“Bu əsr bütün mənalarda susmaq əsridir”

 

Novruz bayramından sonra ilk müsahibim Gənc Ədiblər Məktəbinin məsul katibi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Zərdüşt Şəfizadədir. Yeni iş günündən bir gün əvvəl «Facebook»da Zərdüşt müsahibə təklifimi qəbul etdi və gənc dostumla maraqlı bir söhbətimiz alındı.

- MKM-in "uzun siyahı"sında sənin də adın var. Səni bu münasibətlə təbrik edirəm. Bu il, doğrudanmı, Azərbaycanda 20 ən güclü nasirdən birisən? Nə gözləyirsən, bu müsabiqədən?

- Təbrikə görə çox sağ ol. Ancaq xatırladım ki, bu iyirmilik, səhv eləmirəmsə, 110 müəllif tərəfindən təqdim olunmuş əsərlərin içindən seçilib. Yəni, bu miqyasdan baxaraq mənə Azərbaycanın iyirmi yazıçısından biri demək olmaz. 110 nəfərdən təxminən beş nəfərdən biri seçilib və onlardan biri də mən olmuşam. Ancaq onluq haqqında heç nə deyə bilmərəm: «20»likdən bircə Cavidin romanını, bir də Sahilənin müəyyən hekayələrini oxumuşam, qalan təqdim olunmuş əsərləri oxumadığım üçün hekayələrimin onluq uğrunda rəqabətə necə dözəcəyini deyə bilmərəm. Ümumiyyətlə, kiminsə alın tərinin, zəhmətinin itməsini, puça çıxmasını, dəyərləndirilməməsini sevən adam deyiləm. Ona görə də rahat bir şəkildə, oxumadan, tanımadan kiminsə haqqında nə gəldi deyən adamlardan da xoşum gəlmir. İnşallah bu müsabiqə hər kəsə layiqli qiymət versin, necə deyərlər, içində də mənə.

- Zərdüşt, texnologiya əsrində, kitabdan uzaq düşmüş, kifayət qədər yazarı olan cəmiyyətdə, sənin də ədəbiyyatla məşğul olmağına nə ehtiyac var? Nə vaxt hiss elədin ki, sən də yazmalısan?

- Artıq dördüncü sinifdə oxuyanda, oxuduğum kitabların siyahısını tutmuşdum və o siyahı məndə qalır. İndi fikir verirəm ki, onların arasında Nobelçilər də olub. Yəni, uşaq yaşlarımdan əvvəl atamın təkidi, sonra artıq səbəbi özümə indi də məlum olmayan həvəslə mütaliə ilə məşğul olmuşam. Oxuduqlarımı o zaman nə dərəcədə başa düşdüyümü deyə bilmərəm, amma bax yazmaq həvəsi məndə elə o vaxtdan oyanmışdı. Evdə ilk dövrlərdə yazdığım cızmaqaralar durur. Əhvalım pəjmürdə olanda onlara baxıb gülürəm. Ümumiyyətlə, hesab edirəm ki, yazmaq ehtiyacı bu qloballaşan və getdikcə axarından baş açmaq müşkül olan dünyada hamıda yaranır. Hər kəs heyrətamiz şəkildə sözlə dolu kimi görünür. Düşünürəm ki, dünyada bu dəqiqə nə qədər qarmaqarışıqlıq hökm sürsə də, bu əsr sözün düşünülə bilən bütün mənalarında “susmaq” əsridi, buna görə də hər kəs susur. Hər halda bu, mənə belə görünür. “Susan insanlar”ın içində isə fırtınalar yatır - bax bunu içəridən çıxarmağın ən sakit yolu da elə yazmaqdı. Burda isə yeni, qəribə bir təzad ortaya çıxır- yazmaq artıq susmaq deyil axı. Və bütün bunlar ümumi müddəalardı. Hər bir yaradıcı adamın yazmaq üçün xüsusi bir müddəası da var, ancaq o ifadə oluna bilmir - ancaq yazıla və ədəbiyyata çevrilə bilir. Yəni, onun tərifi elə onun özüdü.

- Bizdə cürbəcür, rəngbərəng ədəbiyyat adamları var... Sənin də mənsub olduğun bir cəbhə var. Nədən bu cəbhədəsən?

- Bu sualı mənə bir neçə dəfə veriblər. Hətta bu sualı aqressiv və təhqiramiz şəkildə verənlər, cavabımı öz aləmlərində “alt-üst” edib, məhz öz hazır cavablarını mənə sırımaq istəyənlər, bir sözlə, mənə təsir etmək istəyənlər də az olmayıb. Bilirsən, Cəlil, mən indi başqa bir cəbhədə, lap indiki mövqeyimə əks-bir cəbhədə belə olsaydım, sən məndən müsahibə alanda bu sualı verəcəkdin. Və inan ki, mənim cavabım onda da belə olacaqdı: mən yazım və yazmaq istəyim qarşısında məsuliyyət daşıyıram, mənim üçün ədəbiyyatda cəbhələr, tərəflər, rəqiblər, müharibələr maraqsızdı. Mənim üçün maraqlı olan mətnlərdi- şəxslər və onların şəxsi münaqişələri yox. Bu məntiqlə istənilən cəbhədə eyni yazıları yaza bilərəm. Və düşünmürəm ki, içində ədəbiyyat sevdası olan kimsə, yazı masası arxasına keçəndə və ya ağlına iki misra şeir gələndə hansı cəbhədə olduğunu ölçüb-biçərək yazır.

- Çoxlarının bəyənmədiyi, arxasınca asıb-kəsdiyi, gənclərdən istifadə etməkdə günahlandırılan Rəşad Məcidlə eyni cəbhədə görünmək, onun "sağ əli" sayılmağın səni narahat etmir ki?

- Özümü Rəşad müəllimin sağ əli hesab etmirəm, ancaq elə görünürsə, mən bununla ancaq fəxr edə bilərəm: o Azərbaycanda 3 böyük jurnalistdən, redaktordan biridi. Hətta gördüyüm ən tolerant və səbirli adamdı da deyə bilərəm. Hər bir kəsin həyatında müəyyən nöqtələr ardıcıllığı var ki, onların biri sıradan çıxanda digərlərini də arxasınca aparır və ya əksinə: onların biri həyatına daxil olanda digərlərini də gətirir. Mən 2004-cü ildə “Ulduz” jurnalında İlqar Fəhmini tapmaq və hekayəni ona təqdim etmək üçün AYB-yə gəldim. İlqar hekayəni bəyəndi, vaxtaşırı məni yanına çağırdı, ədəbiyyatdan, yazıçılıqdan və yazılarımdan səxavətlə danışdı. Qeyd edim ki, bu söhbətlər hələ də davam edir. Bununla da həyatımda həmin nöqtələrdən biri yarandı- mən o vaxta kimi həkim olacağımı düşünür və özümü dördüncü qrup imtahanlarına hazırlayırdım. Sonra Rəşad müəllimi tanıdım. Rəşad müəllim hələ də unutmadığım bir mehribanlıqla əlini kürəyimə vuraraq “Bəlkə də” adlı hekayəmi bəyəndiyini söylədi. Bu oldu 2008-də. Az sonra Rəşad müəllim mənə Gənc Ədiblər Birliyinin katibliyini təklif etdi. Bununla da bayaq qeyd etdiyim nöqtələr ardıcıllığı nəzəriyyəsi özünü doğrultdu. Mənimlə bərabər, elə mənim yanımdaca Rəşad müəllimlə onlarca gənc tanış olub. Bundan əlavə gənclər üzrə katibdi- gündə neçə gənc ona yazılarını təqdim edir, dəqiq deyə bilmərəm. Rəşad müəllim qəzetinin və gənclər üzrə katibliyin qapısını hər kəsə açıq saxlayıb. Mən də bu fürsətdən sözün yaxşı mənasında faydalanmağa çalışmışam, hələ də gücüm çatdığı qədərilə çalışıram. İstifadəyə qalanda isə, bu sözü hər bir kəsə demək olar. Elə bu dəqiqə sən məndən növbəti səhifəni doldurmaq, sizin qəzetin redaktori səndən qəzetini maraqlı eləmək, mən isə sizdən fikirlərimi yaymaq, özümü reklam etmək üçün istifadə edirəm. Yəni, çinlilər demişkən, əlinə çəkic almış adam hər şeyi mismar kimi görür. Əgər kimsə nəsə demək istəyirsə, kiminsə qarasınca danışmaq, boş-boş sözlərlə özünü ədəbiyyat və ya mənəviyyat fədaisi kimi göstərmək istəyirsə, o, hər kəsdən deməyə söz tapacaq.

- Dünyada gedən ədəbi proseslərin sürəti ədəbiyyatımızda başgicəllənməsi yaratmır ki? Səncə, ədəbiyyatımız bu proseslərlə ayaqlaşa bilirmi?

- Çox təəssüf ki, ədəbiyyatımızın dünya ədəbiyyatındakı proseslərə qoşulub getdiyini görə bilmirəm. Bəli, bizim hazırkı ədəbiyyatda qarmaqarışıqlıq var, ancaq bunun dünyadakı prosesə zərrə qədər də aidiyyəti yoxdu. Əlbəttə, müəyyən istisnalar da var. Ümumilikdə isə bizdə hal-hazırda elə bir dövrdü ki, bu dövrü dünya ədəbiyyatı çoxdan keçib, hələ üstündən su da içib. Ancaq bu fikirləri özümün də daxil olduğum yazarlarımızı əksik göstərmək üçün demirəm: bəlkə də real ədəbiyyat elə belə yaranır, bəkə 100 il qabaq da belə olub, bəlkə də bu qarışıqlıq kiminsə yetişməyi üçün bir şəraitdi - sən özün də yaxşı bilirsən ki, dünyada gözlənilməz mühitlərdən gözlənilməz adamlar və ya cərəyan yaradan qruplar çıxıb. Yəni, ümumiyyətlə nəyin yaxşı, nəyin pis olduğunu tarixdən öncə bir varlıq bilir: o da başımızın üstündə onu təkrar etmək cəhdlərimizə baxıb gülümsəyir və susur.

- GƏM-in bəzi üzvləri səninlə Qismətin AYB tərəfindən xüsusi qayğı gördüyünüzü, digərlərinin kənarda qaldığını iddia edir. Ümumiyyətlə, ədəbiyyat adamına qayğı lazımdırmı?

- Qayğı, nəinki, ədəbiyyat adamına, hətta kəndçiyə, fəhləyə, məmura belə lazımdır. Dünyada insanların elə ən böyük problemi də budur: sevgi və qayğı. Məgər yazıçı və şairlər neçə min ildir bunu yazmırlarmı? Üstəgəl bir adamın içində yanğı varsa, təkdirsə, darıxırsa, həyatı olduğu kimi qəbul edə bilmirsə - bütün bunlar yaradıcı adamların xasiyyətləridi- onda ona daha çox qayğı lazımdı. AYB-dən xüsusi qayğımıza gəldikdə isə: Gənc Ədiblər Məktəbinin 80 nəfərə yaxın üzvü var, onlardan Birliyə ardıcıl iki il ərzində 25-30 gənc üzv oldu, ardıcıl iki il ərzində elə bu qədər adam da prezident təqaüdünə layiq görüldü və bu proses indi də davam edir. Ən gənc fəallara gənclər mükafatı verildi və onlardan bir neçəsi müsabiqələrdə yer tutdular, dayanmadan qəzetlərdə yazdılar, tədbirlərdə iştirak etdilər, reportajlar hazırladılar, - digərləri əgər sadəcə susublarsa, başlarını aşağı salıb, nə isə başqa bir işlə məşğul olublarsa, digər sahələrə yönəliblərsə və yaxud mənim təsəvvür edə bilmədiyim digər səbəbələrlə bir azca kənara çəkilib və ya uzaqlaşıblarsa, bu, o deməkdi ki, bizim ikimizə xüsusi qayğı var? Biz evdə iki qardaşıq, atam ziyalıdı, anam evdar xanım - indi mənim üçün evimizdə atam tərəfindən xüsusi qayğı olub? Mənim oxuduğum kitabları qardaşım da oxuyurdu, mən yazan dövrlərdə o da nəsə qaralayırdı - indi o, başqa sahədədi, mən isə ədəbiyyatda.

- Bəzi qələm adamları intelektli, mütaliəli olması ilə öyünür. Lakin danışdıranda heç həmyaşıdlarının yaradıcılığı haqqında da fikir söyləyə bilmir. Sən necə öz həmyaşıdlarını, öz ədəbi nəslinizdən olan imzaları oxuyursanmı?

- İmkan daxilində hər birini oxuyuram. Ancaq geniş mütaliəm dünya ədəbiyyatı ilə bağlıdır. Öz ədəbiyyatımıza o qədər də vaxt ayıra bilmirəm. Səbəb isə inkişaf istəyidir. Yəni, hələ ki, gənc olduğumdan istifadə edərək, ancaq özümü təkmilləşdirməklə məşğulam. Biz bir-birimizi ciddi şəkildə yəqin müəyyən dövrdən sonra oxuyacağıq. Ancaq ümumilikdə, əsasən, diqqətimi nəşr olunan kitablar çəkir. Öz yaşıdlarımdan son oxuduğum kitab Cavid Zeynallının “Günəşi gözləyənlər” romanıdı.

- Yaradıcılıq planlarını oxucularla bölüşə bilərsənmi?

- Hekayələrim 2 silsilədən ibarət olub, artıq bir kitab həcmində var. Yarımçıq yazılarım da çoxdur. Ancaq planlar onları göstərmək üçün yox, həyata keçirmək üçündür. Allah qismət edərsə, planlarımızı həyata keçirərik.

 

 

Cavanşir, Cəlil

 

Mərkəz.- 2011.-31 mart.-S.10.