«Sözü adiləşdirmək
günahdır»
Ədəbiyyat adlı intəhasız
yolun yolçularına
hər zaman qəhrəman kimi
baxmışam. Bu yolun
çətinliklərinə baxmayaraq özünü bu yola həsr
etməyi bacaranlara qəhrəman da demək olar. Yazar Elnaz
Eyvazlı da bu yolu haqqıyla getməyi bacaran
qələm adamıdır. Haqqında böyük qələm adamları xoş sözlər yazsa da, o hər
zaman təvazökarlığını
saxlamağı bacarır.
8 Mart
Qadınlar Günü
ərəfəsində Elnaz xanımla görüşəndə
təvazökarlığından müsahibə vermək istəməsə
də, israrımdan sonra qəzetimizin
daimi oxucusu kimi müsahibəyə
razılaşdı. Ədəbiyyatımız və şəxsi
yaradıcılığı haqqında maraqlı söhbətimiz
alındı.
(əvvəli
ötən sayımızda)
- Qadın ruhunun azadlığını boğmaq
mümkündürmü? Ümumiyyətlə,
qadın azadlığından danışanların istəkləri
bir qadın kimi sizə çox görünmür ki?
- Əvvəla, azadlıq insan ruhuna məxsus
bir şeydir,
kişi-qadın fərq etməz. İnsan
ruhən kifayət qədər
azaddırsa, onu heç
nə ilə boğmaq
mümkün deyil. Necə
olsa, özünü büruzə verəcək, gec,
ya tez. O ki qaldı qadın
azadlığına, bu azdlıqdan
danışanların istəklərinə…
mən bilmirəm axı bu azadlığı hansı
qadın nədə görür. Qadın var ki, azadlığı gündə bir kişini “sevmək”də görür, ona necə haqq
verə bilərəm?.. Qadın var, cəmiyyət içində qəhqəhə çəkib
gülməyi, siqaret çəkməyi, içki içməyi azadlıq hesab edir və
təbii ki, onların
gözündə mən ömürlük
dustağam. Ruhi
azadlıq əvəzssiz bir şeydir ancaq. Elə
qadınlar var ki, istədiyini
geyinir, istədiyi hərəkəti edir, amma onun düşüncələri,
ruhu azad deyil. Nə düşündüyünü
dilinə gətirməyə
ixtiyarı yoxdur. Mənim
üçün azadlıq çox qiymətlidir, özümü
ifadə edə, sözümü deyə bilirəmsə, buna
heç kim mane olmur, olarsa,
imkan verməyə
bilirəmsə, azadam. Vaxt
olub ki, dörd divar arasında olmuşam, bütün haqlarım tapdalanıb, lakin
onda da özümü
azad bilmişəm. Düşüncələrimi
əlimdən heç kəs
ala bilməyib, nələr edəcəyimi,
nələr istədiyimi özüm
bilmişəm. Bilirsiz, tez-tez
rast gəlirik belə
qadınlara ki, özlərinin
azad olduğunu ərtafdakılara sübut
etməyə can atırlar, müasir və kompleksiz olduqlarını göstərmək
istəyirlər, əslində onlar qollarındakı qandalı
görmürlər.
-
Həmyaşıdlarınızdan, ədəbiyyatımıza yeni
gələn imzalardan kimləri oxuyursunuz? Ümumiyyətlə, bu qarmaqarışıq proseslərdə
ədəbiyyatımızın gələcəyinə nikbin
baxmaq olarmı?
- Ad çəkmək
istəmirəm, qorxuram kiminsə
xətrinə dəyərəm. İmkan dairəsində hər kəsi oxumağa
çalışıram, tanımaq, bələd olmaq üçün mütləq lazımdır. Və oxuduqda, çalışıram
müəllifə müəyyən fikir bildirim, diqqət
göstərim. Elə adamlar var ki, ya
heç kimi oxumur, özündən başqa, ya da sözbəsöz oxuyur, deyir oxumamışam.
Hazırda hamımızın virtual olaraq özümüzü
təqdim etmək üçün geniş imkanlarımız
var. Çox vaxt görürsən ki,
məsələn, Facebook-da qoyduğum qeydlərə kimlərisə nişanlayıram ki, oxusun yazımı. Ona görə yox ki, oxuyub
tərifləsin, ona görə
ki, bir-birimizi oxumağımız lazımdır. Təəssüf
ki, elələri var, bir dəfə
də nə tənqid, nə tərif etmir. Mütləq göstərmək,
bildirmək istəyir ki, səndən
heç nə oxumuram.
Məncə, bu, sən zəif yazırsan
demək deyil, mən zəif ədəbiyyat adamıyam deməkdir.
İstedadım çatmır ki, özümdən başqalarını
oxuyum deməkdir. Şərif
Ağayarın “Aftafalı antrakt ” kitabını oxuyandan sonra məni ağladan, qəlbimi didən səhnələri
yazdığına görə onu necə təbrik etməyə
bilərəm?.. O ki qaldı, ədəbiyyatımızın
gələcəyinə, bu barədə proqnoz vermək
çətindir. Bəlkə ədəbiyyatımızın bugünkü dövrünü
elə adamlar tarixiləşdirəcək ki,
başqalarının adı ondan daha çox hallanır, daha çox reklam olunur. Bunu bilmək olmaz hələ, yaşayarıq, görərik,
qismət olsa.
-
Azərbaycan poeziyasının
çağdaş durumu,
şeirimizin indiki səviyyəsi bir şair kimi sizi qane edirmi?
Sizcə,
dünyada gedən ədəbi proseslərlə ayaqlaşa
bilirikmi?
- Azərbaycan poeziyasında çox gözəl nümunələr yaranır bu
gün. Ancaq bilirsiz, məncə, qane
edib-etməmək barədə mənə söz
düşməz, çünki mən özüm də bugünkü şeirin taleyini yazmağa çaba göstərənlərdən
biriyəm. Və bacardığım qədər, gücüm çatan qədər söz deməyə çalışıram,
qırıldamağa yox. Sözü
adiləşdirmək günahdır, onu qiymətdən
salıb, necə gəldi səpələyib, həm də “şeirdir” demək cinayətdir.
Bir də ki, yaradıcı adam kimləsə ayaqlaşmağı
məqsəd qoyub işə
başlasa, alınmaz axı heç nə. Bizim borcumuz, yenə deyirəm,
gücümüz çatdıqca,
imkanımız dairəsində gözəl söz
deməkdir, kiməsə bənzəməyə can atmaq yox.
Kənardan nə gəlsə, yaxşı-pis, fərqi yoxdur, öpüb gözümüzün üstünə qoyuruq, ancaq öz aramızda olanları “gördüm”
deməyə dilimiz dönmür, niyə? Niyə özümüzü
aşağılamağa bu
qədər meylliyik? Özü
özünü sevməyəni heç kim sevməyəcək.
Dünyaya çıxarılası
əsərimiz yoxdur, yoxdur yazıçımız? Birinin
adı çəkiləndə
ayağından sallaşmağa növbə yaranır.
-
Azərbaycan insanında
şairlər haqqında
qəribə, bəzən
də yanlış təsəvvürlər var. Sizcə, şairlərin
həyatında mütləq "qeyri-səlis" sevgilər,
tərkidünyalıq, bədbinlik olmalıdırmı?
- Artıq özünüz
dediniz, yanlış təsəvvürlər.
Mütləq heç nə
yoxdur, Yaradandan başqa. Kim necədirsə,
elədir. Bu, nə şair olduğuna görədir,
nə də olmadığına görə. Tərkidünyalıq,
bədbinlik hər kəsdə nə zamansa
olur, olması da
normaldır. Şair olmayan
biri də yaşaya bilər
bunları. Sadəcə, şairlər daha
həssas olduqları üçün belə hallarda diqqətdən yayınmırlar.
Kim deyir
ki, şairlərin həyatında mütləq
qeyri-səlis sevgi olmalıdır, hətta
sevgilər?! Ümumiyyətlə, sevgi ya var, ya
da yoxdur. Bir şeyin ki, adı sevgidir, o, necə qeyri-səlis ola
bilər?! Səlis olduğuna, müqəddəs və
gözəl olduğuna görə
bu hissin adı sevgidir də. Sevgi oyun-oyuncaq deyil, hərçənd bəziləri həftədə
birilə qurduğu qeyri-səlis
dediyiniz münasibəti sevgi
adlandırır. Əvvəla, belə adamlar
özləri ciddi adamlar deyil. Necə insan qəlbi ilə, insan hissləri ilə oynamaq olar axı, anlamıram. Sevmək nə eyib deyil, nə qadağan. Bilmirəm vallah, bu söhbətdə
qeyri-ciddilik heç cür çatmır mənə.
İnsan nə istədiyini,
nəyin nə olduğunu bilmir
deməli?! Şair də
normal insandır, başqalarından daha həssas, daha duyğulu olduğu üçün sevgisi də şair
olmayanların sevgisindən aliliyilə, düzlüyü
ilə fərqlənməlidir. Gündə
birinin qulağına şeir-qəzəl oxumaq deyil sevgi, həm də şair sevgisi!
Cəlil CAVANŞİR
Mərkəz.- 2011.- 10 mart.- S.8.