«Bunca zorluqlara rəğmən, nəsə yazırıqsa, qəhrəmanıq»

 

Oktay Hacımusalı imzası ədəbi aləmdə olan hər kəsə tanışdır. Zəhmətkeş, durmadan çalışan, fərqli düşüncəsi ilə tanınan bir yazardır, Oktay. Çölçülər Ədəbiyyat Mərkəzini quranlardan biri olub. Uzun müddət ÇƏM-in təbliğatı ilə məşğul olduqdan sonra Azərbaycan Yazıçılar Birliyində fəaliyyətini davam etdirib. AYB üzvü kimi “Prezident təqaüdü” alanların sırasında olub. Əsərləri mütəmadi olaraq dövrü nəşrlərdə işıqüzü görüb. Hal-hazırda “Xalq Cəbhəsi” qəzetinin yazarıdır.

- Çağdaş ədəbi proseslərə nikbin baxanlar çox azdır. Azərbaycan ədəbiyyatında son dövrlərdə gedən prosesləri necə dəyərləndirirsən?

- Azərbaycan ədəbiyyatında gedən proseslər mənə həm maraqlı gəlir, həm də maraqsız. Maraqlı gəlir, ona görə ki, Azərbaycan ədəbiyyatı dinamik bir şəkildə inkişaf edir. Ortaya yeni imzalar çıxır, yeni söz deyilir, bu sözlərin arasında yeni sözlər çoxdur. Eyni zamanda, maraqsızdır. Çünki Azərbaycan ədəbiyyatı bir monotonluq yaşayır. Bu, yeni imzaların yazdıqları bir-birinin təkrarıdır. Bu qədər yazar çoxluğunda insanı silkələyən, insanı varından-yoxundan edən əsərlərin sayı bir əlin beş barmağını keçmir. Bazar böyükdür, adam çoxdur, amma bu bazarın böyüklüyündə, adamın çoxluğunda oxuyub zövq ala biləcəyin əsərlər çox azdır. Bir qisim yazarlar var ki, inkarçı olduqlarını iddia edirlər. “Mən inkarçıyam”, - deyirlər. Amma inkar etmək üçün də ortaya o inkar etdiyinin yerinə nəyisə qoymağı bacarmalısan axı. Bunlar ortaya bir əsər qoymadan nələrisə inkar etməyə çalışırlar.

- Mən “inkarçı”larla bağlı sual verəcəkdim, sən məni bir balaca qabaqladın. Bizim ədəbi nəsil inkarçı ədəbi nəsildir. Və biz “altmışıncı”lardan fərqli olaraq nəyi inkar etdiyimizi çox gözəl bilirik. Hamımız ənənəni inkar edirik, amma ortaya qoyduğumuz ən yaxşı halda dekonstruksiyadan o yana keçmir. Səncə, bizdə keçilmiş yolları yenidən keçmək prosesi nə vaxta kimi davam edəcək?

- Bizdə bir anlam qarışıqlığı yaşanmaqdadır. Çoxları müəyyən anlayışları bilmirlər, bilməməklə yanaşı, bu dəbə uyaraq onun haqqında danışmaqdan çəkinmirlər. Mən bu yaxınlarda nisbətən yaşlı nəslin nümayəndəsi ilə bu barədə fikir mübadiləsi edirdim. Ondan soruşanda ki, “siz modernizm deyəndə nəyi nəzərdə tutursunuz», cavab verdi ki, çılpaqlığı. Halbuki, modernizm heç də çılpaqlıq demək deyil. Mən onları qınamıram. Amma eyni zamanda, qınayıram da. Qınamıram, çünki Azərbaycanda, hətta özündən deyən ədəbiyyat alimləri, elm adamları bu mənada çox piyadadırlar. Onlar dünyada gedən ədəbi prosesləri izləməyiblər, izləmirlər və izləməyəcəklər də... Çünki artıq onların ədəbi tutumu dolub. Yəni, bir məkanda ki, elm adamları, bu sahənin biliciləri bu məsələdə ciddi mənada səy ortaya qoyub, müstəqillikdən sonrakı Azərbaycan ədəbiyyatında gedən prosesləri araşdırmayıblar. Bu suala hələ də cavab tapmayıblar ki, Azərbaycan ədəbiyyatında modernizm tam mənasıyla yaşandımı? Yaşandısa, hansı cərəyanlar bunun ilkin təzahürlərini özündə əks elətdirir? Əgər yaşanmadısa, niyə indi bəziləri durub iddia edirlər ki, biz postmodernistik? Hələ bu suallara cavab tapılmayıb. Bu baxımdan mən bu insanları qınamıram. Amma eyni zamanda, qınayıram, çünki Azərbaycan oxucusu hələ modernizmlə libido, poststrukturalizm və nü ədəbiyyat nümunələrini bir-birindən ayıra bilmir. Düşünün ki, bir gənc kal, yetişməmiş halda şəhərə yeni qədəm qoyur və o, çox-çox üzr istəyirəm, elementar bir xanımla münasibətin nə olduğunu belə bilmir. O ki qaldı həmin xanımla davranmağın qaydaları olsun. Bu, nəticə etibari ilə ədəbiyyatı təbiri-caizsə çirkləndirməyə gətirib çıxarır. Yəni bu gənc içindəki o ehtirası, o çılğınlığı kağıza qusur, nəticədə libido ədəbiyyatı yaranır. Və eyni zamanda, yanlış anlaşılmalara yol açır. Biz hardasa bunu müstəqilliyin ilk illərində yaranan sarı mətbuatla da müqayisə edə bilərik. Sarı mətbuatın oxucularının əksərini Bakıya həmin dövrdə işləməyə gələn gənclər təşkil edirdi. Bir də var nü ədəbiyyat. Həmin ədəbi nümunələrə underground da deyirlər bəzən. Küçə ədəbiyyatı. Yəni, bu gün küçədə nə baş verirsə, onun eynisini ədəbiyyata gətirirlər. Bunların hamısı dünyada keçilmiş proseslərdir. Məsələn, underground ədəbiyyatının atası sayılan Çarlz Bukovskidən tərcümələr də eləmişəm. Mən bunu ədəbiyyata gətirməyin tərəfdarı deyiləm əslində, amma gərək Azərbaycan oxucusunun bunlardan xəbəri olsun. Dünyada gedən ədəbi proseslərdən xəbərimiz olmalıdır ki, bu gün bəzilərinin - tutaq ki, Rasimqaracaların, Nərminkamalların, Seymurbaycanların, Əliəkbərlərin Azərbaycan oxucusuna sırımağa çalışdığı o dəyərlərin, o yolların artıq çoxdan köhnəldiyinin fərqinə varaq. Bu gün Azərbaycan oxucusunun böyük bir hissəsinin məlumatsızlığından istifadə edən bəzi qüvvələr, konkret yuxarıda adlarını sadaladıqlarım və bu qəbildən olan bəzi insanlar at oynadırlar. Hələ bu insanların özlərini “postmodernist” adlandırması da başa düşülən deyil.

Yəhuda Amaçai var, yəhudi ədəbiyyatında “Qüds şairi” adlandırılır. Həmin şairin “Ausvixtdən sonra” şeirini mən 2008-ci ildə tərcümə edib internetdə ədəbiyyat portallarından birinə yerləşdirmişdim. Bu şeirdə bir bənd var:

 

Ausvixtdən sonra teologiya öldü:

Qətl ediləcək sakinlərin biləklərində

Tanrının telefon nömrəsi

Amma zəng çatmır həmin nömrəyə

Və indi həmin nömrə əhatə dairəsi xaricindədir.

 

Həmin bu bənddəki fikirlər bir zamanlar Nərmin Kamalın yazdığı “Allahı bağışlama” şeirində birəbir öz əksini tapıb. Bunu o vaxt Yəhuda Amaçai yazmışdı. Yəni bu yeni bir şey deyil. Azərbaycan oxucusunun məlumatsızlığı və yazar-oxucu arasında mövcud olan uçurum nəticədə bunların ortada görünməsinə səbəb olur.

- Azərbaycanda ədəbi proseslərin içərisində ciddi bir boşluq var. Oxucunun nə istədiyini yazarlarımız anlaya bilmir, yazarların nə yazdığı oxucularımıza çatmır. Bu boşluğu doldurmaq üçün məncə, dünya ədəbiyyatından ciddi tərcümələrə ehtiyac var. Bəs sən necə fikirləşirsən, Azərbaycanda oxucunun içində olduğu həmin boşluğu doldurmaq üçün bu gün nələrə ehtiyac var? - Bu gün kimsə durub desə ki, bizim oxucumuz kütdür, bu, tamamilə yanlış bir fikir olar. Xeyir, bizim oxucumuz küt deyil. Sadəcə bizim oxucumuz hələ o proseslərə hazır deyil. Çünki o, dəmir pərdədən çıxıb və onunla dünya arasında uzun bir boşluq var. Və bu özünü ciddi bir şəkildə biruzə verir. Bu gün ətrafımıza baxaq, gənclər monotondur, fikirlər monotondur, baxmayaraq ki, biz iyirmi il öncə öz müstəqilliyimizi qazanmışıq, amma yenə də biz müstəqil gəncliyimizdən əsər-əlamət belə görə bilmirik. Bunun səbəbləri çoxdur, bəlkə də bunun səbəblərini biz keçmişimizdə axtarmalıyıq. Bəlkə də biz bunun səbəblərini öz xələflərimizdə axtarmalıyıq. Bəlkə də, biz daha da dərinlərə getməliyik. Bir siyasi sistem dağılıb, yeni bir siyasi sistem çıxıb ortalığa və biz həmin o zamanlar adı belə qoyulmamış sistemin uşaqlarıyıq.

- Sənin bu danışıqlarından bir sual da yarandı, məndə. Azərbaycandakı mövcud durum, gənclərin maarifləndirilməsi və.s. bu kimi problemlərin işığında səncə, Azərbaycan oxucusunu bu gün bizlərin yazdığı maraqlandırırmı? Çörək üçün çarpışan, yaşamaq uğrunda mübarizə aparan insanlar üçün bizim yazdıqlarımız nə qədər önəmlidir?

- Qardaşım, bu gün bizlər yaşamaq uğrunda məgər azmı mübarizə aparırıq? Hər birimiz yazar kimi fəaliyyət göstərməkdən əlavə yaşamaq, adi gündəlik tələbatlarımızı ödəməkdən ötrü çarpışırıqsa, vallah bizim heykəlimiz qoyulmalıdır. Mən bunu iddia edirəm. Bu gün sən Cəlil Cavanşir, ya mən Oktay Hacımusalı yaşamaq üçün dəridən-qabıqdan çıxırıqsa, bunca zorluqlara rəğmən nəsə yazırıqsa, biz qəhrəmanıq. Hər nə qədər bu gün dövlətin yazarına, intellektual adamına qayğısı varsa da, bu məncə kifayət deyil. Bu heç də bizim istədiyimiz səviyyədə deyil. Məsələn, bu gün Azərbaycanda kitab palatası mövcud deyil ki, mənim kitabım çıxanda həmin kitab palatası nəşri ən ucqar bir dağ kəndinə çatdırsın. Bu gün kitab beş yüz nüsxə çap olunur və nəşr olunan həmin kitabları özümüz yazırıq, özümüz oxuyuruq və özümüz də həmin kitab haqqında fikir yürüdürük. Kütləyə həmin kitablar, bizim yazdıqlarımız gedib çatmır. Amma gəlin baxaq bu gün bəzi yazarlar var ki, bunların üzünə televiziya da açıqdır, radio da açıqdır, həmin insanlar bütün təbliğat vasitələrindən geninə - boluna istifadə edirlər. Amma həqiqi istedad sahibləri nədənsə kənarda qalıblar. Belə olan halda mən sizdən soruşuram, hansı oxucu bizi oxuya bilər? Hansı oxucunun bizdən xəbəri ola bilər?

 

(davamı gələn sayımızda)

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.-2011.-17 mart.-S.8.