Caz festivalı başa çatdı

 

Oktyabrın 15-dən Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və "Sweet production " şirkətinin təşkilatçılığı ilə keçirilən "Bakı Beynəlxalq Caz Festivalı-2011"in bağlanış mərasimi Heydər Əliyev Sarayında baş tutub.

Festival çərçivəsində Bakıya dünya şöhrətli musiqiçilər təşrif buyurublar. 2 həftə davam edən festival zamanı Bakının 4 məkanında - Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Bakı Caz Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyasında əcnəbilərlə yanaşı, yerli caz ifaçılarının 20-dən artıq konsert proqramı olub. Festivalla bağlı bakılılar və şəhərimizin qonaqları - Reyçel Farell, Marsio Faraco, Rudreş Mahantappa, "Aleksandr Maşin və dostları" caz qrupu, De Fazz, Misirli Əhməd, "Yeni adlar" caz layihəsi, Elçin Şirinov, Şahin Növrəsli, Ben Vestbiç, Salman Qəmbərov və Yuri Kuznetsov, Cəmil Əmirov və "Savab" qrupu, İsfar Sarabski, Əfqan Rəsul, Rain Sultanov, Vaqif Sadıxov, Soni Emori "Cachet Fusion", Jazzanova kimi musiqiçı və musiqi kollektivlərinin çıxışlarını dinləmək şansı qazanıblar. Festival çərçivəsində həmçinin, Azərbaycanın xalq artisti, görkəmli pianoçu və bəstəkar Rafiq Babayevin anadan olmasının 75-ci ildönümünə həsr olunmuş xatirə gecəsi də keçirilib. Gecənin aparıcısı Rahib Azəri öncə tamaşaçıları salamlayıb. Artıq bir neçə ildir Bakıda keçirilən Caz Festivalının əhəmiyyətindən söz açıb. Bildirib ki, dünyanın ən tanınmış cazmenləri dəfələrlə paytaxtımızda konsert proqramları ilə çıxış ediblər: "Artıq 2 həftədir ki, paytaxtımızın bir sıra mədəniyyət ocaqlarında dünyanın tanınmış caz ifaçılarının konsert proqramları keçirilir. Bu festival öz işini yekunlaşdırdı. Mən bilirəm ki, hamınızın içində festivalın bitdiyinə görə, azacıq kədər hissi var. Bu festival da ötən ilkilər kimi tarixə qarışacaq".

Daha sonra səhnəyə dünya şöhrətli Dyuk Ellinqtonun caz kollektivi çıxıb. Orkestrin ifasında hər yeni musiqi parçası zalda əyləşənlərin sürəkli alqışlarıyla qarşılanıb. Sonda qeyd edək ki, hər il keçirilən "Bakı Beynəlxalq Caz Festivalı" 2007-ci ildən bu yana paytaxt və əcnəbi qonaqları dünyaca ünlü caz ifaçılarını canlı dinləmək imkanı yaradır.

 

 

Cəvahir

 

Mərkəz.- 2011.- 1 noyabr.- S.15.