Növbəti
Qarabağ danışıqları nə vəd edir?
Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı son günlər
yenidən hərəkətlilik hiss olunmaqdadır. Belə ki,
bu günlərdə münaqişə ilə bağlı bir
sıra açıqlamalar səsləndirilib. Onlardan ən
önəmlisi, heç şübhəsiz, ABŞ dövlət
katibinin müavini Filipp Qordonun «mövcud baş prinsipləri əsasında
yeni sülh sazişinin işlənib hazırlanmasının
vaxtı yetişib» şəklində verdiyi bəyanatdır.
Bundan əlavə, gələn ay Kazanda Azərbaycan, Ermənistan
və Rusiya prezidentlərinin iştirakı ilə növbəti
üçtərəfli görüş keçiriləcək.
Bu istiqamətdə fikirlərini bizimlə bölüşən
politoloq Rasim Ağayev bildirdi ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində bütün
səylər tükənib. Onun sözlərinə görə,
əslində Qarabağ münaqişəsinin həlli istiqamətində
müzakirə edilməmiş heç bir məsələ
qalmayıb, sadəcə tərəflərin mövqelərini
uzlaşdırmaq mümkün olmur: «Nəhayət ki, istər
münaqişə tərəfləri, istər Moskva, istər
Vaşinqton və Brüssel, istərsə də geniş beynəlxalq
ictimaiyyət münaqişə haqqında obyektiv, həqiqətəuyğun
informasiyanı əldə ediblər. Əvvəllər ermənilər
hay-küy qaldırırdılar ki, guya azərbaycanlılar
onları qırır, yaşamağa imkan vermirlər.
Artıq bunlar hamısı keçmişdə qalıb.
İndi hamıya bəllidir ki, faktiki olaraq Azərbaycanın ərazisi
işğala məruz qalıb, Ermənistan güc yolu ilə
tam bir vilayətin işğalını gerçəkləşdirib.
Bundan da əlavə bir neçə rayonu özünə
ilhaq edib. Bunu hamı bilir. Hamı başa düşür ki,
ermənilərin çoxluq təşkil etdiyi vilayətin
taleyi barədə müzakirə aparmazdan əvvəl,
heç olmasa, digər rayonlar boşaldılmalıdır. Beynəlxalq
ictimaiyyət də görməlidir ki, Ermənistan sülh
danışıqları aparmağa hazırdır. Zənnimcə,
artıq bu, bütün dünyaya bəlli bir mövqedir».
Müsahibimiz
qeyd etdi ki, Azərbaycan tərəfdən müdafiə olunan əsas
prinsip ərazi bütövlüyü prinsipidir: «Əgər
beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi
bütövlüyünü tanıyırsa, demək Ermənistan
qeyd-şərtsiz işğal olunmuş rayonları
boşaltmalıdır. Buna ingiliscə «de-okkupasiya» prosesi
deyilir. Daha sonra isə Ermənistan və Azərbaycan nümayəndə
heyətləri beynəlxalq vasitəçilərin
iştirakı ilə keçmiş Dağlıq Qarabağ
Muxtar Vilayətinin taleyini müəyyənləşdirməlidirlər.
Müəyyən olunmalıdır ki, Dağlıq
Qarabağda yaşayan ermənilər Azərbaycan
Respublikası vətəndaşlığını istəyirlərmi,
istəmirlərmi, mərkəzlə vilayət arasında
hansı münasibət olmalıdır, əvvəlki muxtariyyət
qalmalıdırmı, qalmalı deyilmi, qalırsa hansı
forma və məzmunda və sair məsələlər
detallı şəkildə müzakirə olunmalıdır.
Faktiki olaraq mövcud olan Madrid prinsipləri də bundan ibarətdir.
Beynəlxalq ictimaiyyətin də istəyi və son dövrlər
ABŞ-ın fəallaşmasının əsas məqsədi
odur ki, güc məsələləri kənara qoyulsun, məsələ
ən azı sülh yolu ilə müzakirə olunsun.
Çünki hər iki tərəf beynəlxalq təşkilatlara,
o cümlədən Avropa Şurasına daxil olanda üzərinə
öhdəlik götürüb ki, hər hansı
anlaşılmaz məsələni sülh yolu həll edəcəklər».
R.Ağayev
bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə
həllinə razıdır: «Azərbaycan hər zaman buna
çalışıb və bunda hər hansı problem
görməyib».
Prezidentlərin
növbəti görüşündən gözləntilərə
gəldikdə isə, ekspert diqqəti görüşün təşəbbüskarının
Rusiya olmasına yönəltdi: «Açığı, mən
Rusiyanın vasitəçiliyi ilə keçirilən
görüşlərdən çox böyük irəliləyiş
gözləmirəm. Çünki Rusiyanın münaqişə
ilə bağlı mövqeyi bəllidir. Mənə elə gəlir
ki, 2008-ci ilin avqustunda Gürcüstana edilən hərbi
müdaxilədən sonra Rusiyanın bu istiqamətdə
imkanları ciddi surətdə tükənib. Rusiya bu
müdaxilə ilə hər hansı sülh
danışıqlarında fəal iştirak etmək
imkanlarını itirib. Sadəcə olaraq Rusiya bu görüşləri
təşkil etməklə çalışır ki,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı prosesi öz nəzarəti altında saxlasın.
Eyni zamanda, rəsmi Moskva bununla bütövlükdə Cənubi
Qafqazı özünün siyasi nəzarəti altında
saxlamaq imkanlarını nümayiş etdirmək istəyir. Rusiya
əldə olunan şəraitdən - Azərbaycanın
çıxılmaz vəziyyətindən, Ermənistanın
isə müttəfiqliyindən istifadə etmək istəyir.
Mən budəfəki danışıqlarda da ciddi bir irəliləyiş
görmürəm». Bununla belə, R.Ağayev bildirdi ki,
ümumən ABŞ-ın Cənubi Qafqaza yaxın regionlarda -
Yaxın və Orta Şərqdə apardığı siyasət
ildən ilə daha ciddi xarakter alır: «ABŞ
çalışır ki, Cənubi Qafqazı da öz nəzarəti
altına keçirsin və bununla da Rusiya problemi aradan
qaldırılsın. ABŞ-ın regionda güclənməsi
rəsmi Vaşinqton üçün yeni imkanlar açır.
Mənə elə gəlir ki, indi Qafqazın açarı
Amerikanın əlindədir. Ermənistanın qorxduğu da
budur. Çünki Barak Obama son çıxışında
dedi ki, İsrail-Fələstin münaqişəsinin həll
olunması üçün İsrail gərək 1967-ci il sərhədlərinə
qayıtsın. Bunu bir növ ermənilərə verilən
siqnal kimi də qəbul etmək olar. Yəni həm
İsrail-Fələstin münaqişəsində, həm də
Ermənistan-Azərbaycan münaqişəsində söhbət
işğal olunmuş torpaqlardan, status-kvonu dəyişməkdən
gedir. Əgər ABŞ-dakı güclü yəhudi lobbisinin
əleyhinə sərt şəkildə çıxmaq,
onların narazılığını nəzərə
almamaq mümkün olursa, demək bu mövqe erməniləri
də ciddi şəkildə narahat etməlidir. Azərbaycan məsələni
belə qoya bilər ki, əvvəlki status-kvoya
qayıdılsın, ondan sonra isə bu məsələləri
oturub müzakirə edək. Digər tərəfdən rəsmi
Bakı onu da deyə bilər ki, bu Azərbaycanın daxili
işidir».
Səxavət
Həmid
Mərkəz.- 2011.- 26 may.- S. 5.