Qələmini
süngü ilə əvəz edən qəhrəman
Ölümündən
sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüş Kazımağa Kərimovu Goranboyda
uşaqdan böyüyə hamı tanıyırdı. Ürəyi
hər zaman Vətən eşqi ilə
döyünürdü. Bəlkə onu insanlara sevdirən də
xalqına olan sonsuz məhəbbəti, düzlüyü,
sözübütövlülüyü idi. Kazımağa
Goranboya qədəm basdığı ilk günlərdən
buranı özünə doğma yurd yeri seçdi. Həyatın
bu enişli-yoxuşlu, kələ-kötür yolları onu
çox əzablarla, haqsızlıqlarla
qarşılaşdırdı. Lakin bu həyatdan yorulmadı,
tutduğu haqq işindən bir addım da olsun geri çəkilmədi.
Əksinə, bu çətin, keçilməz yollar onu polad
kimi bərkitdi, mətinləşdirdi. Kazımağa ixtisasca
jurnalist idi. Ancaq taleyin hökmü ilə qələmini
silahla əvəz etdi.
Özünü
hərbçi kimi sınağa çəkdi. Ölkədə
Xalq Hərəkatı başlayanda onun önündə gedənlərdən
biri oldu. Xalqı haqq səsini ucaltmağa səslədi.
Şeytan yuvasına çevirmiş keçmiş
«Şaumyan» adıyla məşhur olan rayonun və ətraf kəndlərin
təmizlənmə əməliyyatlarında da
Kazımağanın böyük rolu vardı. O
inanırdı ki, tezliklə bu torpaqlar erməni millətçilərindən
təmizlənəcək və əhali azad, firavan
yaşayacaq. Kazımağanın ümidləri doğruldu,
Goranboy rayonu qeyrətli oğulların sayəsində
işğalçılardan büs-bütün azad oldu. Amma
Kazımağaya bu sevinci yaşamaq qismət olmadı.
Kazımağa
Kərimov 1951-ci il sentyabrın 1-də Qubadlı rayonunun
Sarıyataq kəndində sadə bir kəndli ailəsində
dünyaya göz açmışdı. Qara İlyasov
adına Qubadlı şəhər orta məktəbini bitirdikdən
sonra rayonun «Avanqard» qəzetinin mətbəəsində
yığıcı peşəsi üzrə əmək fəaliyyətinə
başlamışdı. Qısa müddət ərzində
kollektivin dərin hörmətini qazanmışdı. Bəlkə
də, onun jurnalist peşəsini seçməsində bu mətbəənin
rolu az olmamışdı. O, gündüzlər ağır
bir sahədə çalışır, gecələr isə
qəbul imtahanlarına hazırlaşırdı. Kazımağa
zəhmətinin bəhrəsini 1970-ci ildə gördü.
İmtahanları müvəffəqiyyətlə verərək
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə
daxil oldu. Kazımağa Kərimov təhsil illərində həm
respublika, həm də rayon qəzetlərində maraqlı
yazılarla çıxış edirdi. Universiteti bitirdikdən
sonra o, təyinatla «Azərbaycan məktəbi» jurnalına
göndərilir. Lakin həyatında baş verən müəyyən
problemlər onu öz sevimli peşəsindən
ayrılmağa məcbur edir. Bir müddət keçdikdən
sonra köçüb Goranboy rayonunun Qızılhacılı
kəndinə gəlir. Ömrünün sonuna qədər də
həyatını bu torpaqla, bu torpağın insanları ilə
bağlayır. Az keçmir ki, rayon Aqrar Sənaye Birliyində
hüquq məsləhətçisi kimi işə qəbul
olunur. İşinə çox həvəslə
yanaşırdı. Qarşıya çıxan ən
xırda problemi belə diqqətdə saxlayır, onu həmin
andaca həll etməyə çalışırdı.
Kazımağa ixtisasca jurnalist olsa da, işləyə-işləyə
hüquqi biliklərə də dərindən yiyələnmişdi.
Bəlkə elə ona görədir ki, rayonda kimin haqqı
tapdalanırdısa, məhz Kazımağaya müraciət
olunurdu. O da öz bilik və bacarığını xalqdan əsirgəmirdi.
Ancaq Goranboyda baş qaldıran erməni fitnəkarlığı
onun bu sakit həyatını əlindən aldı. O, əlinə
silah götürüb, torpaqlarımızın müdafiəsinə
yollandı.
1991-ci il… Goranboyda vəziyyət
günü-gündən gərginləşirdi. Rayonda
özünümüdafiə batalyonunun yaradılmasına
böyük ehtiyac yaranmışdı. O, rayonun qeyrətli
oğulları ilə birlikdə bu batalyonu yaratmağa nail
olur. Kazımağa həmişə deyərdi. «Biz bu batalyonu
vəzifə xatirinə deyil, torpaqlarımızı
qaniçənlərdən təmizləmək məqsədilə
yaratmışıq. O, gah öz qüvvəsini batalyonun
formalaşmasına sərf edir, gah da əlinə silah
götürərək gənclərlə birlikdə postda
dayanır, onları döyüşə
ruhlandırırdı. Onun mənəvi və əməli
dayağından ruhlanan döyüşçülər əməliyyatları
müvəffəqiyyətlə davam etdirir, kəndlər bir-birinin
ardınca erməni işğalçılarından təmizlənirdi.
Goranboyda ikinci özünümüdafiə batalyonu yarananda,
Kazımağa batalyon komandirinin müavini təyin edilir. Bu vəzifəyə
keçməsi onun qayğılarını bir az da
artırmışdı. Batalyonda nizam-intizamın möhkəmlənməsinə
böyük qayğı ilə yanaşırdı.
Düşmən Mənəş kəndinə
böyük qüvvə toplamışdı. Bu kəndlə
bərabər, qonşu kəndlər də təhlükədə
idi. Kazımağa burada əməliyyat aparmaq
üçün rəhbərilyi öz üzərinə
götürür. O, cəsarətlə döyüşün
önündə gedir, əsgərlərimizi hücuma səsləyirdi.
Bir neçə saatlıq gərgin vuruşmadan sonra kənd
düşməndən azad edilir. Bunun ardınca Qaraçinar,
Erkəc və başqa kəndlər də daşnaqlardan təmizlənir.
Kazımağanın son döyüşü Meşəli ərazisində
olur. Əməliyyat bir saata başa çatmalı idi. Cəsur
komandir əsgərlərə öz
tapşırığını verir. Elə bu vaxt sıx
meşəlikdən düşmən əks-hücuma
keçir. Əsgərlər cəld siaha sarılırlar.
Şiddətli döyüş başlayır. Bir az sonra erməni
quldurları tərksilah olunur. Lakin baş leytenant
Kazımağa Kərimov bu döyüşdə
ayağından ağır yaralanır. Yoldaşları vaxt
itirmədən onu vertolyotla Bakıya yola salsalar da, çoxlu
qan itirdiyindən onun həyatını xilas etmək
mümkün olmur. Kazımağa hospitalda dünyasını
dəyişir.
O, Bakı şəhərindəki
Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan prezidentinin 23 iyun 1992-ci il
tarixli 6 saylı fərmanı ilə Kərimov Kazımağa
Mövsüm oğluna ölümündən sonra Azərbaycanın
Milli Qəhrəmanı adı verilib. Goranboyda büstü
qoyulub, yaşadığı Qızılhacılı kənd
Mədəniyyət evinə isə adı verilib.
Vüqar ƏSGƏROV,
AMEA-nın Respublika Xatirə
Kitabı Redaksiyasının redaktoru
Mərkəz.-2011.-31 mart.- S.15.