Nəriman HəsənzadəninSeçilmiş əsərləri təqdim olundu

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xalq şairi Nəriman Həsənzadənin 80 illik yubiley tədbirləri çərçivəsində şairin 7 cilddə nəşri nəzərdə tutulan “Seçilmiş əsərlər”inin yeni çapdan çıxmış 4 cildinin təqdimat mərasimi keçirildi.

“CBS” nəşriyyatında nəfis şəkildə buraxılan kitablarda şairin müxtəlif illərdə qələmə aldığı şeirlər, poemalar, pyeslər və nəsr əsərləri toplanıb. Təqdimat mərasimində tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, ədəbiyyatsevərlər və mətbuat nümayəndələri, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, millət vəkili Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, akademik Bəkir Nəbiyev, şair Vaqif Bəhmənli və digər tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov müasir Azərbaycan poeziyasında Nəriman Həsənzadənin xüsusi yeri olduğunu bildirdi. Yeni işıq üzü görən kitablar barədə məlumat verən K.Tahirov qalan 3 cildin hazırda nəşrdə olduğunu dedi. Direktor yubileylə əlaqədar Milli Kitabxana tərəfindən “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının hazırlandığını da söylədi. Elektron məlumat bazasında xalq şairinin həyat və yaradıcılığı haqqında məlumat, şairin öz əsərləri, haqqında yazılan məqalələr, görkəmli şəxslərin şair haqqında söylədikləri, şeirlərinə bəstələnmiş musiqilər, eləcə də fotoşəkillərindən ibarət fotoqalereya öz əksini tapıb.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev şairin yaradıcılığına nəzər saldı. Eyni zamanda, onun ictimai-siyasi fəaliyyətinə də toxunaraq vaxtilə mətbuat və informasiya nazirinin müavini, Ali Sovetin deputatı olduğunu xatırlatdı.

Xalq artistləri Laləzar Mustafayeva və İlham Əsgərovun Nəriman Həsənzadə yaradıcılığından söylədikləri şeirlər tədbir iştirakçıları tərəfindən maraqla dinlənildi. Sonra söz yubilyara verildi. Şair yaradıcılığına verilən yüksək qiymətə görə, hər kəsə, elektron məlumat bazasının hazırlanmasına görə isə Milli Kitabxanaya təşəkkürlərini bildirdi.

Xatırladaq ki, xalq şairi Nəriman Həsənzadə ötən əsrin 50-ci illərində ədəbiyyata gəlib. Onun 30-dan artıq kitabı nəşr edilib. O, “Zümrüd quşu”, “Nəriman”, “Kimin sualı var”, “Nuru Paşa” kimi poemalarla yanaşı, dramaturgiya sahəsində də qələmini sınayıb. Şairin “Bütün Şərq bilsin”, “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” və s. adlı mənzum pyesləri ölkəmizin aparıcı teatrlarında tamaşaya qoyulub. Uzun illər “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru, Azərbaycan Respublikası Mətbuat və İnformasiya nazirinin müavini vəzifələrində işləyib, Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub, ali təhsil ocaqlarında dərs deyib. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiridir.

N.Həsənzadənin yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, “Xalq Şairi”, “Əməkdar İncəsənət Xadimifəxri adlarına, “Şərəf” nişanına, “Şöhrət” ordeninə layiq görülüb.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.- 30 mart.- S.11.