«Əcnəbi sənətkarlar Azərbaycana üz tuturlar»

 

Musiqili Komediya Teatrının repertuarına yeni əsər daxil edilib - V. Dolidze və A. Saqarelinin «Xanuma» əsəri. Qonşu gürcü xalqının əsrlərdir ki, sevə-sevə baxılan şöhrətli komediyası, eləcə də dünyanın saysız teatrlarının afişalarını bəzəyən Xanuma obrazı bu dəfə Azərbaycan dilində danışacaq. Hələ 70-ci illərdə əfsanəvi aktrisa, SSRİ xalq artisti Hökümə Qurbanovanın ifasında görünən Xanuma bu dəfə xalq artisti, gülüş ustası Afaq Bəşirqızının vasitəsilə görüşümüzə gələcək. Milli teatrımızda dramatik-faciəvi qadın obrazlarının bənzərsiz ifaçısı Hökümə Qurbanova və gülüş ustası Afaq Bəşirqızı - milli aktyorluq məktəbinin 2 fərqli sənətkarı. Elə burdan da görünür ki, tamaşa qeyri-adiliyi ilə fərqlənəcək. Mayın 10-da premyerası keçiriləcək tamaşa barədə daha ətraflı Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdən məlumat almışıq.

- «Xanuma»nı 40 il sonra Musiqili Komediya teatrına gətirdiniz. Azərbaycan teatr tarixində Dram Teatrının məhsulu kimi yaddaqalan bir əsərə Musiqili Komediya teatrında doğrudanmı ehtiyac duyulurdu?

- Bu gün Azərbaycan teatr məkanında elə müsbət irəliləyişlər var ki, yaxşı əsərə hər bir teatrda ehtiyac duyulur. Konkret olaraq bu əsərə gəlincə, qeyd edim ki, «Xanuma» operetta janrında yazılan bir əsərdir. Digər tərəfdən nəzərə alsaq ki, bu əsər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Beynəlxalq layihə kimi təsdiqlənib və dövlət sifarişi ilə hazırlanır, deməli, «Xanuma»nın teatrımıza və ümumilikdə Milli teatrımıza uğur gətirəcəyinə həm özümüz inanmışıq, həm də bu işə razılıq verən insanları inandıra bilmişik. Ona görə də məsuliyyətimizi yaxşı başa düşürük. Xanuma rolunda Afaq Bəşirqızını görənlər bu aktrisaya yenidən vurulacaqlar. Onun istedadının müxtəlif çalarlarını görəcəklər. Sənətkar hər yaşda yenilənməsə, onun gündəmdə qalması və tamaşaçı sevgisini qazanması mümkün deyil. Xanuma da Afaq xanımın taleyində yeni bir dönüş mərhələsi olacaq. Onun çox maraqlı məşqləri tamaşanın uğurlu alınacağına böyük ümidlər verir. Tamaşada, eyni zamanda, xalq artisti Arif Quliyev, əməkdar artistlər Xanım Qafarova, Səmayə Musayeva, aktyorlar Ələkbər Əliyev, Gülcahan Salamova, Nahidə Orucova, Əzizağa Əzizov, Fərid Əliyev, Nərgiz Kərimova, Hüseyn Əlili, Əliməmməd Novruzov rol alacaqlar.

- Bu tamaşa beynəlxalq layihə kimi təqdim olunacaq. Yəni tamaşanın rejissoru, rəssamı Gürcüstandan dəvət olunub. Bu dəvət hansı zərurətdən yarandı?

- Bu gün Azərbaycanın sənət məkanına, xüsusən teatr sahəsinə başqa ölkələrdən dəvət edilmiş ən müxtəlif rejissor, bəstəkar və rəssamların adı daxil olur. Bu gün teatrlarımıza xarici ölkə sənətçiləri böyük həvəslə üz tuturlar. Mən 10 illər bundan öncə bizim sənət adamlarının xaricə axınını xatırlayıram. İndi isə əcnəbi sənətkarlar Azərbaycana üz tuturlar. Hətta bölgə teatrlarında işləmək belə onlar üçün xeyirli və maraqlıdır. Bu, ümumilikdə məmləkətimizin uğurudur. Deməli, ölkəmiz o qədər inkişaf edir ki, hamı, hər kəs bura can atır.

Təsadüfi deyil ki, 2010-cu ilin «Zirvə» mükafatını Rusiyanın Sankt-Peterburq şəhərinin Aleksandrinski Teatrından dəvət olunmuş rejissor İsgəndər Sakayevin Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında hazırladığı «Yay gecəsində yuxu» tamaşası aldı. Yenə ötən ilin may ayında Beynəlxalq musiqi layihəsi çərçivəsində Heydər Əliyev Sarayında Firəngiz Əlizadənin «İntizar» operasının yeni quruluşda premyerası təqdim olundu. Beynəlxalq bədii heyət tərəfindən hazırlanmış tamaşanın quruluşçu rejissoru Moskva «Helikon-opera» teatrının bədii rəhbəri, «Qızıl maska» teatr mükafatı laureatı, Rusiyanın xalq artisti, professor Dmitri Bertman, quruluşçu rəssamı Hartmut Şorqhofer, dirijoru Vladimir Ponkin, xoreoqrafı Edvald Smirnov idi. Bu siyahını daha da artırmaq olar.

Görün, bizim sənət məkanına nə qədər yeni isimlər daxil olur?! Bax biz də bu təcrübədən və imkandan yararlanmaq istədik və gürcü rejissoru Koça Kapanadzeyə müraciət etdik. O isə, şübhəsiz ki, öz komandasını təklif etdi. Quruluşçu rəssam Lomqul Murusidze, geyim üzrə rəssamlar Ketevan Titişvili, Tamuna Maçaraşvilinin «Xanuma» üzərində bizim sənətkarlarla birlikdə çalışması təklifi Mədəniyyət və Turizm Nazirliyində qəbul edildi. Biz də işə başladıq. Elə bilirəm ki, tamaşanın qazanacağı uğur düzgün seçim etdiyimizi sübuta yetirəcək.

- Bildiyimizə görə, Akademik Milli Dram Teatrında da «Xanuma»ya yenidən müraciət olunub.

- Çox gözəl. Gürcüstanda «Xanuma»nın onlarla variantı mövcuddur. Yəni mövzu eynidir, amma süjet xətti, əsərdəki hadisələr fərqli. Düşünürəm ki, Dram Teatrının «Xanuma»sı da maraqlı olar və mən bu layihəni də alqışlayıram. Bu gün Üzeyir Hacıbəylinin məhz operetta janrında yazdığı «Arşın mal alan», «O olmasın, bu olsun» komediyaları nəinki ayrı-ayrı teatrlarımızda, hətta Marionet teatrında, kukla teatrlarında repertuara daxil edilir. Hər birisinin də öz müsbət tərəfləri var. «Xanuma» da elə. İndi bu əsər dünya teatrlarını bəzəyir. İnanıram ki, bizim «Xanuma» da çox fərqli bir sənət nümunəsi olacaq. Və bu tamaşa da Musiqili Komediya Teatrı üçün irəliyə doğru bir addım kimi yaddaşlarda qalacaq. Odur ki, mən bu gün Musiqili Komediya Teatrının yaradıcılığı ilə maraqlanan hər kəsi sevindirmək istəyirəm - «Gözləyin, «Xanuma» gəlir!».

 

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 5 may.- S. 11.