Əsl kino adamı…

 

Bu gün XX əsrin realist rejissoru Rasim Ocaqovun doğum günüdür

 

Çoxillik peşə təcrübəmdə tək-tək müsahiblərimdən idi ki, hər hansı bir məsələ; istər kino, istər sənət dostları, istərsə də digər sorğuyla bağlı ona müraciət edəndə dərhal cavablandırırdı. Bəziləri kimi min bir bəhanə ilə jurnalisti başından etməyə cəhd göstərmirdi. Hətta yorğun, xəstə olduğu vaxtlarında belə, o, insanı qırmırdı. Bunu sadəcə, bacarmırdı. Çünki sənətində olduğu qədər şəxsiyyətində də bütöv, qüsursuz idi. Elə bu təəssüratın nəticəsi idi ki, ölüm xəbərini alanda sarsılmaya bilmədik. Söhbət XX əsr Azərbaycan kinosunda realist məktəbin əsasını qoyan kinorejissor Rasim Ocaqovdan gedir.

Ocaqov Azərbaycan milli kinosunda xüsusi xidmətləri olan rejissor idi.

Ocaqov sırf kino üçün doğulmuşdu. Başını aşağı salıb sənəti ilə məşğul idi. Bəziləri kimi siyasi oyunlara qatılmırdı. Bax elə buna görə də heç vaxt heç bir partiyanın üzvü də olmamışdı. Hələ sovetin «qılıncının dalının-qabağının» kəsdiyi bir vaxtda belə, ətrafındakılar Kommunist Partiyasının üzvü olanda Ocaqov çəkinmədən partiyaya üzvlükdən imtina etmişdi. Ona görə ki, Ocaqov özünün mənəvi dayaqlarını sənətdə tapanlardan idi. “Heç vaxt xoşuma gəlməyib ki, kimsə mənə desin: “Bunu belə elə, onu belə elə. Bu yaxşıdır, bu pisdir. Bu rəngdir, bu . Bir də mən partiyaya ona görə daxil olmadım ki, çoxlarının partiyadan günahkarcasına necə istifadə etdiklərini görürdüm. Partiyaya keçirdilər ki, mənsəbə çatmaq, vəzifə tutmaq üçün. Bütün bunlar mənə yad idi”, – sağlığında qəzetimizə verdiyi müsahibəsində belə demişdi Ocaqov. Senzuranın asıb-kəsən vaxtlarında belə, kinorejissor istədiyi sözü ekrandan deməyi bacarırdı. Çünki o peşəkar idi.

Əslində sənətin zirvəsinə çoxdan çatmışdı, çəkdiyi filmlərlə. Amma həmişə sənətin zirvəsinə hələ çatmadığını deyirdi. Bu da onun hədsiz təvazökarlığı idi. Onun bütün filmləri müxtəlif materiallara əsaslanır. Amma onların hamısını bir şey birləşdirir: mənəvi mahiyyət və mənəvi çıxış yolu problemi. Hətta bu çıxışı görməsələr belə, onun qəhrəmanları həyatın dibinə alçalmırdı, əksinə ucalırdı; ölümləri ilə. “Hotel otağı”ndakı qəhrəmanı kimi. Həyat onu problemlərlə üz-üzə qoyur, çətinliklərlə sıxır, amma heç vaxt onun qəhrəmanı əyilmir, pula satılmır, mənəviyyatını qoruyub saxlaya bilir. Amma bütün bunlar ona həyatı bahasına başa gəlir. Eləcə də “İstintaq” filmindəki qəhrəmanı.

Türk şairi Nazim Hikmət deyirdi ki, Rasim Ocaqov kameranın obyekti ilə hər şeydən əvvəl insan axtarır, insan olan obrazlara girişir. Həqiqətən də Ocaqovun yaradıcılığının əsası insan taleyi, insan həyatı və insan psixologiyası idi. Özü də o, hər zaman kameranın ardından həyata reallıq kimi baxıb, kino kimi yox. Elə buna görə də o, aktyorlarını seçərkən də realistliyə üstünlük verirdi. Şahmar Ələkbərov, Həsən Məmmədov, Rasim Balayev, Fəxrəddin Manafov, Nuriyyə Əhmədova, Şəfiqə Məmmədova, Hacı Məmmədov onun sevimli aktyorları idi.

Həm yaxşı dost idi Ocaqov. Bu barədə yaxın dostu, xalq artisti Rasim Balayev danışdı: “Biz onunla həm də yaxın dost idik, aramızda zarafat da vardı. Bir epizod danışım: “Qatır Məmməd” filminin çəkilişləri gedirdi. Qobustanda idik. Çəkilişdən sonra axşam oturub onunla nərd oynadıq. Uduzan iki araq almalı idi. Nəsə, arada 1-1, sonra 2-2, kəsəsi heç-heçə oynadıq, axırda 3-2 mən onu uddum. Dedim borcunu qaytar. Onda da indiki kimi deyildi, şəhərə getmək üçün maşın-zad tapılmırdı. Yaxınlıqda da dükan yox idi. Ocaqov da pul qədri bilən idi deyə, istəyirdi araq ucuz başa gəlsin. Bir yük maşınına minib çıxdım yola, oradan düz gəldim Ələtə.

Öz puluma iki araq aldım ki, onsuz da Ocaqov pulunu artıqlaması ilə qaytaracaq. Bir zülmlə qayıtdım geri və sevincək ona dedim ki, bu da araq, pulumu ver. Ocaqov özünəməxsus tərzdə saatına baxıb dedi: “Saat 1-ə 10 dəqiqə işləyib, bizsə bu sövdələşməni saat 12-dən qabaq, yəni dünən etmişdik”. Bir qəpik də qaytarmadı, məni qoydu yana-yana. Mən bu əhvalatı onun 70 illik yubileyində də danışmışdım”.

“Ocaqov əsl kino adamı idi”, – deyən R.Balayev klassik kinematoqrafçıların nəslinin Ocaqovla kəsildiyini də təəsüf hissilə qeyd etdi.

Ölümü də ürəyinə damıbmış, çünki dünyasını dəyişəndən 1-2 gün qabaq Rasim Balayevdən yayda bir yana gedib-getməyəcəyini soruşub. Balayev səbəbini soruşanda Ocaqov zarafatyana deyib: “Getmə, yaxınlarda mən gedəcəyəm”. Ölümünü nəzərdə tutubmuş: “Xoşbəxt idi Ocaqov. Bunu özü də etiraf edirdi. 70 yaşında sağ qaldığına, gəzib-dolandığına görə Allaha şükür edirdi. Deyirdi bu yaşımda işə gəlib-gedirəm, maşın sürürəm, daha nə qədər yaşayacağam ki? Düzdür, ömrünün son günlərində susqunlaşmışdı, amma nikbin adam idi.”

Ömrünün son günlərinə qədər ona çoxlu sayda filmlər çəkmək təklif olunub. Amma səhhəti buna imkan verməyib. “Əlvida cənub şəhəri” filmi də əvvəlcə ona təklif olunmuşdu. Filmin rejissor ssenarisini də işlədi. Amma sağlamlığı əl vermədiyi üçün filmdən könüllü olaraq imtina etdi. Hətta filmin bədii rəhbərliyinə də razılıq vermədi. Dedi əşşi, bir işi yarımçıq görməkdənsə, görməmək yaxşıdır. Çünki filmi başa çatdırmağa inamı yox idi. Bütün bunları sağlığında qəzetimizə verdiyi müsahibəsində danışmışdı Ocaqov.

Çəkdiyi filmlər onu XX əsrin böyük kinorejissoruna çevirmişdi. Təbii ki, bu həqiqəti etiraf edənlər də var, etməyənlər də. Kinonun içində olan və onun nə demək olduğunu anlayanlardan söhbət gedirsə, o halda, bir kinorejissor kimi Rasim Ocaqova rəğbət bəsləyənlər və bəsləməyənlərdən asılı olmayaraq, bu həqiqət danılmazdır.

“İş təkcə film çəkməkdə deyil, biz elə işləməliyik ki, sonra bütün həyatımız boyu bir-birimizin gözünə baxanda utanmayaq”, – deyirdi. Dediyinə də əməl etdi.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2011.- 23 noyabr.- S.15.