138
yaşlı teatrımızın günü…
Bu
gün teatrımızın günüdür. Bəli, Azərbaycan
teatrının nə az, nə çox, düz 138 yaşı
tamam olur. Bilənlər bilir, bilməyənlərin nəzərinə
çatdıraq ki, Azərbaycanın milli teatr tarixi 1873-cü
ildən başlanır. Həmin il martın 10-da
Bakının Realnı Məktəbinin tələbələri
M. F. Axundovun «Lənkəran xanının vəziri» pyesini səhnələşdiriblər.
Dövrünün maarifçisi Həsən bəy Zərdabi
ideyanın müəllifi, dramaturq Nəcəf bəy Vəzirovsa
tamaşanın rejissoru olub. Tamaşa xeyriyyəçi Cahangir
Zeynalova məxsus binada nümayiş etdirilib. Sonradan Cahangir
Zeynalov həmin binanı aktyorlara bağışlayıb. Elə
həmin səhnədə ilk Azərbaycan operası -
Üzeyir Hacıbəyovun «Leyli və Məcnun»u səhnələşdirilib.
Orkestrə yazıçı Əbdürrəhim bəy
Haqverdiyev dirijorluq edib. Qərb müəlliflərinin əsərlərinə
isə 1904-cü ildən etibarən müraciət olunub. Qısası
milli teatrımız uzun, incə bir yol keçərək 138
yaşına gəlib çatıb. 138 yaşlı
teatrımızın bugünkü mənzərəsinə bu
peşənin içində olan sənətkarlarla birgə
baxmağa çalışacağıq…
Nikbin baxış
Teatrşünas
Məryəm Əlizadə teatrımızın bu
gününə nikbin nəzərlərlə baxır. Dediyinə görə,
son 3-4 il ərzində milli teatr tərəqqi edərək,
dünya teatr təcrübəsinə yaxınlaşmaq ərəfəsinə
qədəm qoyub. Mütəxəssis buna dövlət dəstəyi
nəticəsində nail olduğumuzu qeyd edir: «Dünyanın
heç bir ölkəsində teatra bizim ölkədə
olduğu qədər dövlət qayğısı göstərilmir.
Baxın, son illər ərzində nə qədər teatr
binası yüksək səviyyədə təmir, eyni zamanda,
dünya standartlarına cavab verə bilən texniki
avadanlıqlarla təmin olunub. Keçmiş sovet ölkələri
arasında yeganə ölkə Azərbaycandır ki, burada
teatrla bağlı qanun qəbul olunub». Prezidentin son illər
teatrla bağlı imzaladığı sənədləri
xatırladan teatrşünasın sözlərinə görə,
bunun qarşılığı olaraq teatr işçiləri
də üzərilərinə düşən böyük məsuliyyətin
öhdəsindən gəlməlidirlər. M.Əlizadə onu
da qeyd etdi ki, bü gün bütün dünyada teatr sahəsində
irəliləyişlər, sıçrayışlar baş
verməkdədir. «Dünyada baş verən bu yeniliklərə
Azərbaycan teatrları da qoşulmalıdır. Mən inanıram
ki, bu prosesdən geridə qalmayacağıq», - deyən M.Əlizadə
Azərbaycanda Ədil İsgəndərov, Mehdi Məmmədov,
Tofiq Kazımov kimi görkəmli rejissorların
davamçılarının bu gün də olduğundan fəxarət
hissi keçirdiyini dilə gətirdi: «Bu gün
teatrlarımızda Ağakişi Kazımov, Bəhram Osmanov, Cənnət
Səlimova, Vaqif İbrahimoğlu kimi görkəmli
rejissorlarımız var. Onların davamçıları isə
Vaqif ibrahimoğlunun rejissor laboratoriyasında yetişir. Bu
gün teatrlarımızda yaradılan studiyaların da fəaliyyətini
yüksək qiymətləndirən teatrşünas həmin
studiyaların «şinel»indən istedadlı gənc aktyor,
rejissor nəslinin çıxacağına ümid edir.
Problem
yoxdur…
Akademik Milli Dram Teatrının aktyoru,
xalq artisti Hacı İsmayılov da yalnız uğurlardan
danışdı: «Milli teatrımızın 138-ci ildönümünü
yalnız xoş ovqatla qarşılayıram. Hər şey
gözəldir: dövlətin dəstəyi sayəsində
teatrlarımız əla təmir olunub, onların nəzdində
studiyalar açılır, bir-birindən gözəl
tamaşalarımız oynanılır. Şükür Allaha,
Akademik Milli Dram Teatrı da sabah (bu gün-red)
qapılarını tamaşaçıların üzünə
açacaq». Ümumiyyətlə, Azərbaycan teatrının
son illər yüksək inkişaf etdiyini deyən aktyor bayram
günündə özünə və həmkarlarına
çoxlu rol arzuladı. «Bizə rol verilsin, oynayaq, qalan hər
şey düzələr», - deyən Hacı İsmayılov
aktyorlar üçün bundan böyük hədiyyə
olmadığını dedi.
Lap pis
gündə deyil…
Azərbaycan teatrının
güclü ənənələrinin olduğunu deyən
dramaturq Firuz Mustafa bildirdi ki, teatrımız lap da pis gündə
deyil, normal vəziyyətdədir: «Amma teatrımızın
keçmiş ənənələrini də yaşatmaq və
inkişaf etdirmək lazımdır. Bu mənada problemlər
var. Özü də bu problemlər bir-biri ilə sıx
bağlı olan məsələlərdir». Dramaturqa görə,
ən böyük problemlərdən biri tamaşaçı
məsələsidir. Dediyinə görə, Azərbaycan
tamaşaçısının yetişməsi prosesi ləng
gedir. Digər tərəfdən, rejissorların yetkinləşməsi
və yetişməsi prosesinin ləngidiyini deyən Firuz
Mustafa bildirdi ki, əslində bu problem dünya teatrlarından
da yan keçmir. Eləcə də dramaturq, aktyor nəslinin
yetişmədiyindən gileylənən dramaturq bu problemin həlli
yollarını da göstərdi: «Bu gün əksər
teatrlarda 20 yaşlı qız rollarını 45-50
yaşında aktrisalar oynayır. Eləcə də kişi
rollarını. Çünki aktyor nəsli yetişmir. Bunun
üçün teatrların nəzdində studiyalar
yaradılmalıdır. O studiyalara istedadlı gənclər cəlb
olunmalı və onlar üçün normal şərait
yaradılmalıdr. Əks halda, rejissorlar cavan rollar
üçün qocaları seçməli olacaqlar».
Firuz Mustafa rejissor və
dramaturqların bir-birini qarşılıqlı şəkildə
ittiham etdiyini bildirdi. Dediyinə görə, dramaturq rejissoru
yaxşı tamaşa hazırlamamaqda, rejissor isə dramaturqu
yaxşı əsər yazmamaqda suçlayır: «İstər-istəməz
sual yaranır. Əgər yerli dramaturqların əsərləri
rejissorları qane etmirsə, dünya klassiklərindən
qoyulan hansı əsər anşlaqla keçib?»
… Firuz Mustafanın sözünə
qüvvət, doğrudan da Azərbaycan teatrının
yaşına görə, xeyli yaxşı ənənələri
olub. Sanballı dramaturgiyası, məktəb səviyyəsində
güclü rejissurası, müqtədir aktyorları milli
teatrımızın başını həmişə uca
edib. Amma bu gün vəziyyət heç də ürəkaçan
deyil. Göstərilən bu qədər dövlət dəstəyinin
müqabilində teatrımız yerində sayır. Nə isə…
Bayram əhvalınızı təlx etmək məqsədimiz
olmadığından problemlərin ucundan tutub, ucuzluğa getmək
fikrində də deyilik. Odur ki, gününüz mübarək
teatr adamları!
Yeri gəlmişkən, bu gün
Akademik Milli Dram Teatrı «Hökmdar və qızı»
tamaşası ilə öz qapılarını
tamaşaçıların üzünə açacaq.
Cəvahir
SƏLİMQIZI
Mərkəz.-2011.- 10 mart.- S.11.