Yaddan
çıxmaz Qarabağ – adi
bayatı, yoxsa gerçək tarix?
Hardasa 12
yaşım var idi. Yay tətilində Qarabağa
getmişdik, Ağdamın Kolanı kəndinə
(camaat arasında Xaçınstroy deyirdilər).
Uşaqlıq yaddaşının ən
maraqlı səhifələri yazılırdı o günlərdə. Xaçın (su anbarı) gölünün
sahili, Uşaqlarla (Səxavətlə,
Rəhmanla) Almadətli kəndindəki bağlara
alma oğurluğuna
getməyimiz, bağın qarovulçusu Arifin bizim arxamızca
düşməsi, avarlı qayıqda təkbaşına
gölü keçməyim,
qaçıb canımı qurtarmağım, daha
nələr, nələr…
Bunları niyə
xatırladım?
Sadəcə yadıma salmaq istədim ki, “Qarabağ şikəstəsi”nə xanəndənin
canlı ifasında ilk dəfə deyəsən
elə o vaxt qulaq asmışam. Əslində Qarabağ faciəsi mənim beynimdə elə
o vaxtdan
başlayıb. Kənddə toy var idi. Nə isə
yadımda qalıb ki, xanəndənin
yanıqlı zil səsi var
idi və o həmin toy axşamı, yəni 1972-ci ilin
yayında, o toyda “Qarabağ şikəstəsi” oxuyurdu.
Əzizinəm Qarabağ,
Şəki, Şirvan,
Qarabağ.
Aləm cənnətə
dönsə,
Yaddan
çıxmaz Qarabağ.
Musiqi
və Xanəndənin səsi ecazkar olsa da, bayatının sözləri
yaddaşımın bir guşəsində
elə o zamandan ilişib qaldı. O zaman
sadəcə bayatının sözləri ürəyə və
dilə yatımlı olduğundan
yadımda qalmışdı. O günlərdə heç ağlıma da gəlməzdi
ki, bir vaxtlar
bu bayatı haqqında dərindən düşünüb onun milli, tarixi və siyasi mahiyyəti haqqında araşdırma aparacağam. O zamanlar əzbər
bildiyim başqa bir şeir də-böyük
şairimiz Səməd Vurğunun
Azərbaycan şeirinin bir
bəndi də məni bu bayatı haqda düşünməyə yönəldirdi.
Könlüm keçir Qarabağdan.
Gah o dağdan, gah bu dağdan,
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Sözün düzü o vaxt ilk ağlıma gələn
fikir bu olmuşdu ki, xanəndə
Qarabağı şikəst bir uşaq kimi əzizləyir.
Amma elə o vaxtlar anlaya bilməmişdim
ki, Şəkinin, Şirvanın bura nə dəxli var? Həmçinin
bayatının son misrası olan “Yaddan çıxmaz Qarabağ” deyimi nə deməkdir?
Kimdir ki
Qarabağı unudan? Xanəndə niyə
belə oxuyur? Bunlar
hamısı o zaman idi.
İllər keçdi,
zaman dəyişdi, Sovet
İmperiyası çökdü, Azərbaycan
20-ci ildə itirdiyi Dövlət Müstəqilliyini
bərpa elədi. Amma Qarabağ
işğal olundu.
Başımıza gələnlər taleyimizi,
düşüncəmizi dəyişdi. Elə o vaxtdan bu
bayatının izinə düşdüm.
Əvvəllər elə bilirdim ki, ötən əsrin əvvəllərində
bədnam qonşular tərəfindən
Qarabağın işğalı həyata keçiriləndə,
nənələrimizin dilindən deyilən bir
ağıdı bu bayatı. Sonralar anladım ki, Qarabağ və Şuşa xanı İbrahim xan Rus imperiyasının güclü təzyiqləri altında Qarabağ Xanlığının
işğalına imza atıb, yəni Rus imperiyasının tərkibinə verilməsinə
imza atıb.
Muğam Azərbaycan milli musiqisinin möhtəşəm
məbədidir. Ulu xalqımızın varlığından
süzülüb gələn bu məbəddə (rahib ya da
kahin) olmaq hər bir soydaşımız üçün
şərəfdir. Bu məbəddə on iki muğamla
yanaşı, bir neçə zərb muğam da var.
Arazbarı, Simayi-Şəms, Şirvan şikəstəsi,
Mani-Osmani, Mənsuriyyə, Qarabağ şikəstəsi və
s. Bu zərb muğamların hər biri haqqında geniş
danışmaq mümkündür, amma bu zərb
muğamların heç biri, Qarabağ şikəstəsi
kimi, həm musiqisi, həm də sözləri ilə konkret
tarixi faciəmiz olan Qarabağ faciəsi ilə əlaqədar
yaradılmayıb.
Sovet dövründə belə bir fikir
formalaşdırmağa çalışırdılar ki,
Qarabağ bayatısı guya Xan qızının Tehrana ərə
getməsi ilə bağlıdır. Guya Xanqızı
Qarabağdan Tehrana köçərkən, xiffətdən və
ya həsrətdən
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ, – deyib.
Məncə bu heç bir məntiqə uyğun gəlmir.
Əvvəla Xanqızı özü bayatı desəydi
Şəki, Şirvan, Qarabağ yox, məsələn:
Ağdam, Şuşa, Qarabağ deyərdi, yəni ən
yaxın və doğma əhatəni dilə gətirərdi.
Beləliklə, bu versiya daha çox uydurmaya oxşayır,
sadəcə xan qızının adından el-obada
çağırılan bayatı təsiri
bağışlayır.
Tam
əminliklə deyə bilərəm ki, bu bayatı məhz Qarabağ
xanlığının işğalı ilə bağlı
yaradılıb və Qarabağ şikəstəsi
zərb muğamı da ona
görə belə kədərli, yanğılı, əzəmətli
və unudulmaz bir formada bəstələnib ki,
bu tarixi gerçəkliyi
xalq heç zaman unutmasın.
Bu
bayatını araşdırmaya başladığım ilk andan bayatının son misrası diqqətimi cəlb etdi.
“Yaddan
çıxmaz Qarabağ”. Nə üçün bayatı məhz bu fikirlə bitir?
Anladım ki, Qarabağın
varlığını, tarixini, mahiyyətini
yaddaşlardan silmək niyyəti var imiş məlum
düşmənlərimizin. Bu təhlükəni
duyaraq, o dövrün tanınmış
ziyalıları, (Mirmövsüm Nəvvab
və s.) bu
bayatını məqsədyönlü yaratmış və bu bayatıda gerçək tariximizin
Qarabağ səhifəsini yaddaşlara
həkk etmək istəmişdilər. Ulu
dədələrimizin niyyəti ilk
baxışdan adi və sadə
görünən bir neçə
misralıq bayatıda 1805-ci il faciəsini
əks etdirmək olub. Bəs onda Şəki, Şirvanın bu
bayatıya nə aidiyyatı var? Elə bu tarixi bayatının sirri də məhz bu misrada gizlənirmiş.
“Şəki, Şirvan,
Qarabağ”- məntiqi və tarixi ardıcıllığa diqqət yetirin, Şirvan, Şəki,
Qarabağ-da deyə bilərdilər. Bəs niyə deməyiblər? Çünki
məlum xanlıqların işğal
tarixlərinə uyğun
ardıcıllıqla yaradıblar bayatını. Bu məntiqlə belə bir
fikir deyə bilərik ki,
bu təsadüfən emosional
vəziyyətdə çağırılan bayatı deyil, daha doğrusu,
hisslərin yox, düşüncənin məhsuludur.
İlkin
araşdırılmalardan belə məlum oldu
ki, 1801-ci ildə Şəki, 1804-cü
ildə Şirvan və yuxarıda qeyd etdiyimiz kimi , 1805-ci ildə də Qarabağ
xanlıqları zorən Rus
imperiyasının tərkibinə qatılmışlar. Araşdırmaların nəticəsi belə
düşünməyə əsas verir ki, bu möhtəşəm
bayatı duyğusal nənələrimizin
dərddən çağırdığı bayatı deyil, əslində bu
bayatı faciənin içində qovrulan,
tarixi gerçəyin sarsıntısını
içdən keçirən ulu dədələrimizin
düşünülmüş əsəridir.
Şəki, Şirvan, Qarabağ
xanlıqlarının, Rus imperiyası tərəfindən
işğalının şahidi olmuş dədələrimiz bu
faciəni xalqın yaddaşında daimi
yaşaması üçün, millət
bu faciəni heç zaman unutmasın deyə bu
bayatını yazmış və bununla
kifayətlənməyərək, ”Qarabağ şikəstəsi”ni də faciələrimizin
ruhuna bəstələmişdilər. Heç şübhəsiz ki,
böyük Səməd Vurğun:
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
-deyəndə bu
tarixi gerçəklikdən xəbərsiz
deyildi. Nəhayət, araşdırmaların
nəticəsi gördüyünüz kimi bir bayatının
timsalında acı tarixi gerçəyi ortaya qoydu. Zamanın gedişi belədi, taleyin hökmü belədi. Qarabağ
bu gün işğal olunmayıb. Bayatıdan da göründüyü kimi, 1805-ci ildə işğal
olunub. Tanrı bizim
xalqı bundan sonra işğal bayatılarından hifz etsin. Allah
böyük alimimiz Xudu Məmmədovun ruhunu şad etsin və bizə
zəfər bayatıları qismət etsin.Amin!
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm
qalım,
Tikdim ki, izim qala.
Rauf Zeyni
Mərkəz.- 2011.- 3 noyabr.- S. 7.