«Aparıcılığı heç bir işə dəyişmərəm»

 

Həmkarları arasında intellekti, dünyagörüşü ilə fərqlənir. Eyni zamanda, arzulanan, sevilən aparıcalardandır, bəlkə də, buna səbəb heç vaxt çöhrəsindən əskilməyən təbəssümdür. «Bizimkilər» rubrikasının budəfəki qonağı İctimai Televiziyanın aparıcısı Hüsniyyə Məhərrəmovanın sevilməsinin bir səbəbi də pozitiv enerjiyə malik olmasıdır.

- Peşəkar musiqiçisən, bəs necə oldu ki, aparıcılığı seçdin?

- Mədəniyyət və İncəsənət Universitetini, həmçinin, Bakı Musiqi Akademiyasını bitirmişdim, hansı işlə məşğul olacağımı bilmirdim. Bircə onu bilirdim ki, çalışacağım sahə incəsənətlə əlaqəli olmalıdır. Aktrisa, müğənni də olmaq istəyirdim, amma baxıb gördüm ki, bunlar mənlik deyil. Axırda aparıcılığı seçdim. O ərəfədə İctimai Televiziyanın açılması mənə bu arzumu reallaşdırmaqda kömək etdi. Müsabiqədən keçdim və aparıcı oldum. Özümü bu sahədə çox rahat hiss edirəm, aparıcılığı heç bir işə dəyişmərəm.

- Sevilən aparıcılardansan, buna necə nail oldun?

- Aparıcıda şarm, energetika olmalıdır. O, çox gözəl xarici görünüşə və nitq qabiliyyətinə malik ola bilər, amma aparıcıda daxili pozitiv enerji yoxdusa, tamaşaçı tərəfindən sevilməyəcək. Aparıcı kimi qüsurlarım çoxdu, ideal aparıcı deyiləm, amma bununla belə sevirlərsə, deməli, məndə cəlbedicilik var.

- «Eurovision» yarışması səni aparıcı kimi daha da sevdirdi. Bəlkə də, bu uğura sənin ingilis dilində sərbəst danışmağın, intellektin səbəb oldu, necə düşünürsən?

- Ola bilər. İntellekt aparıcı üçün önəmli şərtdir. O ki qaldı «Eurovision»un mənə uğur gətirməsinə, milli finallar bizdə təntənə ilə keçir və şadam ki, orda aparıcılıq mənə həvalə olunur. Bu, böyük şansdır. Əfsus ki, aparıcıların özünü göstərməsi üçün ölkəmizdə böyük səhnələr azdır. Mən dar çərçivələr üçün yaranan insan deyiləm, efir mənə darlıq edir… Həmişə üzərimdə çalışmaq istəmişəm. İndi ingilis dilindən başqa, italyan dilini də öyrənmək istəyirəm, bu dili çox sevirəm.

- Aparıcılıq, dil öyrənmək, digər işlər… Bütün bunlara vaxt çatdıra bilirsənmi?

- Vaxt azdır, amma çalışıram, çatdırım.

- Bəs şəxsi həyatına necə, vaxt qalır?

- Şəxsi həyatım mənim üçün çox önəmlidir. İşimin çoxluğuna baxmayaraq şəxsi həyatıma vaxt ayırıram.

- Ailəlisən?

- Çox gözəl ailəm var, iki ildir ailəlik həyatı yaşayıram. Dünyanın ən xoşbəxt qadınıyam. Özümü bəxtəvər insan sayıram. Təsəvvürümə gətirə bilməzdim ki, belə gözəl insanla ailə quracağam. Həyat yoldaşım həm zahirən gözəldir, həm də daxilən. Anlayışlı insandır, məni bir baxışla başa düşür.

- Yoldaşınız hansı peşənin sahibidir?

- Rok musiqisi ilə məşğul olur, zərb aləti ifaçısıdır. Bəlkə, onun incəsənətdə olması mənimlə dil tapmasına kömək edib. O, sənətimdə çox dəstək olur. İstər mənəvi, istərsə də maddi baxımdan. Nə vaxt hara lazımdırsa, aparır, gətirir və s.

- Aparıcının çərçivədə olması, səncə, vacibdir?

- Mənə deyirlər, çərçivəsiz, komplekssiz aparıcısan. Azadlığı, sərbəstliyi çox sevirəm. Amma bunun da bir həddi var, azadlıq anarxiyaya çevrilməməlidir. Müəyyən normalar var; məsələn, tamaşaçıya arxa çevirmək olmaz, müraciət formasına diqqət yetirilməlidir, münasibətə fikir verməliyik.

- Həmkarlarında hansı xüsusiyyətlərə tənqidlə yanaşırsan?

-Tənqid etmək istəmirəm, amma hesab edirəm ki, aparıcı intellektli, dünyagörüşlü olmalıdır.

- Bəyəndiyin aparıcılardan kimin adını çəkərdin?

- Mənimlə birgə «Eurovision»un aparıcılığı həvalə olunan İham Qasımovu bəyənirəm.

- Başqa televiziyalarda bəs?

- Onda gərək çox fikirləşim… Gəl bu sualdan keçək.

- Bir dəfə efirdə uzun saçlarda göründün, deyim ki, çox da yaraşırdı… Saçlarını uzatmaq fikrin yoxdur ki?

- Yox, yox, uzun saçları heç xoşlamıram. O stilist Anarın ideyası idi. Amma bundan sonra heç vaxt məni uzun saçlarda görən olmayacaq. Həm yaraşmır, həm də özümü rahat hiss eləmirəm.

- Uşaqlıqdan qısa saç düzümün olub, yoxsa?

- Yox, uşaq vaxtı, qalın, uzun hörüklərim vardı, bəlkə ona görə də uzun saçdan bezdim. Onu da deyim ki, uzun saç qadın üçün vacib gözəllik amili deyil.

- Həyat yoldaşın, bu stilini bəyənir?

- Qısa saç düzümüm onun da xoşuna gəlir. Deyim ki, onun saçı uzundur və bu, məni valeh edir. Həmişə arzum idi ki, uzunsaçlı oğlanla ailə həyatı qurum, arzuma çatdım.

- Ev işləri ilə aran necədir?

- İndi məşğul olmuram, işlərim çoxdur. Amma dadlı yeməklər bişirirəm.

- Məsələn?

- Milli mətbəxin bütün yeməklərinə bələdəm. Xüsusilə də, döşəməli plovu yaxşı bişirirəm. Lənkəranlı olmasam da, ləvəngini onlardan dadlı hazırlayıram.

- Bəs özün necə, qurmansan?

- Qurmanam, dadlı yeməkləri çox yeyirəm.

- Deyirsən, çox yeyirsən, bəs çəki almaqdan qorxmursan?

- Yataq otağımda tərəzim var, hər səhər çəkimi yoxlayıram.

- Normal çəkin nə qədərdir?

- 55… Çəkim artanda dəli oluram. Çəkim aşağı olanda isə sevinirəm.

- Əyləncələri xoşlayırsan, ümumiyyətlə, boş vaxtdan necə istifadə edirsən?

- Dostlar və ailəmlə bərabər restoranlara getməyi, sakit musiqi sədaları altında yemək yeməyi çox sevirəm. Rəqs etməyi xoşlayıram. Xəstə olsam belə rəqs etməkdən qalmıram. Dostlarla, ya da həyat yoldaşımla əylənirəm, rəqs edirəm.

- İsrafçısan?

- Həm də necə. Pullarımı, əsasən, geyimə xərcləyirəm. Xüsusilə də, aksessuarları çox sevirəm. Xarici ölkələrdə olarkən orijinal çanta, fərqli aksessuarlar görəndə qiymətini soruşmuram, dərhal neçəyə olsa, alıram.

- Həyat yoldaşınla büdcən eynidir?

-Yox, bizdə pul söhbəti yoxdur ki, ay sən nə qədər məvacib aldın və s. İndiyə qədər həyat yoldaşımın nə qədər məvacib aldığını soruşmamışam, o da mənim maaşımla maraqlanmayıb. Allah yetirir.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.-2011.-31 mart.- S.15