Qloballaşma və mədəniyyət

 

(esse)

 

Qloballaşma...

 

Qloballaşan dünya...

 

Yəqin ki, günümüzün elmi dövriyyəsində ən çox işlənən ifadə və sözlər elə bunlardır. Qloballaşmanın mahiyyətində və hərfi mənasında bir “böyük” və “nəhəng” anlamı dayanır. Amma əslində, bu “böyüklük özlüyündə bir “kiçiklik” və ya “kiçilməni” də ehtiva edir. Yəni, bir yandan “böyüyən” dünya digər tərəfdən həm də “kiçilir”. İndi dünya az qala “ovcumuzun içində” yerləşir. Adi mobil (çevik) telefon istədiyimiz zaman dünyanın istənilən nöqtəsi ilə bizim rabitə əlaqəmizi yarada bilir.

Elə-belə, xoş güzarandan yaranmayıb, bu “kiçilən” qlobal dünya. Bəşəriyyət dünyanı öz noosferinə çevirmək üçün milyon illər yol gəlib. Hər halda, elmi müddəalar “insan növünün” yaşının dörd-beş milyon ilə yaxın olduğunu israr və iqrar edir. Amma bu, heç də ən uzun yol və məsafə hesab olunmur. Əslində bu, insanlığın keçib gəldiyi ən qısa yoldur. Bu yolu qısaltmağa adi adamlar müyəssər ola bilməzdi. Dahilərin seçdiyi və keçdiyi yoldur, bu “qısa” yol. Min illər boyu öz inad və ehtiraslarının hesabına müqavimət göstərən, vuruşan, çarmıxa çəkilən, boyunları gilyatino baltaları ilə vurulan dahilərdən söhbət gedir, əlbəttə. Bütün tarix boyu lokal və qlobal nadanlığın girdabında inildəyən, zaman-zaman təsadüfi və mütəşəkkil cəhalətin məngənəsində sıxılan dahilər- əsl insan örnəkləri, zamanı kəsə yolla addımlamağa çalışıblar. Kəsə yol üçünsə həmişə öndə gedən cəsurlara, qəhrəmanlara ehtiyac duyulub. Dəstəsini, qatarını öz arxasınca çəkib gedən durnada belə bu cür “qorxmazlıq”, “öndərlik” hissi olmamış deyil, o ki ola insan övladı.

Öz yolunu insan özü seçir, özü müəyyənləşdirir.

İnsanın seçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yaradır. İnsan yoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlum olan “rəsmi” tarixdən başqa bir tarix də var. O tarix hər kəsin içində yaşayır. Və yaxud belə deyək, hər bir fərdin öz təfəkkürü ilə bağlı bir tarix də mövcuddur. Bu mənada Yer üzündə yaşayan insan nəslinin hər bir üzvü “tarixçilərin” qərarlaşdığı “ümumi” tadixdən başqa, həm də lokal, “xüsusi” bir tarixi zonada yaşayırlar. Hər iki “tarix” paralel yaşayır. Amma bu “tarixlər” heç vaxt kəsişmir. Dahi ilə cahilin eyni məkanda yaşaması bəlkə də mümkündür. Amma onların eyni zamanda, yaşaması qeyri-mümkündür. Onların hərəsinin “öz” tarixi, öz tarixi zonası, bir sözlə, “öz zamani” var.

Dünya statik deyil, dinamikdir.

Dünyada hər şey hər an dəyişmədədir.

Qloballaşan dünyada insanın özü və insan həyatı ilə bağlı olan bütün nəsnələr, dəyərlər və münasibətlər də anbaan dəyişir. Qloballaşmanın ağır dalğaları çox şeyin üstündən ötüb keçir, nəticədə, insan fəaliyyətinin yekunu kimi meydana çıxan bir sıra maddi və mənəvi mədəniyyət elementləri (və bir çox hallarda təkcə «elementlər» deyil, özüllər də) əriyib gedir, sonsuzluğa və ya heçliyə qovuşur.

Amma qloballaşma təkcə «köhnənin» üstündən xətt çəkmir; o özü ilə «yenilik» və yeniliklər gətirir. Elm və texnikanın sürətli inkişafı fonunda sosial tərəqqi çox ləng gedir. Obrazlı desək, bir tərəf kosmik sürətlə, digər tərəfsə tısbağa yerişi ilə irəliləyir. Sanki zamanın (və məkanın) ənənəvi ölçüləri dəyişib: indi daha çox «kiçilən» məkan və «sıxılan» zaman haqqında söhbət gedə bilər. Müasir kommunikasiya şəbəkələri bir tərəfdən planetlər, dövlətlər, millətlər, regionlar və insanlar arasında əlaqələri sürətləndirir, digər tərəfdənsə bu saydığımız komponentlər arasında «özgələşmə» gedir. Əlaqələrin intensiv inkişafı nəticəsində «birləşən» insanlar bir çox hallarda həm də ətraf aləmdən təcrid olunur, cəmiyyətə (və həm də özünə) yadlaşır, nəticədə “ayrılan” insanlara çevrilir.

Əvvəlcə sivilizasiyalar haqqında bir neçə söz. Qloballaşma mərhələsində sivilizasiyaların mövcud hüdudlarını dəqiqləşdirməyə cəhd, özlüyündə təbii qarşılanmalıdır. Çünki elmi dövriyyəyə buraxılan hər bir hadisə, anlayışın konkret status və parametrini müəyyənləşdirmək bu və ya digər sahənin daxili mahiyyətindən irəli gəlir.

Biz artıq dediyimiz kimi belə hesab edirik ki, ümumiyyətlə, sivilizasiyanın konkret tərifini vermək, onun dəqiq konturlarını göstərmək çox çətin məsələdir. A.Toynbi yazırdı ki, elm, sivilizasiya kompleksinin parametrlərini müəyyən etmək üçün hansısa metodoloji alətə malik deyildir. Ən yaxşı halda biz konkret sivilizasiyanı təsvir edirik, amma onun sistem təşkil edən əsaslarının nədən ibarət olduğunu bilmirik.

 

(Davamı növbəti sayımızda)

 

 

Firuz MUSTAFA

 

Mərkəz.-2011.-15 mart.-S.15.