Əkrəm Əylisli
– balaca boylu böyük yazıçı
Tanış olduqlarımla dəqiq təqvim
gününü bilməsəm də, onlarla keçirdiyim həmin
saatlar bugünkü kimi gözümün qabağında
durur.
İndi əlimdə Əkrəm Əylislinin mənə
hədiyyə etdiyi kitab var və mən yaşıl
üzlü kitaba baxanda bizim balaca boylu böyük
yazıçımızı görürəm.
Yadıma düşür, bir gün Əkrəm Əylisli
bağda hirsli-hirsli gəzirdi. Atamla ona yaxınlaşıb
salamlaşmışdıq. Onda Əkrəm əmi məni
bağrına basıb qucaqlamışdı.
…Əslində atamla birlikdə, kiçik
yaşlarımda Əkrəm əmi ilə tanış
olmuşdum. Ancaq onun yazıçı olduğunu bilmirdim.
Heç yazıçılığın nə olduğunu
belə bilmirdim, qala Əkrəm Əylislinin kimliyinə.
Onda qardaşımla birgə Əkrəm əmiyə
“balaca kişi” adlı ayama qoymuşduq. Bulvardakı qazonda
qardaşımla güləşirdik, ordan keçən Əkrəm
əmi ayaq saxlayıb atamla görüşdü, bizimlə də
əl tutub nəsə dedi, başımızı
sığalladı. Kənardakı oturacaqda əyləşən
anam Əkrəm əmini görəndə ayağa qalxdı,
gah yaxın gəlmək istədi, gah yerinə çökmək
istədi, deyəsən, sonunda yaxına gəlib onunla
görüşməyə cəsarət etmədi. Əkrəm
əmi atamla 1-2 kəlmə də kəsib yoluna davam elədi.
Hələ onda nəyin nə olduğunu bilməzdik.
Hələ onda çox kiçik idik. Amma sonradan Əkrəm
Əylislinin kimliyini bildim və onunla
tanışlığımdan qürur duydum. Hər yerdə Əkrəm
əmi ilə dost olduğumu deyirdim. Hətta bir dəfə ədəbiyyat
dərsində Əkrəm Əylislinin “Ürək yaman
şeydir” hekayəsini keçəndə mən ayağa
qalxıb yekəpər müəllimimizə “Əkrəm Əylisli
mənim dostumdur” dedim. Bu sözümdən sonra hamı
gülüşdü, hətta müəllim də. Sonradan Əkrəm
əmi ilə bağlı inşamda da onun mənim dostum
olduğunu vurğuladım. Amma yenə ədəbiyyat müəllimim
və sinif yoldaşlarım qarınlarını tutub, nə
ki var güldülər. Axırda bu əhvalatı atama
danışdım. O da bunu Əkrəm Əylisliyə
danışdı. Atamın danışdığına
görə, Əkrəm əmi bu əhvalata yamanca
gülüb. 1-2 gündən sonra atam Əkrəm əminin mənə
bağışladığı kitabı evə gətirdi.
Kitabın ilk vərəqində Əkrəm Əylisli
“Yaxın dostum, əvəzsiz dostum Ayxana” deyə qısaca
söz də yazmışdı. Aparıb bu kitabı ədəbiyyat
müəllimimizə və sinif yoldaşlarıma göstərəndə
hamı donub qaldı. Müəllim üzə vurmasa da, hiss elədim
ki, Əkrəm Əylislinin mənə kitab
bağışlamasına, özü də ilk səhifəyə
söz yazmasına yaman pis olub. Özündən qat-qat
yaşca kiçik olan adama paxıllanan bu adama sadəcə
gülüb keçdim.
Hər nə isə, bu əhvalat indi geridə
qalıb, amma hər dəfə Əkrəm Əylisli
haqqında düşünəndə, onun hədiyyə elədiyi
kitabı görəndə bu maraqlı əhvalat yadıma
düşür.
…Qayıdıram Əkrəm əmi ilə sonrakı
görüşümüzə. Həmin gün atam bizi Sahil
bağında görüşdürəndə Əkrəm əmiyə
başqa gözlə (onun yazıçı olduğunu bir anda
düşündüm və “balaca kişi” ləqəbini də
ağlımın arxivinə atdım) baxdım. Biz bağda
dolaşanda fikrimi bir nöqtəyə cəmləmişdim:
atamla Əkrəm Əylisliyə. Onlar, deyəsən,
yazı-pozu işindən danışırdılar. Yazı
adamı başqa nədən danışacaq ki? Hər nə
isə, biz xeyli gəzişəndən sonra “Proloq” qəzetinin
baş redaktoru Tahir Kazımlı gəldi. Atam onu da mənə
tanış elədi. Sən demə, Tahir əmi
naxçıvanlı imiş. Bir növ Əkrəm Əylislinin
yerlisi sayılırdı. Nə isə, Tahir əmi məni
bir az söhbətə tutdu. Nə oxuduğumu, nə
yazdığımı soruşdu, mən də cavab verdim. Amma
mənim gözüm hələ də Əkrəm əmidə,
bir vaxtlar yazıçı kimi
tanımadığımız, “balaca kişi” ayaması
yapışdırdığımız Əkrəm Əylislidə
idi. Fikirləşirdim ki, bu balaca boylu kişi həqiqətən
də “Gilənar çiçəyinə dediklərim” əsərini
yazıb. Yəni bu balaca boyla elə bir əsər…
Yaşıl kitabı bağlayıram və
düşünürəm ki, Əkrəm Əylisli
uşaqlığında ilişib qalıb. Uşaqlıq onun
içində daim yaşayır və ona görə də Əkrəm
Əylisliyə bəzən “əmi” yerinə “dostum” deməyim
gəlir. Bilmirəm, nə dərəcədə
düzgündür. Amma yəqin ki, Əkrəm əmi
“dadaş” sözünü məsləhət bilərdi.
Əkrəm Əylisli haqqında düşünəndə
onun bir hekayəsi yadıma düşür. Bəzən Əkrəm
əminin portreti həmin hekayədə ortaya
çıxır. Bu “Bir ağappaq gecə” adlanan hekayə Əkrəm
əminin ən xoşladığım hekayəsidir. Və bu
hekayədə Əkrəm əminin daxilini, içini, ürəyində
gizlənən sirləri görür, buna heyrət edirəm.
Çünki o, içindəkiləri daşımaqla
böyük bir yükü saxlayır.
“Boyunun yarısı yerdədir” – çox vaxt belə
deyirlər. Bu həqiqətdir. Əkrəm Əylislinin gizlənən
boyu onun yazılarında, ədəbiyyatda üzə
çıxır və onda qarşımızda böyük
bir insan peyda olur. Ki, o insan çox güclüdür və hər
şeyi görür.
Amma “yazıçılar zəif adamdır” deyirlər
və düz də edirlər. Onun zəifliyi yalnız həyatla
məhdudlaşır. O, həyata məğlub olur.
Əkrəm Əylislini düşünürəm, əlimdə
onun mənə bağışladığı kitabı.
Hansısa hekayəsindəki təsvir elədiyi detal yadıma
düşür və içimi bir sıxıntı
qaplayır. Həmin hekayədə uşağı
ölmüş ana onu qəbirə tapşıranda oraya
gün işığı düşdüyünü
görür və düşünür ki, torpaq
uşağın üstünü örtəndə o
işıq da orada qalacaqmı. Və düşünürəm
ki, Əkrəm Əylisli bizim ədəbiyyatımıza
düşən sarı işığı saxlayır. Onun
bir povestinin adı da belə olmalı idi: “Sarı
söyüdlərin işığı”… O
işığın yaratdığı yolda irəliləmək
asandır.
Əlimdə Əkrəm əminin
bağışladığı kitabı bir kənara qoyub
düşünürəm: demək, balaca insanların ürəkləri
və yaratdıqları böyük olur.
Ayxan Eyvaz
Mərkəz.- 2011.- 2 noyabr.- S. 13.