Qloballaşma və mədəniyyət
Mədəniyyət
və sivilizasiya arasında dəmir sədd çəkmək
istəyənlər səhv edirlər. Rus alimi S.V.Sokolovun mədəniyyətə
aid etdiyi mülahizələri çox güman ki,
özündə sivilizasiya ilə bağlı fikirlərə
də müncər edilə bilər. Sokolovun qənaətinə
görə, mədəniyyət özündə: 1) ictimai
şüuru, 2) praktik və mənəvi fəaliyyət vərdişlərini,
3) sosial dəyərlər məcmusunu ehtiva edir. Beləliklə,
cəmiyyət özlüyündə 1) adamları, 2) mədəniyyəti,
3) sosial fəaliyyəti, 4) təbiəti birləşdirir. Bizə
elə gəlir ki, müəllif sonuncunun (təbiətin) mədəniyyətə
daxil edilməsi ideyasını müdafiə edərkən təbiətin
yalnız insan fəaliyyətinə tətbiq edildiyi «hissəsini»
nəzərdə tutur.
Başqa
bir rus alimi N.Danilevski sivilizasiyaları daha çox regional
dövlət və millətlər üzrə təsnifatlandırır.
O, özünün «Rusiya və Avropa» adlı əsərində
sivilizasiyanın tarixi-mədəni tiplərini belə müəyyənləşdirir:
Misir, Çin, Assuriya-Vavilyon-Finikiya, İran, Yəhudi, Yunan,
yeni semit, german-roman (Avropa) sivilizasiyaları. Danilevski belə
hesab edir ki, sivilizasiyalar bir-birindən asılı olmayaraq,
insanlar tərəfindən yaradılır. Mövcud
sivilizasiyaların hər biri üç mərhələni
keçir: yaranma, çiçəklənmə, səngimə
(çökmə). Bizcə, sivilizasiyanın bu cür təsnifatında
da qeyri-adi bir yanaşma nəzərə çarpmır.
Vaxtilə
O.Şpingler «Avropanın qürubu» (1918) adlı əsərində
sivilizasiyanın 8 tipini göstərirdi: Misir, Vavilyon, Hind,
Çin, Yunan-roma, (klassik) ərəb, meksikan, qərb
sivilizasiyası. O.Şpingler belə hesab edir ki, hər bir
sivilizasiyanın özünəməxsus cəhətləri
vardır: yunan-gözəllik, german-romansa elm və texnika sahəsində
diqqəti cəlb edir.
A. Toynbi isə sivilizasiyanı daha çox dini doktrina və
komponentlərlə bağlayır və bu mənada 5 növ canlı sivilizasiyanın mövcudluğunu
iddia edir: 1) xristian (qərb cəmiyyəti);
2) pravoslav-xristian (Rusiya,
Ukrayna, Belorusiya və s.); 3) İslam (Şimali Afrika və Orta Şərq);
4) hind (Hindistan);
5) buddist (Çin və s.). A.Toynbi
göstərir ki, bir sivilizasiyanın
inkişafı digərini həzm etmir.
Sivilizasiya bir
hadisə və anlayış kimi ən müxtəlif bucaqlar altında təhlil və təsnifata cəlb olunmuşdur. Bir çox tədqiqatçılar az qala yer
üzündə baş verən
bütün sosial fəlakətlərin kökünü
belə, mövcud sivilizasiyaların
bir-biri ilə dinc
şəraitdə, yanaşı yaşaya
bilməməsində görürlər.
Elə buna görə
də deyə bilərik ki,
sivilizasiyalar arasındakı
dialoq və ya toqquşmalar bu gün Qərb fəlsəfəsinin
ən «dəbdə» olan
mövzularındandır. Tanınmış sosiloq
F.Fukuyamanın «Tarixin
sonu» əsərində
soyuq müharibənin başa
çatması ilə
əlaqədar Qərblə qeyri-qərb ölkələri
arasında ideoloji mübarizədən
bəhs edilir.
Hal-hazırda elmi-fəlsəfi
ədəbiyyata Şərq və Qərb arasındakı rəqabət,
mübahisə və «geniş münaqişə»nin daha çox diqqət mərkəzində
olması inkarolunmaz faktdır. Bəs
görəsən, bu «münaqişənin»
əsasında nə dayanır? Ümumiyyətlə,
belə bir «münaqişə»
mövcuddurmu?
Müəllif öz
araşdırmalarında bir
sıra yeni qənaətlər
əldə edir: o, belə hesab edir ki, mütləq anlamda Şərq-Qərb
«qarşıdurması» əslində süni yaradılmış
bir «problemdir». Lakin bununla belə, Şərq
və Qərb arasında müəyyən elementar
sosial və mənəvi
fərqlərin mövcudluğu inkarolunmaz faktdır.
Qloballaşan dünyamızda Şərq
və Qərb arasında mövcud olan fərqlər heç də
barışmaz, həlli mümkün olmayan səviyyədə deyildir. Əksinə, indi
hər şeyin olmasa da, çox şeyin ortaq məxrəcə
gəlmə imkanları daha geniş şəkildə
təzahür etməkdədir. Qərb və Şərq
sivilizasiyalarının qovşağında yerləşən
Azərbaycan öz mədəniyyət
kvintessensiyasında hər iki
qütbün “yükünü”
daşımaqdadır.
Mədəniyyətlər
arasındakı əlaqə və fərqlər əsrlər
boyu sosial elmlərin maraq dairəsində olsa da, bu məsələyə
diqqət İkinci Dünya
Müharibəsindən sonra
xüsusilə güclənmişdir.
Sosioloqları ən çox məşğul edən
problemlərdən biri Qərb
və Şərq mədəniyyətlərinin
müxtəlif inkişaf istiqamətlərinə
malik olması, bir-birinin
əksi olan müstəvilərdə
formalaşmasıdır.
Mədəniyyətlərin
qarşılıqlı münasibətlərinin yeni baxış bucağı altında tədqiqi haqqında
danışarkən, digər bir sosioloq - Harvard Universiteti strateji
araşdırmalar Mərkəzinin rəhbəri Samuel Hantinqtonun adını xatırlatmaq olar.
O, özünün
1993-cü ildə çap etdirdiyi
«Sivilizasiyaların toqquşması» əsərində
gələcək müharibələrin iqtisadi-siyasi
və s. sahədəki
ziddiyyətlər nəticəsində deyil,
mədəniyyətlərin toqquşması nəticəsində yarana biləcəyini əsaslandırmağa
çalışır. Bu kitab, bir növ,
tədqiqatçının əvvəllər iddia etdiyi baxışlar sisteminin yekunudur. Hantinqtonun əsas qənaəti bundan ibarətdir ki, gələcəkdə ölkələr
arasında baş verə
biləcək konfliktlərin səbəbini
ideoloji və iqtisadi amillərdə deyil,
mədəniyyətlərin konfliktində axtarmaq
lazımdır. Hantinqton öz
fikirlərini əsaslandırmaq
üçün 5 əsas
arqument götürür:
1.
Əsrlər boyu formalaşan sivilizasion fərqlər bu
gün də mövcuddur və gələcəkdə də
aradan götürülməyəcək.
2.
Sivilizasion özünüdərkin inkişafı sivilizasiyalar
arasında fərqlərin dərinləşməsinə
aparır.
3.
Fundamentalist hərəkatlar formasında «dinlərin dirçəlişi» yaranacaq.
4.
Sivilizasiyaların hər
birində «öz kökünə qayıtmaq»
istəyi yaranacaq.
5.
İqtisadi və siyasi xüsusiyyətlərdən
fərqli olaraq mədəniyyət amili dəyişikliyə daha az məruz
qalır və mədəniyyətlər arasındakı
fərqləri götürmək,
birləşdirici kompromis
variant tapmaq çox müşkül məsələdir.
(davamı növbəti
sayımızda)
Firuz MUSTAFA
Mərkəz.- 2011.- 18 mart.-S.15.