Ədəbiyyatımız müəyyən tənəzzül dövrünü yaşayır»

 

(əvvəli ötən sayımızda)

 

London Yay Olimpiya Oyunlarının başlanmasına 1 il 3 ay vaxt qalıb. Milli komandalarımız artıq xeyli müddətdir, bu mötəbər yarışın hazırlığına start veriblər. Həmişə olduğu kimi, yenə hədəf böyükdür: əvvəlki «dördilliklər»lə müqayisədə, daha geniş tərkibli idmançı ilə təmsil olunmaq, medal sayını və əyarını artırmaq.

Vaxtaşırı təşkil edilən təlim-məşq toplanışları, idmançıların ustalıqlarının artırılması, eləcə də beynəlxalq arenalarda qazanılan böyük qələbələr onu deməyə əsas verir ki, «Dumanlı Albion»a daha iddialı yollanacağıq. Elə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də belə düşünür. «Mərkəz» qəzetinin əməkdaşı ilə söhbətdə o, indiki vəziyyətə öz nöqteyi-nəzəri ilə qiymət verib.

- Daim gərgin iş rejimində çalışırsınız. Artıq yükü qaldırmaq üçün istirahətə macal tapa bilirsinizmi?

- Açığı, mən idman yarışlarında istirahət edirəm. Beynəlxalq turnirlərdə idmançılarımız uğur qazananda keçirdiyim hisslər mənəvi cəhətdən istirahətə imkan yaradır. Beləyə qaldıqda, hazırda olimpiada mərhələsidir. Oyunların başlamasına az vaxt qaldıqca, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsində tədbirlərin, toplantıların və görüşlərin sayı çoxalır. İdmandan kənar istirahətə vaxt qalmır.

- Tez-tez xarici ölkələrdə olursunuz. Həmin səfərlərdə heç maraqlı, yaddaqalan hadisələrlə rastlaşırsınızmı? Varsa, bunlardan birini danışardınız.

- Bu yaxınlarda Qətərin paytaxtında oldum. Doha şəhərində IX Ümumdünya idman və ətraf mühit konfransı keçirildi. Toplantıda jaq Roqq da iştirak edirdi. Yığıncağın aparıcısı Macarıstan dövlətinin prezidenti Pal Şmitt idi. O, uzun müddət ölkəsinin Milli Olimpiya Komitəsinin rəhbəri olub. Eyni zamanda, Şmitt avarçəkmə idmanı üzrə olimpiya çempionudur. Dohada onunla görüşəndə, artıq o yeni bir statusda - ölkə prezidenti idi. Buna baxmayaraq, onda olimpiya ruhu qalmışdı. Əlamətdar başqa hadisə, həmin tədbirin keçirilməsinin jaqq Roqqun ad gününə təsadüf etməsi idi.

Konfransın bağlanışında birgə şam yeməyi ilə onun 79 yaşını qeyd etdik.

- Dünyanın hansı şəhəri ən çox xoşunuza gəlir?

- Bilirsiniz, bu çox qəribədir. İlk dəfə Tokio, Seul və Nyu-Yorka gedəndə həmin böyük şəhərlər xoş təsir bağışlayırdı. Son dövrlər daha çox kiçik şəhərləri xoşlamağa başlamışam. Bu kiçik şəhərlərdə sanki o böyük şəhərlərin qüvvəsindən azad olursan. Avropanın çox kiçik, amma gözəl şəhərləri var. Orada əhalinin sayı 1 milyona qədərdir. Bu qədim şəhərlərdə müasir binaları görməzsən. Hər şey ənənələr üstündə qurulub və bu şəhərlər adama daha yaxın və xoş gəlir.

- Hobbiniz nədir?

- Həyatımın müxtəlif dövrlərində müxtəlif hobbilərim olub. Amma uşaqlıqdan bu günə kimi qalan hobbilərimdən biri marka toplamağımdır. 1-ci sinifdən bu kolleksiya ilə məşğulam. O vaxtlar sovet markaları yığırdım. Sonra əcnəbi ölkələrin markalarını toplamağa başladım. İndi də Azərbaycanın markalarını yığıram.

Müasir dövrdə buraya yeni hobbi əlavə olunub. Bu, kompyuter oyunlarıdır. Boş vaxtım olanda, müxtəlif maraqlı oyunları həvəslə oynayıram.

- Hansı ədəbiyyata, yazıçıya maraq göstərirsiniz?

- İxtisasca filoloq olduğumdan, Azərbaycan və dünya ədəbiyyatını həmişə izləmişəm. Azərbaycanın zəngin ədəbiyyatı var. Lakin son dövrdə bu, müəyyən tənəzzül dövrünü yaşayır. Amma yenə də, müasir yazıçılar var ki, onların kitablarını həvəslə oxuyuram. İlk növbədə, Kamal Abdullanın adını çəkmək istəyirəm. Onun «Yarımçıq qalmış əlyazma»sı və başqa əsərlərini son dövlər yazılmış ən yaxşı əsərlərdən hesab edirəm.

Eyni tendensiya dünya ədəbiyyatında da gedir. Dünya klassiklərini biz hamımız orta məktəbdən başlayaraq oxumuşuq, öyrənmişik. O zaman dünya ədəbiyyatı ilə ancaq rus dili vasitəsilə tanış olmaq imkanı vardı. Böyük ədiblərin əsərləri Azərbaycan dilinə çox az-az tərcümə olunurdu. Rus dilində də yalnız sovet həyat tərzinə uyğun əsərlər tərcümə edilirdi, yəni orta və XIX-XX əsrlərdə yaşamış yazıçıların əsərləri. Bir-bir adları çəkmək istəmirəm. Belə əsərlər yetərincə olub.

Çox təəsüf ki, son dövrlər mütaliyəyə vaxtım qalmır. Bu üzdən, müasir dünya ədəbiyyatı ilə o qədər də yaxşı tanış deyiləm.

- Ailənizdə idmanla məşğul olan varmı?

- İndi əsasən başım nəvələrimə qarışıb (gülümsəyir). Nəvələrimin ikisi də idmandadır. Böyük nəvəm atletika, kiçiyi isə idman akrobatikası ilə məşğul olur.

- Təbiətin hansı fəsli xoşunuza gəlir?

- Küləksiz fəsli. Qışdan, yazdan və yaydan da xoşum gəlir. Amma külək olmasın. Qışda qar yağdıqdan sonra, o mülayim havada böyük məmnuniyyətlə gəzintiyə çıxıram. Yayın öz ləzzəti var. Eləcə də yazın, payızın. Amma gəzməyə imkan verən fəsli daha çox xoşlayıram.

 

 

Mərkəz.- 2011.- 26 mart.- S. 14