizdə qış turizmi yox idi, turizm yalnız yay
mövsümünə uyğun qurulurdu. İndi isə,
Şahdağda böyük qış turizmi kompleksi
yaradılır.
Bir
neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev
idmanın və turizmin inkişafı istiqamətində həyata
keçirilən geniş infrastruktur layihələrindən
biri olan Şahdağ Qış-Yay Turizm Kompleksinin 2 nömrəli
kanat və xizək enişinin açılışında
iştirak etdi.
Dövlət
başçısının da qeyd etdiyi kimi, bu dağ-xizək
kurortunun fəaliyyətə başlaması nəticəsində
burada minlərlə yeni iş yerləri açılacaq,
insanlar işlə təmin olunacaqlar. Şimal zonasının
inkişafı üçün bu kurortun çox böyük
önəmi var. Qusar, Quba və ətraf rayonlarda yaşayan vətəndaşlar
işlə təmin olunacaq, burada ən yüksək xidmət
təşkil ediləcək. Kompleksdə müasir hotellər,
əyləncə yerləri tikilir.
Prezident
qeyd edib ki, bu kompleksin yaradılması üçün
dünyanın ən qabaqcıl təcrübəsi öyrənilib,
ən inkişaf etmiş ölkələrin dağ-xizək
imkanları araşdırılıb və burada ən
qabaqcıl texnologiyalar, ən gözəl təcrübə tətbiq
olunur.
Qeyd
edək ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin
inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Prezident İlham Əliyevin
birbaşa tapşırığı ilə Qusar şəhərindən
30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində
yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində
inşaat işləri yüksək standartlara uyğun olaraq həyata
keçirilir.
Şahdağ
Milli Parkının ərazisində salınan bu kompleksin
tikintisi ölkəmizdə dağ xizək və digər
qış idman növləri ilə məşğul olmaq
üçün geniş imkanlar yaradacaq. Kompleksdə tikinti
işlərini yerli və xarici mütəxəssislərdən
ibarət briqadalar yerinə yetirirlər.
Qeyd
edək ki, bu ilin sonunadək bu gözəl kurortun
açılışı gözlənilir. Əslində, bu,
böyük tarixi hadisədir. İlk dəfə olaraq Azərbaycanda
dağ-xizək kurortu yaradılır. Birinci mərhələdə
bütün investisiyalar dövlət tərəfindən
qoyulur. Yollar, elektrik, qaz, su xətləri, infrastuktur, birinci
mehmanxana dövlət tərəfindən yaradılır.
Şübhə yoxdur ki, gələcək illərdə bura əlavə
investisiyalar qoyulacaq. Nəticədə Azərbaycan dünyada
həm də qış turizmi ölkəsi kimi tanınacaq.
Elçin
Bayramlı
Mərkəz.- 2011.- 8 mart.- S.11.