Qloballaşma və mədəniyyət
(esse)
(əvvəli
qəzetimizin ötən saylarında)
Ümumdünya tarixinin məqsədi dünya ruhu ilə özünü dərketmədən ibarətdir. Ümumiyyətlə,
hər bir xalqın ruhu belə bir məqsədə can
atır və o, özünü
dərk etməyənə qədər
sakitləşə bilmir. Özünü
dərketmə prosesində xalq artıq öz aqibətini, məhrumiyyətini
və məhdudiyyətini görür və başqa prinsiplərə
meydan verir. Beləliklə,
onun əldə etdiyi nəticələr, toxumlar
kara gəlir. Həmin toxumlar
sonralar başqa
xalqların yetkinləşməsində rol
oynayır.
Bir sözlə, Hegel ictimai tərəqqinin
meyarını müəyyən etməyə
çalışır və bu əsasda Ümumdünya tarixi dövrləşmələrini
sistemə salır, t ə r ə q q i -
azadlığın dərk olunmasıdır qənaətinə
gəlir. Bəşəriyyət inkişaf
etdikcə azadlığın
daha dərindən dərk olunmasına can atır.
Hegelə görə, Şərq xalqları hələ bilmir ki, ruh,
yoxsa ki, insan azaddır; bunu ona görə bilmirlər
ki, onlar (Şərq xalqları və ya
asiyalılar) özləri
azad deyillər. Onlar
ayrıca bir adamın
(məsələn, padşahın) azadlığını başa düşürlər. Əslində
isə həmin azad adamın
özü də, həqiqi mənada azad adam deyil,
despotdur. Despotlar isə heç vaxt azad ola
bilməzlər. Yalnız yunanlarda azadlığı dərk
etmək qabiliyyəti yaranmışdı və ona görə də azad idilər; lakin onlar da
romalılar kimi bir neçə adamın
azadlığını qəbul edirdilər. Elə buna görə də həmin azadlıq yarımçıq idi. Yalnız german xalqları dərk etmişlər ki, insan ümumiyyətlə
azaddır, ruh azadlığı
insan təbiətinin əsas xassəsidir.
Hegel hesab edirdi
ki, onun «dünya ruhu» bütün planet boyu hərəkət edir, özünüdərkin zirvəsinə doğru addımlayır. Qədim Şərq
- dünya ruhunun körpəlik çağı, Yunanıstan -
gəncliyi, Roma - kamillik
dövrü, German dünyası - qocalıq mərhələsidir.
Hegel bir növ “milli
iftixar” hissi ilə özünün mənsub
olduğu toplumun - alman xalqının ən yetkin
xalq, həmin xalqın qurduğu
hakimiyyətin - Prussiya
monarxiyasının ən
yüksək hakimiyyət forması, mövcud
ictimai idarə sisteminin isə ən son mərhələ
olduğunu vurğulayırdı. Lakin Hegel onu da qeyd
etməyi unutmurdu ki, bu son
mərhələ (Prussiya
monarxiyası) heç də
qocalaraq əldən düşmək əlaməti
deyil, əksinə, qüdrət və zəka
simvoludur.
Beləliklə,
ümumdünya tarixi Şərqdən Qərbə
doğru istiqamət götürür; lakin tarixi inkişaf prosesində
Şərq öz «marşrutu»
ilə hərəkət edərək
lazımi «mənzilə» yetişə bilməmişdir. Qərbi
və Şərqi bir çox
əlamət və keyfiyyətlərinə
görə müqayisə edən dahi filosof, Şərqin despotizmə meylli olduğunu dəfələrlə qeyd
etmişdi. Hegel göstərirdi ki, şərqli xarakterində
zahirən bir-biri ilə
ziddiyyət təşkil edən 2 cəhət
birləşmişdir: hamının (ondan
asılı olanların)
üzərində hökm etmək
ehtirası və özünün
asılı olduğu
adama kölə
etiqadı. Hegel öz
fikirlərini əsaslandırmaq üçün bir çox Şərq xalqlarının həyatından
misallar da gətirirdi...
Yeri gəlmişkən, qeyd edək
ki, bu gün
yapon əsilli məşhur Amerika filosofu F.Fukuyamanın tarixin sonu haqqında
müddəaları elmi-fəlsəfi fikirdə möhkəm yer tutmuşdur. Amma unutmaq olmaz
ki, F. Fukuyamadan əvvəl həmin
ideyanın mahiyyətini K. Marks
açmışdır. O, belə hesab edirdi ki,
maddi qüvvələrin
qarşılıqlı əlaqəsi ilə
müəyyənləşən tarixi inkişaf məqsədyönlü
səciyyə daşıyır və (həmin inkişaf) bütün ziddiyyətləri həll edərək kommunist utopiyasına çata biləcək. Lakin
bu tarixi konsepsiyanı
Marks heç də «özündən kəşf etməmişdir».
Həmin ideyanın ilk müəllifi
K. Marksın böyük sələfi
Hegel olmuşdur. Hegel mövcud tarixi əvvəli və sonu olan
bir proses kimi qiymətləndirirdi; o,
göstərirdi ki,
başlanğıcın inkişafı və sonu
olur. Bu, aksiomdur.
Hegel öz dövründə sənaye
inkişafının (gələcək qloballaşmanın! - F.M. ) istiqamətlərini çox diqqətlə müşahidə etmiş
və onun nəticələrini
əvvəlcədən dəqiq qiymətləndirmişdir. Hegel hesab edirdi
ki, kommersiya münasibətlərini dövlət
nizamlamalıdır. O, «Hüquq fəlsəfəsində» (§ 236) göstərirdi
ki, bir tərəfin
hədsiz sərvət toplaması, adətən digər tərəfin
hədsiz kasıblaması - dilənçiliyə düçar olması ilə nəticələnir. Ona görə
də Hegel dövlət nəzarətinin
zəruriliyini və azad sahibkarlara
şərait yaratmağı xüsusi olaraq diqqətə çatdırırdı. O, özünun son əsərlərindən birində (“İngilis bill 1831-ci il islahatı haqqında”) zəruri,
vaxtıçatmış islahatların aparılmaması nəticəsində
cəmiyyətdə baş verə biləcək dağıdıcı - inqilabi
proseslərin qaçılmaz
olduğunu xatırladırdı.
Böyük mütəfəkkir
gələcək dünyanın inkişafını insanla təbiətin
qarşılıqlı, «ağıllı», harmonik təbii
ünsiyyətində görürdü. O, sanki elmi-texniki tərəqqinin
gətirəcəyi rahatlıqla yanaşı, qlobal problemlərin
doğulacağını da hiss edərək yazırdı ki,
mədəniyyət get-gedə sərt inkişaf
qanunlarının zərbəsinə məruz qalır. O, sərvətin
insanı əşyalaşdırması barədə çox
böyük ürək ağrısı ilə söhbət
açır: insan əməyinin insan həyatı
üçün qorxunc tirana çevrildiyini qeyd edirdi; o,
Ümumdünya tarixini «ümumdünya məhkəməsi»
adlandırır.
(davamı növbəti
sayımızda)
Firuz
Mustafa
Mərkəz.-
2011.- 5 may.- S. 15.