Göyçənin
igid oğlu
Qədim türk yaşayış məskənlərindən
biri - Göyçə mahalı… Bu mahal əsrlər boyu Azərbaycan
xalqının ictimai-siyasi həyatında mühüm rol
oynayıb və neçə-neçə ziyalı, alim,
şair yetirib.
Qələm dostum Qədir Aslanın
«Göyçə şəhidləri» kitabı qarşımdadır.
Bu kitaba ön söz yazmış şair Əli Vəkilin
yazısı diqqətimi cəlb etdi. Göyçə dedim,
ürəyimin yaraları göyüm-göyüm göynədi.
Göyçə dedim, Göyçə gölüm, şəffaf
bulaqlı dağlar gözəli gözlərim önündə
bərq vurdu, ləpələndi. Göyçə dedim,
neçə-neçə güllü-çiçəkli,
laləli, sərin, səfalı yaylaqların, yamyaşıl
dağların, dərələrin, bağların
qonağı oldum. O füsunkar diyarı xəyalən gəzdim,
qayalarda əks-səda verən səsimi, yamaclarda
addım-addım qoyduğum izləri, bulaqlarda dönə-dönə
həkk olunmuş əksimi axtardım; tapammadım, ürəyimdən
qara qanlar axdı. Yüz dəfə öldüm-dirildim.
Göyçə həsrəti ürəyimi sızlatdı,
ağı dedi, bayatı söylədi ürəyim!
Ay
Allah, neyləsin Əli Göyçəsiz?
Ah
çəkir didərgin eli, Göyçəsiz,
Vallah,
olacağam dəli Göyçəsiz,
Göyçəsizəm,
Göyçəsizəm, Göyçəsiz!
Doğrudan
da bu yurd üçün hamımız
darıxmışıq.
Belə
bir deyim var: əsil xalq öz alimi, ziyalısı ilə
tanınar. Bu mənada Göyçə mahalı da
tanınmış ziyalıların, alimlərin,
sazlı-sözlü aşıq sənətinin məskəni
olub, çoxlu ustad sənətkarlar yetişdirib. Təbii ki,
Miskin Abdal, Aşıq Alı, Aşıq Ələsgər
kimi saz-söz ustalarını dinləyən insan heç vaxt
Vətəninə, millətinə dönük çıxa
bilməzdi. Heç də təsadüfi deyil ki, təkcə
Qarabağ savaşında bu ulu yurdun övladları yüzdən
artıq şəhid verib, onlardan dördü isə Vətənin
ali mükafatına - iAzərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb. İndi isə bu qəhrəmanlardan
biri haqqında söhbət açmaq istəyirəm.
Bu,
Qarabağ savaşında misilsiz şücaət göstərmiş
Şövqiyar Cəmil oğlu Abdullayevdir. O, 5 aprel 1969-cu ildə
Qərbi Azərbaycanın Basarkeçər rayonunun gözəlliyi
ilə göz oxşayan Nərimanlı kəndində müəllim
ailəsində dünyaya göz açıb. 7
yaşının tamamında orta məktəbə
yollanıb. Şövqiyar biliyi, bacarığı ilə
öz həmyaşıdlarından fərqlənib.
Tanıyanların
hamısı ona həsəd aparırdı, yaşına uyğun
olmayan hərəkətləri adamları heyran qoyurdu.
1986-cı ildə doğma kənddə orta məktəbi
bitirib, Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil
oldu. Birinci kursu başa vurduqdan sonra ordu sıralarına
çağrıldı. Hərbi xidmətini Monqolustanda, tank
qoşunları tərkibində başa vuraraq Bakıya
qayıtdı. Bu, o vaxtlar idi ki, artıq Ermənistandan Azərbaycan
ailələri kütləvi şəkildə qovulmuşdu.
Dağlıq Qarabağda müharibənin ilk
qığılcımları alışmaqda idi. Basarkeçərdən
Azərbaycana pənah gətirmiş 40 mindən çox
qaçqından biri də Nərimanlı kəndindən olan
ağsaqqal, müəllim Cəmil Abdullayev idi. Şövqiyar
baş verən bu ağrı-acıya biganə qala bilmədi.
O, çox düşünüb-daşındı.
Çıxış yolunu təhsilini yarımçıq
qoyub, odun-alovun içərisinə atılmaqda gördü.
Xocalı faciəsi isə onun xain düşmənə olan
nifrətini, qəzəbini birə-beş artırırdı.
Qərarı qəti idi. O, universitetdə təhsilini
yarımçıq qoyub, əyninə əsgər paltarı
geyindi. Şövqiyar dost-tanışlarından ayrılıb
cəbhəyə yollananda 1992-ci ilin mart ayının əvvələri
idi. Onu Ağdamda yeni yaradılmış tank briqadasına
göndərdilər. Burada tank komandiri kimi çox məsuliyyətli
bir vəzifə tapşırıldı Şövqiyara.
Göyçənin igid oğlu hər an döyüşə
girməyə can atır, düşməndən qisas
almağa tələsirdi. Çox keçmədi ki, onun
sorağı cəbhənin odlu-alovlu nöqtələrindən
gəlməyə başladı…
1992-ci
ilin baharı idi. Ağdamın Papravənd, Pircamal və Aranzəmin
kəndləri uğrunda qanlı döyüşlər
başlamışdı. Şövqiyarın komandir olduğu
tankı bu qaynar nöqtəyə göndərdilər. cəsur
komandir «irəli» əmrini verdi. Düşmənə
qarşı güclü hücum başladı. Hər tərəf
od tutub yanırdı. Düşmənin texnika və canlı
qüvvə sarıdan xeyli üstün olmasına baxmayaraq,
Şövqiyar Abdullayev bir an da olsun ruhdan düşmür, dəstəni
qələbəyə səsləyirdi. Çox keçmir ki,
kəndlər bir-birinin ardınca azad olunur.
1992-ci
il avqustun 23-ü …cəsur komandirin tankı Abdal-Gülablı
kimi strateji cəhətdən çox əlverişli bir yeri
qoruyurdu. Ancaq hansı səbəbdənsə, onu həmin
nöqtədən çıxarıb, Ağdərə istiqamətinə
göndərdilər. Sərsəng su hövzəsi
yaxınlığındakı Drambon kəndi erməni
yaraqlılarının əlində idi. Kəndin ətrafında
mövqe tutmuş yaraqlılar Milli Ordumuzun əsgərlərini
güclü atəşə tutaraq onların kəndə girməsinə
imkan vermirdi. Bunu görən Ş.Abdullayev tanka əyləşərək
atəş aça-aça kəndə doğru irəliləməyə
başladı. Bundan təlaşa düşən düşmən
geriyə - kəndin yaxınlığındakı meşəyə
tərəf çəkilməyə başladı.
Şövqiyarın tankı kəndə
yaxınlaşırdı. Birdən meşədə cəmlənmiş
erməni yaraqlıları qumbaraatanlardan tankı güclü
atəşə tuturlar. Təkbaşına vuruşan
Şövqiyarın tankı bir neçə dəfə vurulur.
Hər iki ayağından yaralanan tank komandiri təcili
Ağdam hərbi hospitalına çatdırılır.
Hospitalda ilkin müalicə aldıqdan sonra ona məsləhət
görülür ki, müalicəsini Bakıda davam etdirsin.
Lakin tələbə komandir həkimlərin bu təklifini rədd
edərək deyir:
-
Mən cəbhədə dostlarımı darda qoyub, heç
yerə gedə bilmərəm. Belə məqamda onların
yanında olmaq lazımdır.
Şövqiyar
yarası sağalmamış yenidən Ağdərəyə
qayıdır. 1992-ci il avqustun 27-də o, çox ağır
bir döyüşə girir. Düşmən yenə də
amansız idi. Güllələri dolu kimi
yağdırırdı. Döyüşçülərimiz
dörd tərəfdən mühasirədə
qalmışdı. Şövqiyar yoldaşlarının əsir
düşməməsi üçün özünü irəli
verdi, avtomatı sinəsinə sıxıb, düşmənin
diqqətini özünə yönəltdi. Ancaq qəfil
açılan güllələrdən biri onu yaxaladı.
Qorxmaz, cəsur bir türk oğlu döyüşçü
dostlarının qolları arasında əbədiyyətə
qovuşdu. Ertəsi günü cəsur komandirin cənazəsi
Bakıda Şəhidlər Xiyabanında böyük ehtiramla
torpağa tapşırıldı. Atası Cəmil müəllim
dəfn mərasimində öz ürəyindən keçənləri
xalqa çatdırdı: «Həyat yenə də bizdən mətin
olmağı, əbədi, əzəli ana
torpaqlarımızın yağı əlində qalan hissəsini
onlardan azad etməyi tələb edir. Axı, düşmən
əlində olan torpaqlarımız, orada uyuyan əcdadlarımızın
ruhu bizdən imdad istəyir. Biz bu yurdun bir qarış
torpağını belə yağı əlində qoya bilmərik.
Qoy bu çətin işdə bizi yaradan bizə yar olsun!».
Bəli,
canını Vətən yolunda qurban edən və qurban verməyə
hazır olan belə igidlərimiz bu gün də kifayət qədərdir.
Biz inanırıq ki, bu igidlərin sayəsində
torpaqlarımız tezliklə geri alınacaq. Bax o zaman Torpaq, Vətən
uğrunda şəhid olanların ruhları mənəvi
dinclik tapacaq.
Azərbaycan
Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı
fərmanı ilə Abdullayev Şövqiyar Cəmil oğluna
ölümündən sonra «Azəbaycanın Milli Qəhrəmanı»
adı verilib.
Müəllif: Vüqar ƏSGƏROV,
AMEA-nın Respublika Xatirə
Kitabı Redaksiyasının redaktoru
Mərkəz.- 2011.-10 mart.- S.15.