Qəlbi işıqla dolu

 

Onunla çox sonralar, yəni 2001-ci ildə, Respublika Xatirə Kitabı redaksiyasına baş redaktor vəzifəsinə gələndən sonra tanış olmuşuq. Təbii ki, mən onun adını ilk yetkinlik çağlarımdan radio-televiziya efirindən, dövri mətbuat səhifələrindən tanıyırdım. «Qalx, qalx, ulu torpaq» mahnısının (ona mübarizə himni də demək olar) sözlərinin müəllifini yəqin ki, ölkəmizdə tanımayan kəs olmaz. Bəli, onu qiyabi olsa da, sevərək tanımışdım. Bu ucaboy, gursaçlı, üzündə heç vaxt təbəssüm əskik olmayan, ixtiyar yaşına çatsa da, təravətini itirməyən mehriban baxışlı, söz-söhbətli insan birinci görüşdən adamı öz sözünün sehrinə sala bilir, adamda elə müsbət ovqat yaradır ki, sonra təkrar-təkrar onunla görüşmək, ünsiyyətdə olmaq istəyirsən. Bu səbəbdəndir ki, onun dostlarının sayı-hesabı yoxdur.

Mən bu yazını Nahid müəllimin 70 illik yubileyində yazmaq istəyirdim. Ancaq fikirləşdim ki, bir az yaxşı alınmır, kənardan baxanlardan bunu işçinin öz müdirinə yarınması kimi dəyərləndirənlər olacaq. İndi isə deyirəm, sən öz yolunla düz get, kim nə fikirləşir, fikirləşsin. Rəhmətlik Cabir Novruz demişkən, insanlara vaxtında qiymət vermək - yaxşıya-yaxşı, pisə-pis demək lazımdır.

Nahid müəllimin gəlişi redaksiyamıza yeni nəfəs gətirdi. Qəlbi işıqla dolu bu adamda zərrə qədər kin-küdurət, paxıllıq deyilən şey yoxdur. O həmişə elə şərait yaradır ki, tabeliyində olan işçilərin yaxşı tərəfi üzə çıxa bilsin, kimin nəyə qadir olduğu bəlli olsun. Həmişə məni bir şey üstündə danlayır, «Qələmin pis deyil, ancaq tənbəlsən. Yazmaq lazımdır, yazılan söz qalacaq». Mən hər dəfə söz versəm də ki kitabımı çapa hazırlayıram, ancaq hələ ortada bir şey yoxdur. Nə isə…

Nahid müəllim 55 ildir ki, əmək fəaliyyətinə başlayıb.

Onun işi, ancaq bədii yaradıcılıqla əlaqədar olub. Radio-televiziya, nəşriyyatlar… Bu uzun yaradıcılıq yolunda qarşılaşdığı müxtəlif xarakterli insanlar - öz böyüklüyünü həmişə gözə soxmağa çalışan dövlət məmurları, özündən müştəbeh söz-sənət adamları, redaktorlar, naşirlər, hər sözdən bir məna çıxarıb, qalmaqala çevirən dəymədüşər jurnalist tayfası, nə bilim, daha kimlər… Onlarla işləmək, əlbəttə, asan olmayıb. Ancaq o, hər kəsi öz yerində görən, hər kəslə öz dilində danışan, bir kimsənin haqqını tapdalamayan ağayana adam olduğuna görə hamı ilə işləyə bilib. Elə buna görədir ki, keçmiş iş yoldaşlarının, demək olar ki, hamısı bu gün də onun xətrini istəyir, hörmətini saxlayırlar.

Nahid müəllim gözəl insan olduğu kimi, həm də yaxşı qələm sahibidir. Onun qəlbinin işığı yazılarına da hopur. Orada, ancaq işıq var, məhəbbət var. Vətənə məhəbbət, insanlara məhəbbət, bütün dünyaya məhəbbət. Elə buna görədir ki, əsərləri həmişə məhəbbətlə oxunur. Onun dram əsərləri uzun müddət teatrların repertuarında özünə yer alıb. «Son qəmin olsun, Vətən», «Qayalarda qalan səs», «Yaşa, ey haqq» teletamaşaları televiziyanın «Qızıl Fond»unda saxlanmaqdadır. Bakıda, həmçinin Moskvanın «Sovetski Pisatel» nəşriyyatında çap edilən «Dağlar yuxuma girir», «Hələ gec deyil» kitabları oxucuların yaddaşından silinməyib.

Nahid müəllimin ən yaddaqalan və geniş oxucu kütləsi tərəfindən çox rəğbətlə qarşılanan əsərlərindən biri son illərdə işıqüzü görən «Yada düşdü» kitabıdır. Bu kitabda kimlər yoxdur… Azərbaycan ədəbiyyatının, mədəniyyətinin sütunları - M. İbrahimov, R. Rza, Mir Cəlal, Ə. Məmmədxanlı, Bülbül, B. Vahabzadə, Ə. Hacızadə, İ. Əfəndiyev, Ə. Vəliyev, Ə. Kürçaylı, Ə. Xanbabayev, dünyaşöhrətli türk şairi Nazim Hikmət və başqaları. Həmin böyük şəxsiyyətlərlə Nahid müəllim dəfələrlə görüşüb, şəxsi münasibətdə olub. Onlar nə qədər tanınmış sənətkarlar olslar da, şəxsi həyatlarının müəyyən bir anı oxucular üçün çox qiymətlidir. Elə kitabın yazılması da bu zərurətdən doğub. Nahid müəllim bu kitabı ilə öz ustadlarına, öz dostlarına son borcunu vermək istəyib. Onun özü bu haqda belə yazır. «Bu kitab mənim üçün bir borc idi - mənəvi borc. Deyəsən, bir qədər yüngülləşən kimi olmuşam».

«Yada düşdü» kitabının bir bölməsi bu gün yaşayan söz sənət adamlarına həsr edilib. Onların arasında xalq artisti A. Babayev, şairlərimizdən M. Yaqub, İ. Tapdıq, Z. Yaqub, Ə. Mədətoğlu, ədəbiyyatşünas alim Q. Paşayev və başqaları vardır.

Nahid müəllim bu gün də gənclərə məxsus bir həvəslə yazıb, yaratmaqdadır. Düzdür, həm redaksiyanın işləri, həm gündəlik tədbirlər - yubileylər, anım günləri, kitab təqdimatı mərasimləri onun vaxtını alır, irihəcmli bədii əsərlərini yazıb, başa çatdırmağa imkan vermir. Nahid müəllim öz borcunu hələ bitmiş hesab etmir. O, «Yaddaşımda qalanlar» adlı daha bir kitabını çapa hazırlayır. Bu kitabda çağdaş Azərbaycan ədəbiyyatının əsasını qoyan S. Vurğun, S. Rüstəm, S. Rəhimov, Ə. Vəliyev, M. Araz, H. Arif, Ə. Kərim, N. Xəzri və onlarla başqa sənət adamları haqqında xatirələr yer alacaqdır.

Bunlar təkcə quru xatirələr deyil. O, həmin böyük şəxsiyyətlərin yaradıcılığına da toxunur, nümunələr gətirir, yüksək səviyyədə bədii təhlil verir, onların özü və yaradıcılıqları haqqında yeni səhifələri açıb oxuculara çatdırmağa çalışır.

75 yaşlı Nahid müəllim 55 ildir ki, ədəbiyyatımızın kələ-kötür, nahamavar yolları ilə irəliləyir. Bu yollarda onun itkiləri də olub, qazandıqları da. İtkiləri sənət dostları, müəllimləri, qazancı isə yaradıcılıq uğurları, işıqüzü görən onlarla kitabı, tamaşaya qoyulan əsərləri, ən əsası isə, oxucu, tamaşaçı məhəbbətidir.

Hamı kimi Nahid müəllimin də arzuları bitib-tükənməzdir. Ən böyük arzusu vətən torpağının düşmənlərdən təmizlənməsi və bir də… Xalqımızın qeyrət daşıyıcıları olmuş Hacı Zeynalabdin Tağıyev və Məmmədəmin Rəsulzadə haqda yazmaqda olduğu irihəcmli romanlarını başa çatdırmaq.

Nahid müəllimi 75 yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və ürəyi istədiyi qədər yaradıcılıq uğurları arzulayıram.

 

 

Kamil İSMAYILOV

 

Mərkəz.-2011.-11 mart.- S.10.