Erməni həyasızlığı son həddə çatıb

 

Qarabağ separatçıları Kəlbəcərdə Şaumyan adlı yeni rayon yaradıblar. Bu, onu göstərir ki, onlar nəinki işğal etdikləri torpaqlardan çıxmaq istəyirlər, əksinə, mümkün hesab edilən bütün vasitələrdən istifadə etməklə Qarabağda mövqelərini möhkəmlətməyə çalışırlar.

Bu məsələ ilə bağlı münasibətini bildirən politoloq Aydın Ağayev söylədi ki, əgər doğrudan da belə bir şey baş veribsə, bu artıq özbaşınalığın bir formasıdır: “O da aydındır ki, faktiki olaraq Qarabağ separatçıları bu torpaqları zəbt etməklə Azərbaycan ərazisindən ayırıblar. İndi isə onlar istəyirlər ki, bu əraziləri inzibati cəhətdən də özlərinə tabe edərək muxtar bir qurum yaratsınlar».

Bunun Azərbaycanın uzun illər apardığı torpaqların sülh yolu ilə qaytarılması siyasətinə bir zərbə olduğunu bildirən ekspert qeyd etdi ki, belə etməklə, qondarma DQR qurumu ən başlıcası Ermənistan beynəlxalq təşkilatların bu sahədə apardıqları siyasətə qarşılıq bir mesaj yollayır. Yəni onlar göstərmək istəyirlər ki, həm Azərbaycanın, həm də beynəlxalq qurumların sülh siyasətini saymırlar. Ekspert isə bunun səbəbini ABŞ, Fransa kimi dövlətlərin, əsasən də Rusiyanın Ermənistana və separatçılara gizli və açıq şəkildə dəstək göstərməsi ilə bağlayır. Onun sözlərinə görə, bu kimi hallar da Azərbaycanı aciz vəziyyətdə qoyur. Yəni belə bir durumda Azərbaycan nə silaha əl ata bilir, nə də sülh danışıqlarında irəliləyişə nail olur.

Digər bir yandan da erməni mətbuatında gedən məlumatlarda Kəlbəcərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlarda həm Ermənistan, həm də Azərbaycan üçün strateji əhəmiyyətə malik olduğu göstərilir. Bu cür informasiyaların nə dərəcədə doğru olub-olmadığına gəlincə, müsahibim bunu həm təsdiq etdi, həm də dedi ki, belə olan halda Laçın və Qubadlı da strateji əhəmiyyət daşımalıdır. Onun sözlərinə görə, burda söhbət başqa bir məsələdən, yəni Kəlbəcərin sahib olduğu təbii resurslardan gedir: “Artıq neçə illərdir, Ermənistan Kəlbəcərin bütün təbii sərvətlərini amansızcasına istimar edir. Eyni zamanda, Dağlıq Qarabağın heç bir resursu olmadığı üçün bu sərvətlərdən maksimum yararlanmağa çalışırlar. Qaldı ki, Kəlbəcərin hər 2 tərəf üçün strateji əhəmiyyətə malik olmasına, bu da yuxarıda göstərdiyimiz iqtisadi potensialı ilə bağlıdır. Buna görə də belə düşünürəm ki, Azərbaycan Ermənistanın bu siyasətinə qarşı adekvat addımlar atmalıdır”.

“Münaqişənin sülh yolu ilə həll olunması istiqamətində danışıqların intensivləşdiyi bir vaxtda Ermənistanın bu hərəkətinə nə ad vermək olar” sualımızı cavablandıran müsahibimin fikrincə, ola bilsin ki, bu, bir növ provokasiya xarakteri daşısın: “Həm də onlar aranı qarışdırmaqla bütün dünyaya bəyan etsinlər ki, Azərbaycan Ermənistanın Dağlıq Qarabağın yenidən qurulmasına və ermənilərin orada yerləşdirməsinə mane olmaq istəyir. Düşünürəm ki, biz artıq bu kimi məsələləri BMT, ATƏT və NATO kimi böyük təşkilatların qarşısında qaldırmaqla erməniləri yerində oturtmalıyıq”.

 

 

Rövşən Ziya

 

Mərkəz.-2011.-5 may.- S. 4.