Gəncədə
Koreya kinosu
Gəncədə
Koreya Filmləri Festivalının
açılış mərasimi keçirilib
Koreya Respublikasının ölkəmizdəki səfirliyinin,
Respublika Kinematoqrafiya İttifaqının və Gəncə
Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirin iştirakçıları
əvvəlcə Gəncə Dövlət Dram
Teatrının foyesində Koreyanın müxtəlif adət-ənənələrindən,
təbii mənzərələrindən, eləcə də
bugünkü inkişafından bəhs edən foto və rəsm
əsərlərindən ibarət sərgiyə tamaşa
ediblər.
Koreya Respublikasının Azərbaycandakı səfiri
Li Ci-Han çıxışında Azərbaycan-Koreya əməkdaşlığında
mədəni əlaqələrin genişləndirilməsinin
vacibliyindən danışıb, bildirib ki, bu əlaqələrin
inkişaf etdirilməsi hər iki xalqın bir-birinə
yaxınlaşmasına təkan verəcək: “Koreya filmlərinin
Gəncədə nümayiş etdirilməsi də məhz bu
məqsədə xidmət edir”.
Səfir Gəncəyə səfəri çərçivəsində
dahi Azərbaycan şairi Nizami Gəncəvinin və Cavad
xanın məqbərələrini ziyarət etməsindən,
eləcə də bu qədim şəhərin sakinləri ilə
keçirdiyi görüşlərdən məmnunluğunu
bildirib.
Diplomat bəzi mötəbər tədbirlərin
artıq paytaxt Bakıdan kənarda, regionlarda keçirilməsinin
əhəmiyyətindən danışarkən
vurğulayıb ki, bu, həm də xarici ölkələrdə,
Azərbaycanın bütün bölgələrinin
tanınmasına imkan verir.
Açılış mərasimində
çıxış edən Azərbaycan
Kinematoqrafçılar İttifaqının Kino Yayımı
və Təbliğatı Şöbəsinin müdiri Gəray
Əlibəyov demişdir ki, 3 gün davam edəcək tədbirdə
6 film nümayiş etdiriləcək. Gəncə kinosevərləri
Koreya Respublikasının müxtəlif kinostudiyalarında
istehsal olunmuş dedektiv, məişət problemləri, məhəbbət
mövzularında maraqlı ekran əsərlərinə baxa
biləcəklər.
Mərasimdə səfir Li Ci-Hana Nizami Gəncəvinin
870 illik yubileyi münasibətilə xatirə hədiyyələri
təqdim edildikdən sonra “Mənim rəfiqəm casusdur” filmi
nümayiş olunub.
2009-cu ildə romantik komediya janrında çəkilmiş
film tamaşaçılar tərəfindən maraqla izlənilib.
Cəvahir Səlimqızı
Mərkəz.- 2011.- 4 noyabr.- S. 11.