Cəsur
komandir
Uzaq Şərqdən - Ussuriysk
şəhərinin Poqraniçnı
qəsəbəsindən məktublar
gələrdi.
Əli qoynunda ana bu
məktubları aldıqca
onları sığallayar,
elə hey düşünərdi.
Məktubu oxuyub, sonra ehmalca qatlayıb, bağlamasına yığardı.
Ana öz balasını
əzizləyib, oxşadığı
kimi, məktublarını
da sığallayardı.
Elə bil yad əllərdən,
yad nəfəsdən
qoruyurdu, onları.
Ana oğlundan aldığı məktublara
sevinir, ürəyində
xısın-xısın bayatı
söyləyirdi.
Mərd anadan
mərd oğul,
Namərdə bəy,
mərdə qul,
Qorxaq töhmət
artırar,
Baş ucaldar mərd oğul.
Aylar ötür, illər
bir-birini əvəzləyirdi. Şikar Şikarovun hörməti
qulluq etdiyi qarnizonda günü-gündən
artırdı. Sıravi
əsgərlərdən ali rütbəli zabitlərədək hamı
onunla hesablaşırdı.
İndi ana oğlunun məktublarından daha çox komandanlığın
təşəkkür məktublarını
alırdı. Təbii
ki, belə anlarda valideynləri daha çox sevinirdi. Ana məktubları aldıqca oğluyla fəxr edir,
qürur hissi duyardı.
Şikar Şikarovun yüksək biliyə, savada malik
olması komandanlığın nəzərindən
yayınmırdı. Onu Moskvada Frunze adına Hərbi Akademiyaya göndərirlər.
1989-cu ildə akademiyanı müvəffəqiyyətlə
bitirərək polkovnik-leytenant rütbəsi ilə
Ukraynanın Luqansk şəhərində yerləşən hərbi
hissələrin birinə qərargah rəisi təyin edilir.
Keçmiş sovet dönəmində gənc
yaşlarında belə yüksək rütbəyə
çatmağa çox nadir hallarda rast gəlinirdi, sensasiya
kimi qəbul olunurdu. Gənc
polkovnik-leytenanta böyük ümidlər bəsləyən
komandanlıq onu təkmilləşmə kursu keçmək
üçün Almaniyaya göndərir. Bu
kursu da uğurla başa çatdıraraq qərargah rəisi
işlədiyi hərbi hissəyə dönür. İşə başlamazdan öncə Bakıya gəlib,
çoxdan görmədiyi valideynlərinə baş çəkməyi
qərara alır. Ailədə
böyük sevinc vardı. Ana nə
vaxtdır üzünü görmədiyi oğluna baxır,
yenə nəsə düşünürdü. Şikar anasının nə haqda fikirləşdiyini
qabaqcadan duymuşdu.
-
Yenə nə fikirləşirsən deyə o, anasının
üzünə baxdı. Ana oğluna yaxınlaşdı,
saçını sığallayaraq dedi.
-
Ay oğul, bəlkə işini Bakıya dəyişəsən.
Biz də fikir çəkmərik, nəvəmiz
üçün də darıxmarıq. Lakin
ailədəki sevinc uzun sürmədi. Sovet
qoşunları Bakıya daxil olmuşdu. Onlar
dinc əhaliyə atəş açır,
qırğınlar törədirdilər.
Ş.Şikarov
1990-cı il 20 Yanvar hadisələrindən
sonra Azərbaycana qayıtmağa qərar verir. O, yubanmadan
işlədiyi hərbi hissəyə dönür. Bakıda baş verən faciəli hadisələr barədə
rəhbərliyi məlumatlandırır və Vətənə
göndərilməsini istəyir. Beləliklə,
o, Azərbaycana qayıdır.
Gözəl insan, qayğıkeş zabit Şikar
Şükür oğlu Şikarov 1953-cü ilin
payızında, Bakıda zəhmətkeş bir ailədə
dünyaya göz açıb.
1961-ci ildə 164 saylı orta məktəbə
gedib, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdi.
Atası onu hüquqşünas kimi görmək
istəyirdi. Lakin Şikar hərbiyə
olan marağını gizlətmədi. Elə həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə
qəbul olundu. 1975-ci ildə məktəbi fərqlənmə
diplomu ilə bitirərək təyinatla Primorsk vilayətindəki
hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə
başladı.
O,
bir müddət Azərbaycanda Mülki Müdafiə Qərargahında
əməliyyat şöbəsinin
rəisi vəzifəsində
çalışdı. Bu o
dövrlər idi ki, erməni silahlı birləşmələri
torpaqlarımıza hücumlar təşkil edirdi. Təbii ki, mükəmməl ordunun olmaması təcavüzkarlarla
mübarizə aparmağa imkan vermirdi. Milli
Ordunun yaradılmasına böyük zərurət var idi.
Kadr çatışmazlığı isə bu
işi daha da çətinləşdirirdi. Belə
ağır şəraitdə Şikar Şikarov öz təkliflərini
verdi. Zəngin bilik və təcrübəsini
nəzərə alaraq onu 1992-ci ilin fevral ayında Respublika
Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci
müavini təyin edirlər. Xidməti vəzifəsi
ilə əlaqəlar olaraq tez-tez sərhəd bölgələrində
olurdu. Xocalı soyqırımı Şikarın ön cəbhəyə
getmək arzusunu bir az da gücləndirdi. 1992-ci ilin mart ayının əvvəllərində
Goranboy rayonuna gələrək, işğal olunmuş ərazilərin
erməni yaraqlılarından azad olunması əməliyyatını
hazırladı və həmin əməliyyata rəhbərliyi
öz üzərinə götürdü. Bu əməliyyatdan sonra rayonun bir sıra kəndləri
düşmən tapdağından azad olundu. Növbəti dəfə Ağdərədə
uğurlu əməliyyat həyata keçirdi. Həmin vaxt düşmənin xeyli texnikası,
canlı qüvvəsi məhv edildi, ən başlıcası
isə Tərtər rayonunun top və raket atəşinə
tutulmasına son qoyuldu.
Qarşıda onu çətin sınaqlar gözləyirdi. Polkovnik-leytenant Şikar Şikarov istər
ordu quruculuğunda, istərsə də döyüş
bölgələrində əməliyyatların
hazırlanmasında yaxından iştirak edirdi.
1992-ci
il iyunun 13-ü… Həmin
gün Ağdərədə vəziyyət yenidən pisləşmişdi.
Ermənilər böyük qüvvə ilə
hücuma keçmişdi. Qızğın
döyüş gedirdi. Belə çətin
anlarda kiçicik bir səhv, bütün görülən
işləri heçə endirə bilərdi. Şikar əməliyyat planı hazırladı.
Batalyonu ayağa qaldırıb, hücum əmri verdi. Düşmən təslim
olmaq istəmirdi. Əməliyyata
birbaşa o özü başçılıq edirdi. Bir qədər sonra ermənilər tutduqları
mövqelərdən geri çəkilməyə
başladı. Əsgərlər bu qələbə
münasibəti ilə təbrik etmək üçün cəsur
komandiri çox axtardılar. Lakin o, Vətən
yolunda şəhid olmuşdu. Uğurlu
döyüş əməliyyatlarındakı parlaq
uğurları nəzərə alınaraq ona polkovnik rütbəsi
verilmişdi.
Ölümündən sonra briqada
komandanlığı polkovnik
Şikar Şikarova Milli Qəhrəman fəxri adı verilməsi ilə bağlı təqdimat yazdı. Və prezidentin
23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı
ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı
verildi.
Polkovnik Şikar Şükür oğlu Şikarov
Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib. Adına orta məktəb
var.
Vüqar ƏSGƏROV,
AMEA-nın Respublika
Xatirə Kitabı Redaksiyasının
redaktoru
Mərkəz.- 2011.-17 mart.- S.5.