ANS-in 19 yaşı oldu

 

«Başa düşürük ki, dayansaq, bizim üçün çox pis olar»

 

Dünən Azərbaycan məkanında, o cümlədən də, keçmiş sovet ölkələri arasında ilk özəl, müstəqil telekanalın qeydiyyatdan keçdiyi gün idi. Düz 19 il əvvəl ANS qeydiyyat üçün etdiyi müraciətə 1992-ci ilin martın 9-da müsbət cavab alıb. Amma bu günə aparan yollar heç də hamar olmayıb. ANS-in təsisçiləri Vahid, Seyfulla Mustafayevlər və Mirşahin Ağayev hələ 1991-ci ilin noyabr ayından, efirə ilk dəfə çıxandan sonra belə qərar verirlər ki, şirkət regionda ilk müstəqil telekanal kimi rəsmi qeydiyyatdan keçməlidir. Bir sıra rəsmi qurumlarla danışıqlar başlanır. Amma nəinki, Azərbaycanda, ümumiyyətlə, Sovet İttifaqında müstəqil televiziyanı qeydiyyata almaq mexanizmi olmadığından müxtəlif qurumlardan müxtəlif bəhanələr gəlir. Ədliyyə Nazirliyi isə ölkədə yeni müstəqil televiziyanın açılması üçün dövlət televiziyasından icazə almağı təklif edib. Beləliklə, 1992-ci il martın 9-da ANS təsisçilərinin müraciətinə müsbət cavab verilir. Fəaliyyətinə «Xəbərçi» ilə başlayan ANS bu gün yeni proqram və verilişləri ilə tamaşaçılarının qarşısındadır.

Telekanalın ötən 19 il ərzində keçdiyi yola nəzər salmaq üçün müraciət etdiyimiz ANS prezidentinin müşaviri Mais Məmmədov bildirdi ki, hər bir işin başlanğıcında olduğu kimi ANS yaradılarkən da çətinlikləri çox olub: «Heç nəyimiz yox idi. Nə pul, nə də texnika. Bilirsiniz ki, televiziyada əsas normal aparaturanın olmasıdır. İşçilər cəmi 15-20 dollar maaş alırdılar. Amma onlar ANS-in sabahına inanırdılar və ANS-də işləməyə davam edirdilər». Müsahibimiz qeyd edir ki, üstəlik həmin illər çox çətin illər idi: «Təkcə biz deyil, bütün Azərbaycan çətinlik içində idi. Amma Vahid Mustafayev həmişə inanırdı. Bizim nikbin olmağımızda da onun böyük rolu var idi. O, ANS-in gələcəyinə doğrudan da, inanırdı. Həmişə qaynar nöqtələrə gedirdi. Müharibənin getdiyi vaxtda reportaj hazırlamaq üçün Əfqanıstana, Gürcüstana gedirdi. Vahid Mustafayev çəkdiyi reportajları ABŞ-ın, Böyük Britaniyanın nüfuzlu televiziyalarına verirdi. Bundan əldə etdiyi gəliri də şirkətin inkişafı üçün xərcləyirdi. 2006-cı ilin iyulunda Livanda müharibənin getdiyi vaxt da Vahid Mustafayev oradan ANS-ə reportaj hazırlayırdı. Ümumiyyətlə, elə bir qaynar nöqtə, hadisə baş verən yer yoxdur ki, ANS-çilər orada olmasınlar».

M.Məmmədovun «bu gün Azərbaycan tamaşaçısı üçün ANS nə deməkdir?» sualına cavabı belə oldu: «Bunu demək mənim üçün bir qədər çətindir. O mənada ki, ANS mənim üçün doğma kanaldır. Yaxşı olar ki, bu sualı tamaşaçılara ünvanlayasınız. Mənim bildiyim qədər ANS-i Azərbaycanda çox istəyirlər. Məsələn, «İç xəbər» proqramına həftədə yüzlərlə məktub ünvanlanır. Biz həmin məktublara baxırıq. Düzdür, həmişə problemlərini həll edə bilməsək də, çalışırıq ki, bizə məktub ünvanlayan insanlara kömək edək. İndiyədək də vətəndaşlara çox köməkliyimiz dəyib. Bunu biz həmişə etmişik, allah qoysa, yenə də edəcəyik».

M. Məmmədova ANS-də yaxın perspektiv üçün hansı yeniliklərin şahidi ola biləcəyimizə dair də sual ünvanladıq. Şirkət rəsmisi qeyd etdi ki, artıq bəzi yenilikləri ediblər. Belə ki, «Xəbərçi» proqramının studiyası təzələnib: «Yeni verilişlər açılır. Biz irəli getməyə çalışırıq. Saytımız fəaliyyət göstərir. ANS ÇM radiosu təzə formatla işləyir. Çox yeniliklər var. Başa düşürük ki, dayansaq, bizim üçün çox pis olar. İrəli getmək, reytinq almaq lazımdır. Çünki bizim gəlir mənbəyimiz reklamdandır. Çalışırıq ki, əsas reklam bizə verilsin. Reklam olmasa, biz Aşqabad batan kimi batarıq. Reklam verən də verlişlərin reytinqi ilə tanış olur. Tələb edir ki, onun reklamı, informasiyası həmin verilişdə getsin».

ANS-çilər üçün əziz olan gündə telekanalın əməkdaşı, «Günəbaxan» verilişinin aparıcısı İlqar Mikayıloğlu ilə də söhbətləşdik. O bildirdi ki, ANS-də işləməyə 1992-ci ildən, televiziyanın əməkdaşı, Milli Qəhrəman Çingiz Mustafayev həlak olandan sonra başlayıb: «Çingiz bizimlə qonşu idi. Artıq oturub qalmaq olmazdı. İllah da həmin dövrdə anam demişdi ki, Çingiz qurban gedibsə, İlqarın da qurban getməsində heç bir problem yoxdur. Ona görə də qoy gedib ANS-də işləsin. Hər halda bu, anamın sözləri idi. Mən o fikirdəydim ki, gedib, məhz ANS-də işləməliyəm. Həm işləməli, həm də döyüşməliyəm. Yəni, bunlar bir-biri ilə qarışırdı. Ona görə də məhz müharibənin varlığı məni 1992-ci ildə ANS-ə gətirdi».

İlk işə başladığı vaxtlar çətinliklər olduğunu deyən İ.Mikayıloğlu vurğunu jurnalistika fakültəsini bitirməməsinin üstünə yönəltdi: «Jurnalistikanı bitirməyə-bitirməyə gəlib birdən-birə telereportyor işləmək həddən artıq çətin bir məsələ idi. Amma bəxtim belə gətdirdi. Vahid, Seyfulla, Mirşahin var idi. Məhz həmin adamların məni öyrətməsi, çəkilişlərə göndərməsi sayəsində püxtələşməyə başladım. Digər tərəfdən mən sovet ordusunda xidmət etmişdim. Bunu jurnalistikanın üstünə gəlmək lazım idi. Onlar da jurnalistikanın bunun üstünə gəlməsinə kömək etdilər. Yazmaqda da çətinlik çəkirdim. Ona görə də mənə başa salırdılar ki, sadəcə gördüklərini yaz. Özündən başqa heç nə fikirləşmə. Günlərin bir günü gördüm ki, nəinki gördüklərimi yaza bilirəm, üstəlik görmək istədiklərimi də yazıram».

İ. Mikayıloğludan ekstremal jurnalistika ilə bağlı fikirlərini də soruşduq. Qeyd etdi ki, həmin hallar faktiki çətinlik olsa da, ofisdə, kompyuter arxasında oturub işləməyi heç sevmir: «Həmişə harasa qaçmaq, ekstremal hallara düşmək məni cəlb edir. Bu, həm insanın özünü yoxlaması, həm də hadisənin içində olmaqdır. Yaşının neçə olmasından asılı olmayaraq özünü bərkə-boşa salmalısan. İndi studiyada veriliş aparmağıma baxmayaraq düşünürəm ki, nəsə olacaq və mən qaynar bir nöqtədə işləməyə başlayacam. Elə məqamlar var ki, onları heç nəyə dəyişmək mümkün deyil».

İ.Mikayıloğlu «Ekstremal jurnalistikaya olan həvəsiniz «Günəbaxan» verilişini apararkən sizə diskomfort yaratmır ki…» sualını belə cavablandırdı: «Çətin deyil, əksinə, asandır. Ona görə ki, mən sosial mövzularla «İç xəbər»də işləyirdim. İndi də sosial mövzularla rastlaşanda artıq bilirəm ki, söhbət nədən və haradan gedir. Üstəlik, vəziyyətin dərinliyini qavramaq imkanları asandır. Digər tərəfdən Çempionlar Liqasındakı şərhçiliyə də alışmışam və bu gün bundan istifadə edirəm. Şou elementlərindən də az-çox, yerində istifadə edəndə tutur. Ola bilər ki, bir az quru alınır. Amma mənim üçün burada əsas süniliyin olmamasıdır».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2011.- 10 mart.- S.9.