Qoynunda tarix gizlədən
torpaq
«Zəngin tarixi-mədəni
irsimiz yüzilliklər boyu Avropanın maraq dairəsində
olub»
Hazırda
bütün dünyada etalon kimi qəbul edilən Avropa ölkələri
öz iqtisadiyyatı, sənayesi, ordusu və digər cəhətləri
ilə irəlidə olsa da, mədəni irsi baxımından
Şərq, xüsusən də müsəlman ölkələrini
üstələyə bilməyib. Məhz bu sahələrdə
avropalılar tarix boyu bizlərdən öyrənməyə,
nəyisə təqlid eləməyə, hətta bəzi
vaxtlarda bizim tarixi abidələrimizi, əşyalarımızı
pulla satın alıb Avropaya aparmaqla mədəniyyətimizi
oğurlamağa da çalışıblar. Bununla
bağlı kifayət qədər sübutlar var və
Avropanın ən məşhur muzeylərində hələ də
saxlanılan tarixi-mədəni irsimiz bunu deməyə əsas
verir. Lakin bu dəfə mən tamam başqa nümunədən,
çox uzaq tarixə bağlı olan, lakin yenicə kəşf
etdiyimiz mədəni abidəmiz barədə danışmaq və
bu abidəmizə avropalıların tarixi marağını
ortaya qoymaq niyyətindəyəm.
Bir
neçə gün bundan əvvəl Ağsu rayonuna
işgüzar səfərimiz baş tutdu. Hörmətli
müəlliməm, millət vəkili Gülər Əhmədova
bu səfərimizin əsas təşəbbüsçüsü
və təşkilatçısı idi. Çox böyük
marağıma səbəb olan isə Ağsu rayonunda yerləşən
qədim Ağsu şəhəri oldu. Ümumiyyətlə, Azərbaycanın
son orta əsr şəhərləri içərisində əhalisinin
sayına və tutduğu ərazinin böyüklüyünə
görə fərqlənən Ağsu şəhəri 1735-ci
ildən 1806-cı ilədək Şirvanın baş şəhəri
olub. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq
XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi
kimi xatırlanır. Özü də təkcə Azərbaycanda
deyil, həm də bütün Avropada tanınan Ağsu şəhərinə
xaricdən çoxlu sayda qonaqlar - tacirlər, rəssamlar,
turistlər gəlirdi. Bunu sübut edən dəlillər isə
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan
Tarixi Muzeyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə
Kömək İctimai Birliyinin birgə layihəsi əsasında
2010-cu ilin mart ayından Ağsu orta əsr şəhər
yerində başlanmış arxeoloji tədqiqatlar zamanı əldə
olundu. Məhz Azərbaycan arxeoloqları 2 ay ərzində 600
kvadratmetrlik sahədə qazıntı işləri apardı,
onun planını işlədi, aşkar olunmuş tikinti və
istehsalat ocaqlarını öyrəndi, qeydə
alınmış 1000-dən artıq müxtəlif
çeşidli maddi mədəniyyət nümunələrini,
o cümlədən 400-dən artıq sikkə nümunəsini
təmizlədi, fotosunu çəkdi və onları
sözün əsl mənasında elmi süzgəcdən
keçirdilər.
Bu
ərazidə misgərlik, dəmirçilik, boyakarlıq və
sümükişləmə sənəti ilə məşğul
olan ustalara məxsus bir neçə sənətkarlıq
emalatxanası aşkar edilib. Oradan çox nadir daş və
metal qəliblər, sikkə zərbi məqsədilə
doğranaraq hazırlanmış çoxsaylı mis lövhələr,
Avropa şəhərlərində, o cümlədən
Londonda istehsal olunmuş şüşə və çini qab
nümunələri tapıldı. Azərbaycan ərazisində
ilk dəfə olaraq “Lahıc” zərbi olan sikkələr də
məhz Ağsuda aşkarlandı.
Tədqiqat
yerindən tapılmış müxtəlif tip tarixi-mədəni
qalıqlar hazırda Azərbaycan Respublikası adlanan bu ərazidə
bir zamanlar hansı sivilizasiyanın mövcudluğundan xəbər
verməkdədir. Belə ki, yazılı qaynaqlarda Ağsu və
ya Yeni Şamaxı kimi xatırlanan, xalq arasında Ağsu
qalası və ya Xaraba şəhər kimi tanınan orta əsr
Ağsu şəhərinin xarabalıqları indiki Ağsu
rayonu ərazisində, şəhərdən 4-5 kilometr cənub-şərqdə,
Ülgüc, Ərəbuşağı, Ağarx və Curuqlu
kəndlərinin əhatəsində yerləşir. Şəhər
ərazisi plan etibarı ilə düzbucaqlı formada olmaqla təqribən
34 hektar sahəni əhatə edir. Ətrafı dərin xəndək
və val şəklində olan çox möhtəşəm
qala divarları ilə möhkəmləndirilib. Şəhərin
cənub divarlarının uzunluğu 585, şimal
divarlarının uzunluğu 580, şərq divarlarının
uzunluğu 580, qərb divarlarının uzunluğu isə 600
metrdir. Qala divarlarının çöl tərəfdən
hündürlüyü (xəndək də nəzərə
alınmaqla) 6 metrdən çoxdur. Şəhər ətrafı
müdafiə divarlarının etibarlığını təmin
etmək məqsədilə qala boyunca 3 metr dərinliyi və
17 metr eni olan xəndək qazılıb. Xəndəyin
içərisinin torpağı bütünlüklə qala
divarlarının döşünə verilməklə
çox möhtəşəm val ucaldılıb.
Val-divarın üstündə və kənarlarında
çay daşından hörgü qalıqları olduğu
müşahidə edilir. Abidənin ətrafında 4 qəbiristanlıq
var. Onlardan daha yaxşı qalanı şimal istiqamətindədir.
Oradakı qəbir daşlarının bir qisminin XVIII əsrin
sonlarına aid olduğu bildirilir. Xatirə
daşlarının möhtəşəmliyi və onlar
üzərindəki qeydlərə əsasən
düşünmək olar ki, qəbrisitanlıqda əsasən
Şirvan hökmdarları nəslindən olan
tanınmış insanlar dəfn olunub.
Orta
əsrlər Ağsu şəhəri ilə
tanışlığımız zamanı həmin ərazidə
tədqiqat aparan arxeoloq qrupu ilə də tanış ola
bildik. Çox savadlı və peşəkar mütəxəssislərdən
- Qafar Cəbiyev, Fariz Xəlili, Akif Quliyev, Ceyhun Eminli, Elmira
Abbasova, Süleyman Allahverdiyev və digər şəxslərdən
ibarət bu heyətin gərgin əməyi nəticəsində
Azərbaycanın tarixi-mədəni irsi yenidən kəşf
olunmaqdadır. Həqiqətən də bu insanların
apardığı gərgin tədqiqatlar nəticəsində
orta əsrlər tariximiz və mədəniyyətimiz barədə
bir sıra fikirlər irəli sürmək
mümkündür:
1. Qazıntı nəticəsində
əldə olunmuş maddi mədəniyyət nümunələri,
o cümlədən zəngin keramika məmulatı və sikkə
nümunələri orada XVIII əsrdə xüsusilə
intensiv şəhər həyatı olduğundan xəbər
verir. Bununla belə, tapıntılar orada XVIII əsrə qədər
və XVIII əsrdən sonra da həyat olduğunu təsdiq
edir;
2.
İlkin tədqiqatlar zamanı aşkar olunmuş rəngarəng
çeşidli maddi mədəniyyət nümunələri
bir çox xüsusiyyətləri, o cümlədən bədii,
bədii-texniki və texnoloji xüsusiyyətləri
baxımından Azərbaycanın digər şəhərlərinin
materiallarından nəzərəçarpacaq dərəcədə
fərqlənir. Bu baxımdan həmin abidənin və oradan
aşkar edilmiş maddi mədəniyyət nümunələrinin
daha geniş çərçivədə öyrənilməsi
bütövlükdə Azərbaycanda son orta əsr şəhər
mədəniyyətinin dərindən və əhatəli tədqiqi
baxımından xüsusi aktuallıq kəsb edir;
3.
Ağsu son orta əsr şəhər yeri Azərbaycanda nadir
arxeoloji abidələrdəndir ki, şəhər süqut edəndən
sonra onun ərazisində heç bir tikinti, qazıntı və
bu qəbildən olan təsərrüfat işləri
aparılmayıb. Bu isə o deməkdir ki, orada şəhərin
tikintiləri, istehsalat ocaqları, küçə və
meydanları digər abidələrlə müqayisədə
daha yaxşı qalıb.
Bütün
bunlar isə bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin
daxili plan quruluşunu, memarlıq xüsusiyyətlərini,
abadlıq, sanitariya və su təchizatı məsələlərini,
şəhər sənətkarlığının inkişaf
səviyyəsini, ayrı-ayrı sənət sahələrində
müşahidə olunan inkişaf və tənəzzül
meyllərini öyrənmək baxımından son dərəcə
mühüm elmi əhəmiyyət kəsb edir. Başqa
sözlə, Ağsu (Xaraba şəhər) abidəsi nəinki
Azərbaycanda, bütövlükdə Qafqazda son orta əsr
şəhər probleminin öyrənilməsi
baxımından bir növ etalon ola biləcək abidədir.
Bu mənada orada geniş miqyaslı arxeoloji tədqiqatlar
aparılmasının vacibliyi hər zaman aktual olaraq
qalmaqdadır. Bütün bunlar isə «Miras» İctimai
Birliyinin təşəbbüsü ilə 2010-cu ilin mart
ayından etibarən orada genişmiqyaslı arxeoloji tədqiqatlara
başlanılması üçün əsas oldu.
Abidəni
gəzməkdə bizə yaxından yardımçı olan
qrup üzvləri tədqiqatın gedişi barədə də
bizləri məlumatlandırırdılar. Məlum oldu ki, AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan
Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə
ekspedisiya «Miras» İctimai Birliyinin müraciəti əsasında
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu direktorunun 4 mart 2010-cu
il tarixli əmri ilə təşkil olunub. Ekspedisiya üzvləri
5 mart 2010-cu il tarixdə tam tərkiblə Ağsu rayonuna ezam
edilib. Bir gün təşkilati-hazırlıq işləri ilə
məşğul olduqdan sonra martın 7-də Ağsu (Xaraba
şəhər) son orta əsr şəhər yerində
çöl tədqiqat işlərinə
başlanılıb.
Orta
əsr Ağsu şəhər (Xaraba şəhər) yerində
tikintilər əsasən çay daşından inşa
olunub. Tikintidə birləşdirici material kimi
palçıqdan istifadə olunub. Binaların
divarlarının bünövrə hissəsi
yonulmamış, bünövrədən yuxarı hissəsi
isə yonulmuş çay daşından hörülüb.
Divarlarda hələ ki, Şirvan memarlıq məktəbi
üçün xarakterik olan və antiseysimik funksiya
daşıyan ağac kətillərə təsadüf
olunmayıb. Görünür, hələlik
aşkar edilən bina qalıqları fundamental tikintilərə
aid deyil. Adətən yardımçı binalarda antiseysmik kəmərlərdən
istifadə olunmurdu. Qazıntı sahəsində az miqdarda
bişmiş kərpic nümunələrinə rast gəlinib.
Şəhər xarabalıqlarını gəzərkən də
bişmiş kərpic qırıqlarına az-az hallarda təsadüf
olunur. Rast gəlinən bişmiş kərpiclərdən də
əsasən ocaq kənarlarının hörülməsində
və döşəmə yerlərində istifadə olunub.
Aşkar edilmiş divarlarda hələlik kərpicdən
istifadə olunduğunu təsdiqləyən qalıqlara təsadüf
olunmayıb.
Tikintilərdə ağac materiallarından
geniş istifadə edilib. Aşkar edilən dirək yerləri,
ağac çürüntüləri, kömür qalıqları,
xüsusən də müxtəlif formalı və müxtəlif
ölçülü dəmir mismarlar bunu bir daha təsdiq
edir.
Qədim Ağsu şəhər abidəsini
gəzərkən xüsusilə diqqətimi çəkən
məqamlardan biri də burada aşkar olunan əşyalarda həm
tarixi, həm də mənəvi dəyərlərimiz
baxımından çox nadir nişanələrin yer
almasıdır. Əsas marağıma səbəb olan pul sikkələr
oldu. Məhz həmin sikkələrin üzərindəki
görüntü və yazılar xüsusi araşdırmaya cəlb
olunmalıdır. Belə ki, Ağsu qazıntıları
zamanı eyni sahədən 20-yə qədər
gümüş sikkə aşkar edilb. Həmin sikkələr
Şamaxı və Gəncə zərbxanalarında Nadir
şah, Kərim xan Zənd və anonim
buraxılımış abbası və şahılardan ibarətdir.
Şamaxıda zərb edilmiş sikkələrin aversində
“Ya, sahib zaman”, reversində “Şamaxı zərbi ” və
buraxılış ili verilib (1774-1775) - (1777-1778). Gəncədə
zərb edilmiş sikkələrin aversində “Zamanın sahibi
imamın sikkəsi günəşi və ayı
qızıla və gümüşə çevirirdi” və
ya “Ya sahib əz-Zaman imamın sikkəsi günəşi və
ayı qızıla və gümüşə çevirirdi”
sözləri yazılıb. Bu sikkələr hicri tarixi ilə
1180, 1190, 1195-ci illərdə (1766-1767, 1776-1777, 1780-1781-ci illər)
zərb edilib. Aşkar edilmiş abbasıların yuxarı
çəkisi 4,1 qr, aşağı çəkisi 1,85 qr təşkil
edir. Şahıların yuxarı çəkisi 1,5 qr,
aşağı çəkisi 1,1 qr-dır. 1187-ci ildə
(1773-1774) Gəncədə zərb edilmiş və çəkisi
3,8 qr olan abbasının aversində “Nadir/əs-Sultan”
sözü zərb edilib. Sikkənin reversində “1187 /Gəncə/
zərbi”sözü yazılıb.
XVIII əsrin 60-cı illərinin
sonlarında zərb ili və yeri pozulmuş anonim
abbasının aversində “Ya Kərim/əs-Sultan” sözü
verilib. Sikkənin reversində “Ləilahəilləllah, Məhəmmədən
Rasulallah, Əliyyən Vəliyullah” kəlamı zərb
edilib.
Qazıntı sahəsindən 400-dən
artıq mis sikkə də aşkar olunub. Bu sikkələr tək
və dəfinə şəklində aşkara
çıxarılıb. Aşkar edilimiş mis sikkələr
arasında ən qədiminin XIII əsrin ortalarına aid olan
Şirvanşah II Axsitanın (1243-1260-cı illər)
Şamaxıda zərb etdirdiyi mis fulusdur (çəkisi 1,6
qr). Sikkənin aversində 2 sətirdə «Kaan əl-Adəl»
sözü verilib. Sətirlərin arasında 2 tərəfli
3 diş zərb edilib. Sikkənin reversində müsəlman
simvolikası “Ləilahəilləllah, Məhəmmədən
Rasulallah” sözləri verilib. Sikkənin üzərində
“Kaan əl-Adəl” kəlməsi Şirvanşahlar dövlətinin
Çingiz xanın imperiyasına tabe olduğunu göstərir.
Ümumiyyətlə,
bir gün ərzində gəzdiyimiz Ağsu orta əsr şəhər
abidəsi barədə saatlarla yazmaq və danışmaq olar.
Çünki Azərbaycan tarixinin gizli qalmış bu incilərinin
meydana çıxması hər bir azərbaycanlı kimi, məni
də yaxşı mənada təəccübləndirib və
həyəcanlandırıb. Zəngin tarixi-mədəni irsə
malik Vətənimizi təbliğ etmək və dünya
sivilizasiyasının mərkəzlərindən
olmasını sübut etmək baxımından bu cür tədqiqatlar
davam etdirilməli və daha da intensivləşdirilməlidir.
Bizim üzərimizə düşən vəzifə isə nəinki
Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda bu
faktları yaymaq və Azərbaycanı tanıtmaqdır. Odur
ki, məhz Ağsu orta əsr şəhər abidəsi barədə
daha geniş elmi çıxış hazırlayıb növbəti
elmi konfranslarda çıxış etməyi qarşıma məqsəd
kimi qoymuşam.
Sonda
bu tədqiqatları təşkil edən, yerində
araşdırmalar aparan insanlara dərin təşəkkürümü
bildirir və qəlbi Azərbaycanla döyünən hər
bir şəxsin qarşısında baş əyirəm.
Fəlsəfə
doktoru Əhməd Şahidov,
Rusiya
Federasiyası Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının
doktorantı
Mərkəz.-
2011.- 5 may.- S. 10.