«Azərbaycan
oxucusunun səviyyəsi çox yüksəkdir»
Müsahibim
“TV-plyus” jurnalının və “Ekran-efir” qəzetinin baş
redaktoru, son 3 ildə yazdığı kitablarla böyük
oxucu sevgisi qazanmış Varisdir. Varis ardıcıl
yazdığı 3 kitabdan sonra Azərbaycanda kitabı ən
çox satılan yazıçılar arasındadır. Eyni
zamanda, gənc yazıçı bu il Mədəniyyət və
Turizm Nazirliyinin “Qızıl Kəlmə” ədəbi
mükafatına layiq görülüb.
- Tanınmış
jurnalist, yoxsa yazıçı kimi təqdim olunmaq istərdiniz?
Ümumiyyətlə,
sizi necə tanıyaq?
-
90-cı illərin əvvələrində - Bakı Dövlət
Universitetini bitirərkən Azərbaycanın Xalq
yazıçısı İsmayıl Şıxlı ilk qələm
təcrübələrimə qiymət verib, «Ədəbiyyata
çox güclü bir isim gəlir» söyləmişdi. Amma
mən siyasiləşmiş cəmiyyətdə daha aktual olan
jurnalistikaya qədəm qoydum, düz 20 ildir ki, jurnalistikadayam.
Təvazökarlıqdan uzaq olsa da, düşünürəm
ki, Azərbaycan jurnalistikası üçün müəyyən
xidmətlərim olub. 90-cı illərin sonunda ölkənin ən
populyar qəzetlərindən biri - «168 saat»la ölkə
daxilində «ilin ən yaxşı baş redaktoru» kimi fəxri
ada, ölkə xaricində müxtəlif təsisatların 5
qızıl media ödüllərinə layiq
görülmüşəm. Hazırda isə respublikanın
ana teleradiosunda həm ilk milli teleradio jurnalı olan «TV-plyus»a,
həm də ölkənin ən qocaman qəzetlərindən
olan «Ekran-efir»ə baş redaktorluq edirəm. Demək, jurnalistəm
ki, jurnalistəm. Və bunlarla yanaşı, ədəbiyyat
sevgisi, böyük yazıçımızın mənə
verdiyi «avans»ı doğrultmaq istəyi də daim içimdə
olub. Nəhayət, 2008-ci ilin sonunda - ölkədə bədii
kitabların ən yaxşı halda 1000 tirajla
çıxdığı bir vaxtda 10 min tirajla debüt etdim.
Həmin vaxtdan keçən bu - 2 il yarımda 3 kitab, 5 təkrar
nəşr... Ən böyük satış həcmi... Azərbaycanın
hər bir idarə və müəssisəsindən, təhsil
ocağından, hər bir regiondan, dünyanın bir çox
bölgələrindən aldığım 7 mindən
yuxarı oxucu rəyi... Kitablarının pirat nüsxələri
çıxan tək-tük yazardan biri olmağım... Və ən
nəhayət, bir neçə gün öncə Azərbaycan
dövlətinin ən ali ədəbiyyat mükafatına -
«Qızıl Kəlmə»yə layiq görülməyim...
Demək,
həm də yazıçıyam.
- Kitablarınızın
yüksək tirajla satılmasına necə nail oldunuz?
- Doğrusu, 2008-ci ilin
sonlarında - ilk romanımla üzə çıxanda ölkədə
kitaba maraq çox aşağı idi. Odur ki, «Kitab
oxumağın vaxtı yetişdi!» şüarından, ilk
tirajın bir hissəsinin gənclərdən ibarət auditoriyalara
hədiyyə edilməsindən, kitabın təbliği
üçün müxtəlif PR-vasitələrindən
istifadəyə məcbur olduq. Kitab mağazalarının
azlığı bizi alternativ satış şəbəkələri
axtarmağa vadar edirdi, bu sahədə də müəyyən
irəliləyişlər əldə edə bildik. Bilirsiniz, cəmiyyətin
siyasiləşməsi, əlifba dəyişikliyi,
yaşlı nəsil yazarlarının yeni - 3-cü minillik «ədəbi
qayda-qanunları» ilə ayaqlaşmağa cəhd etməmələri
ədəbiyyatımıza bir durğunluq gətirmişdi.
Az-çox oxuyanlar da xarici
ədəbiyyata üz tutmuşdu... Oxucuya məhz onun istədiyi
ədəbiyyatı vermək lazım idi.
«Sonuncu
ölən ümidlərdir» mənim gözlədiyimdən də
böyük ajiotaj yaratdı. Bu, insanı ən çox
düşündürən mövzuların, problemlərin
müasir zamanın qəhrəmanlarının timsalında
çözülməsi idi ki, cəmiyyət onu dərhal həzm
etdi. 10 minlik tiraj tezliklə satılıb qurtardı, 2009, 2010
və 2011-ci illərdə kitabı təkrar çap etməyə
məcbur olduq.
İkinci
kitabım - «Bir ovuc torpaq» 2009-cu ilin sonunda,
üçüncü - «Sənə inanıram» isə 2010-cu
ilin sonunda bizim ənənəvi tirajla işıq üzü
gördü. Yeri gəlmişkən, bir neçə günə
«Bir ovuc torpaq» da təkrar çap olunacaq.
Məncə,
kitabların yüksək tirajına nail olmaq üçün
öncə bestseller yazmağın qızıl qanunlarına
riayət etmək vacibdir: anlaşıqlı dil, lakoniklik,
çox maraqlı bir süjet xətti. Bunlar olduqda, kitab
hökmən oxucular arasında seviləcək.
Razılaşın
ki, indi belə bədii təsvirləri oxucu qəbul etməyəcək:
«... Günəş göyün əngilliklərində
öz zərrin şəfəqlərini pəmbə buludlar
üstündən adladaraq, sanki min bir rəng
çalarlarından ibarət səma palitrasının gözəlliyini
daha da artırır, qəlbi riqqətə gətirəcək
bu gözəlliyi...». Nə isə, çox uzatmayım.
-
Azərbaycan oxucusunun səviyyəsi
sizi qane edirmi?
- Bu gün qonşu Türkiyədə və
Rusiyada 100 min tirajlarla kitablar çıxır. Orta statistikaya
görə, bəlkə əhalisinin sayının 3-5%-i
miqdarında olan tiraj məqbul sayılır. Demək, bu
gün Azərbaycanda kitab tirajı təqribən 30-40 min
nüsxə olmalıdır... Amma neçədir? Ən
yaxşı halda 10 min. Demək, biz «statistik dünya oxucusu» səviyyəsinə
hələ çatmamışıq. Bu, kəmiyyət.
Keyfiyyətə gəldikdə isə, Azərbaycan oxucusunun səviyyəsi
çox yüksəkdir. Bizim çox tələbkar, dünya
ədəbiyyatına dərindən bələd olan
oxucularımız yetərincədir. Elə rəyini bildirən
oxucularımın sosial statuslarına baxaq: yazarlar, ədəbiyyatşünaslar,
jurnalistlər, alimlər, pedaqoqlar, incəsənət xadimləri,
dünyanın və ölkənin ali və orta təhsil məktəblərinin
tələbələri, hərbçilər, həkimlər,
idmançılar, xarici ölkələrdə yaşayan
soydaşlarımız... Ancaq şeirlə romanın fərqini
bilməyən oxucular da az deyil. Biz yazarlar ikinciləri birincilər
səviyyəsinə çatdırmağa borcluyuq.
- Sizin hər yaş təbəqəsindən
oxucularınız var. Xüsusilə metroda, avtobusda sizin
kitabınızı oxuyan gənclərə çox
rastlayırıq... Əsərlərinizin gənclərə nə
verdiyini düşünürsünüz?
-
Birinci kitabımda «Məqsəd vasitələri doğruldur»
kimi düşünərək əxlaqsız yola düşən
gənc xanım sonda məqsədinə çatır, hədsiz
var-dövlətə sahib olur. Amma ömrünün o ləkəli
hissəsinin peşmançılığı onu
qazandığı hər şeydən imtina edib baş
götürüb ölkədən qaçmağadək təqib
edir. Burada əxlaq hədəfdir.
İkinci
kitabımda torpaqları işğal altında olan ölkənin
bir gənci qanunsuz dəstə yaradıb döyüş
hazırlığı aparır, paralel olaraq da cəmiyyətdəki
haqsızlıqlara müharibə elan edir. Bir
köçkün yeniyetmə isə babasının arzusu ilə
bir ovuc Vətən torpağı dalınca düşmən əhatəsinə
yollanır... Burada vətənpərvərlik,
haqsızlıqla mübarizə və qəhrəmanlıq hədəfdir.
Üçüncü
kitabımda insan və ailə, insan və cəmiyyət
qarşıdurması aparıcı xətt təşkil edir.
Burada isə düzgün həyat yolu seçimi hədəfdir.
Bir
söz deyim, yenə təvazökarlıqdan yan keçməyə
məcbur oluram, poçtumdakı yüzlərlə yeniyetmənin,
gəncin ürək sözlərində bu cümlə
çox təkrarlanır: «Biz sizin kitablardan həyat dərsi
alırıq».
- Azərbaycan ədəbiyyatındakı
cəbhələşmələr, mübarizələr sizi
maraqlandırırmı? Özünüzü hansı cəbhədə,
kimin yanında görürsünüz?
-
Mən ədəbiyatımızdakı cəbhələşmələri,
mübarizələri təqdir etmirəm. Bu çəkişmələr,
qarayaxmalar, paxıllıq, kin qədərindən çoxdur və
hiss ediləndir. Xüsusən, Azərbaycan nəsrinin
bugünkü sütunları olan Anara, Rüstəm
İbrahimbəyova, Çingiz Abdullayevə olan basqılar təəssüf
doğurur. Düzdür, bu şəxslərlə müqayisədə
mən çox xırda fiquram, ancaq mənim də əleyhimə
təbliğat aparılır, müxtəlif auditoriyalarda kitab
təbliği ilə bağlı görüşlər
keçirən bəziləri yaradıcılığıma
olan sevgini həzm edə bilməyib məni
aşağılamağa çalışırlar... Nə isə.
Bu barədə danışmaq istəməzdim. Bilirsiniz, mənə
elə gəlir ki, hətta pinəçilər, dərzilər,
dülgərlər də yazıçılara nisbətən
həmrəydirlər.
- Yazıçılıq
çox vaxt yaxşı qazanc gətirməyən peşədir.
Azərbaycanda
yazdığın əsərin hesabına yaşamaq
mümkündürmü?
-
Yazıçılıq - dünya miqyasında ən çox
qazanc gətirən sahələrdən biri hesab olunur. Harri
Potter obrazının yaradıçısı Coan Roulinqin
qazancı təsadüfi deyildir ki, milyonlarla ölçülür.
Elə bu yaxınlarda Türkiyədə Elif Şafakın
«Aşk» romanının 600 mininci nüsxəsi işıq
üzü gördü. Bu, çox böyük məbləğdə
vəsait deməkdir. Azərbaycan miqyasında isə
yazıçının əsərləri hesabına
yaşaması, hələ ki, mümkünsüzdür. Oxucu
azlığı tirajı məhdudlaşdırır, üstəlik,
nəşr və çap xərcləri olduqca yüksəkdir.
Həm də satış şəbəkəsi çox kortəbiidir,
eyni zamanda, inhisarçıdır. Təqribi hesablamalara
görə, böyük tirajlarda bir nüsxə kitabın
maya dəyəri (nəşr, çap, satış faizi,
reklam) 4 manatdan yuxarı olur. Alıcılıq qabiliyyəti
aşağı olduğu üçün kitaba maksimum 5 manat
qiymət qoymaq mümkündür. Demək,
yazıçıya sonda qəpik-quruş qalır.
(davamı
gələn sayımızda)
Cəlil Cavanşir
Mərkəz.-
2011.- 26 may.- S. 8.