Ölümün fövqündə dayanan aktrisa

 

Martın 10-da xalq artisti, unudulmaz gülüş ustası Nəsibə Zeynalovanın xatirə günüdür. N.Zeynalova 1916-cı ildə, aprelin 20-də Azərbaycanın teatr fədailərindən olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açıb.

1941-ci ildə Teatr Texnikumunu bitirib Musiqili Komediya Teatrında işləməyə başlayan aktrisanın yaradıcılığının ən parlaq dövrü 60-cı illərə təsadüf etdi. O, Musiqili Komediya Teatrının səhnəsində, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarların tərəf-müqabili oldu. Bu teatrın səhnəsində tamaşaya qoyulan "Sevindik qız axtarır" əsərində Xeyransa, "Həmişəxanım"da Həmişəxanım, "Beşmanatlıq gəlin"də Gülnaz, "Gözün aydın"da Nargilə, "Keto və Kote" də Kabato, "Qızılaxtaranlar"da Rəxşəndə kimi obrazlar yaradıb. Nəsibə Zeynalova filmlərdə də yadda qalan obrazlar yaradıb. "Hicran"da Qızbacı, "Qayınana"da Cənnət, "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "Altı qızın biri pəri"də Cəhrə qarı, "Ulduz"da Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutub. Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə çevrilib.

Nəsibə Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda da böyük miqyasda açılıb. Aktrisa "Qayınana", "Ulduz" kimi ekran əsərləri istisna olmaqla, kinoda əsasən kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan, baxımlı etməyi bacarırdı. "Ögey ana", "Böyük dayaq", "Bizim Cəbiş müəllim", "Qanun naminə", "Bəyin oğurlanması", "Mən mahnı qoşuram", "Qorxma, mən səninləyəm", "Yuxu" və başqa filmlərdə Nəsibə Zeynalovanın yaratdığı obrazlar tamaşaçıların yaddaşında silinməz izlər buraxıb. Aktrisanın bütün obrazlarına nəzər saldıqda görürük ki, Nəsibə Zeynalovanın aktyor sənəti üçün zəngin mimika, obrazı ən xırda incəliklərinədək açmaq bacarığı, milli kolorit, yüksək improvizə qabiliyyəti səciyyəvidir.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.-10 mart .-S.11.