«75 yaş
Allahın mənə hədiyyəsidir»
Sevilən şairimiz, həm
yaşlı nəslin, həm də indiki nəslin yaddan
çıxarmadığı, unutmadığı Simax
Şeyda Almaniyadan vətəni Azərbaycana gəlib. Fürsətdən
istifadə edib onu redaksiyamıza dəvət etdik. Dəvətimizi
sevə-sevə qəbul edən Simax Şeyda bu diqqətə
görə «Mərkəz»in təsisçisi, millət vəkili
Gülər Əhmədovaya minnətdarlığını
bildirdi. Ömrünün 75-ci baharını arxada qoyan
doğma şair Simax Şeydanın, necə deyərlər, qələmi
əlində, ilhamı ürəyində, təbi də yerindədir.
Hər gün uşaqlar üçün gözəl şeirlər
yazır. Bir az səhhətində problemlər var,
inşallah, o da düzələr. Qeyd edək ki, Simax
Yuşvayev Şeyda 1936-cı ildə Oğuzda anadan olub. 4
yaşında ikən ailəsi ilə birgə Gəncəyə
köçüb. Orta və ali məktəbi də elə Gəncədə
bitirib. Azərbaycan dilində çoxsaylı uşaq və
böyüklər üçün şeir kitablarının
müəllifidir. Azərbaycan və İsrail Yazarlar Birliyinin
üzvüdür. 10 ildir ki, səhhəti ilə bağlı
Almaniyada yaşayır.
- Elinizə-obanıza
xoş gəldiniz, Simax müəllim…
- Sağ ol, a qızım,
Azərbaycana gəldim, üzüm güldü, ürəyim
açıldı, elə bil təzədən doğuldum. Mən
Azərbaycanda doğulub boya başa-çatmışam, bura mənim
doğma vətənimdir. Qürbətdə Azərbaycan
üçün burnumun ucu göynəyir. Ürəyim
qövr elədi, qoy bir şeir söyləyim:
Neçə illərdir səndən,
Uzaq düşmüşəm
vətən.
Qəlbimdə məhəbbətin,
Dərya boyda həsrətin.
Gəzirəm qürbətdə
mən.
Salam yurd-yuvam vətən!
Mehriban anam vətən!
- Nə gözəl! Yəqin Bakıya gəlişinizlə
yeni şeir də doğuldu…
- Doğuldu, doğuldu, ürəyimdən
axan misralar dərhal da kağıza
köçürüldü. Mənim ilham mənbəyim
Azərbaycandır.
- Deyin görək, 75 yaşın
dadını çıxara bilirsinizmi?
- 75 yaş Allahın mənə hədiyyəsidir.
Sevinirəm ki, Allah mənə ömür verib,
bu yaşa gəlib çatmışam.
- Deyəsən, 75 yaşınızı
daha çox sevirsiniz?
- Yox, mənim üçün gənclik
yaşı ömrümün ən gözəl
çağlarıdır. İndi qocaldığımı
hiss edirəm.
- Amma şairlər nədənsə
yaşlarını danırlar…
- Etiraf edim ki, 75 yaşda artıq
qocalığın qapımı döydüyünü hiss
edirəm. Bunu danmaq olmaz axı, gənclik illərimlə
indiki vaxt arasında böyük fərq var.
- Ağaran saçlarınız daha
çox xoş günlərin nişanəsidir, yoxsa kədərli?
- (kövrəlir və gözü
yaşarır)
Yas tut, qara bağla sən,
Dəli Kürtək durulub,
Xəzər kimi durulub,
Çağladıqca çağla sən,
Ömrün bahar yaşında,
Ağ tük
gördüm başımda.
Bu nə işdir, ay illər,
Nə gedişdir,
ay illər.
Hələ dünən uşaqdım,
Bu gün güzgüyə baxdım
Ağlım çaşdı ay illər,
Ömrün bahar yaşında,
Ağ tük
gördüm başımda.
Bəlkə hökmü-zamandır,
Yox-yox, şair yalandır,
Dediklərin düz
deyil.
Əlli deyil,
yüz deyil.
Ömrün bahar yaşında,
Ağ tük
gördüm başımda.
Bu şeiri 21 yaşımda yazmışam,
mənə dedilər ki, başında ağ
tük var, inanmadım. Qoparıb göstərdilər
və təsirlənib bu misraları yazdım.
- Simax müəllim, qürbətdə
darıxdığınızı dediniz, bəs
ovqatınızın belə çağlarında neyləyirsiniz?
- Bakıdakı dostlarımla zəngləşirəm.
- Kimlərdir dostlarınız?
- 1952-ci ildən şair Nəriman Həsənzadə
ilə dostluq edirəm. İlyas Tapdıq, Fikrət
Sadıq, Musa Ələkbərli mənim dostlarımdır.
Onların səsində Azərbaycanımın ətrini
duyuram. Almaniyada Azərbaycan havası
yaratmışıq, evimizdə milli xörəklər
bişirilir, Novruz ənənələrini
yaşadırıq… Amma vətənin yerini
heç nə vermir. Çox
darıxıram orda. İmkanım olsa,
köçüb birdəfəlik Bakıda yaşayaram. Amma burada evim-eşiyim də yoxdur. Gələndə qohum evində qalıram.
- Ailəniz, övladlarınız necə,
Almaniyanın ab-havasını götürə biliblərmi?
- Öyrəşiblər. 2 qızım, 2
oğlum var. 1 qızım Amerikada, 2 oğlum və 1
qızımsa mənimlə Münhendə yaşayır. Oğlumun biri iflic xəstəsidir.
- Çoxlu sayda uşaq şeirlərinin
müəllifisiniz, belə şeirlərdən ibarət 7-8 kitabınız
var. Hazırda hansı kitab üzərində işləyirsiniz?
- «Qızım
qızlar içində» adlı yeni bir kitabım
işıqüzü görəcək.
- Bəzi əsərləriniz də səhnələşdirilib?
- «Çiçəyin
sərgüzəşti», «Tülkü, tülkü, tünbəki»,
«Qızıl balıq» adlı əsərlərim tamaşaya
qoyulub və balaca seyrçilər tərəfindən
böyük maraqla qarşılanıb.
- Azərbaycanda gedən prosesləri izləyirsiniz?
- Hər gün televizor açıq olur və
yalnız Azərbaycan kanallarına baxırıq. Çox sevinirik.
- Sizi nə sevindirir?
- Azərbaycan hər gün gözəlləşir,
yenilənir. Nə qədər körpülər
salınıb, binalar tikilib… Bütün bunlar
prezident, dünyaşöhrətli siyasətçi İlham Əliyevin
xidmətləridir. Hər ölkənin, hər
xalqın taleyinə belə başçı
düşmür. Bu mənada, Azərbaycan
xalqı xoşbəxt xalqdır ki, İlham Əliyev kimi
prezidenti var. Mən bilirəm ki, İlham Əliyev sənət
adamlarına, qələm adamlarına nə qədər
qayğı göstərib və dəstək olub. Hansı ölkədə sənətkarlara dövlət
rəhbəri səviyyəsində belə qiymət verilir?
Heç bir ölkədə. İşinin
çoxluğuna baxmayaraq daim paytaxt sakinləri ilə
görüşür, bölgələrə səfər
edir, insanların dərdini dinləyir, problemlərinə
çarə qılır… Onu dəyərləndirmək bizim
borcumuzdur
- 75 yaşın zirvəsində Allahdan
arzunuz nədir?
- 3 arzum var; Qarabağ torpaqları
işğaldan azad olunsun, Azərbaycan xalqı əmin-aman
yaşasın, doğulan körpələr Qarabağ faciəsi
yaşamasın. Bir arzum da var. 75 Azərbaycan
şairinin həyatından bəhs edən antologiya
buraxmışam, indi bu kitabın ikinci hissəsini buraxmaq istəyirəm.
Allah möhlət versin, bu arzumu yerinə yetirim.
Cəvahir
Səlimqızı
Mərkəz.-
2011.- 14 may.- S. 11.