Qırğız
çöllərinin ətrini dünyaya yayan yazar – Çingiz
Aytmatov
Bütün məşhur insanların,
yazıçıların, müğənnilərin, bəstəkarların,
hətta ictimai-siyasi xadimlərin belə, pərdəarxası
görünməyən tərəfləri, məqamları,
sevdiyi insanla yaşadığı xoşbəxt anları olur.
Bəziləri bunu gizlətsə də, bəziləri
açıq etiraf edirlər. Zənnimcə, həqiqət pərdəsinə
bürünərək, özünü elin-obanın, oxucunun,
tamaşaçının gözündə bir “mələk”
kimi göstərməkdənsə, həqiqətin
işığında yol getmək daha əzəmətlidir. Təbii
ki, hər bir insan ona verilən qısacıq ömrü
yaxşı, mənalı yaşamağa
çalışır. Əslində, yaxşı
yaşamalıdır da! Etiraf edək ki, bizlər çox
zaman bunu bacarmırıq. Yaxud da bacarmaq istəmirik. Kuplinin
gözəl bir kəlamı var, deyir ki, bəzən biz
yanımızdan ötüb keçən xoşbəxtliyi
görmürük. Doğrudan da, ömür bizə nəyə
görə verilir? Bunu dərk edirikmi? Təkcə
yeyib-içmək, gün keçirmək, ömrü birtəhər
başa vurmaq üçünmü gəlmişik bu
dünyaya? Axı hər şey insan əlindədir! İnsan
elə yaşamalıdır ki, həyatda özündən
sonra bir iz, bir xatirə qoyub gedə bilsin. Biz bu yazıda
Qırğızıstanın Talas əyalətinin Şəkər
kəndində dünyaya göz açmış, türk
dünyasının böyük yazarı Çingiz Aytmatovun
həyat və yaradıcılığından söhbət
açacağıq.
Çingiz Torekuloviç Aytmatov
1928-ci ildə dünyaya gəlib. Sovetlər
İttifaqının represiya
“maşının” yeli onların da ailəsindən yan
keçməyib. Belə ki, balaca Çingizin hələ
10 yaşı tamam olmamış, onun atası Torekul Aytmatov o dövrün
çekistlərinin kütləvi şəkildə
apardıqları “anti-sovet” adamların ifşa olunma” ovunun qurbanlarından biri olur. Görkəmli dövlət xadimi olan Torekul
Aytmatov 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir.
Milliyətcə tatar olan
anası Aytmatova Nagili yerli teatrda
aktrisa idi. O, bu represiyalardan
canını qurtara bilsə də, çətinliklər və
təzyiqlər ondan və ailəsindən yan keçməmişdir.
Ömür yolu və yaradıcılığı
Uşaqlığı heç də ürəkaçan
şəraitdə keçməyən
Çingiz Aytmatov 8 sinif bitirdikdən sonra Cambul Zootexnikumuna
daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü illərdə Aytmatov Bişkəkdəki Kənd
Təsərrüfatı Universitetində
təhsil alıb.
Ədəbi yaradıcılığa gəlişi isə hələ tələbə
olarkən – 1952-ci ildə
dövri mətbuatda qırğız dilindəki
ilk əsərləri çap
olunmaqla başladı.
Ali təhsil aldıqdan
sonra, o, 3 il
Qırğız SSR-in Maldarlıq
Elmi-Tədqiqat İnstitutunda
çalışıb. Aytmatovun
Moskvadakı ali
ədəbiyyat kursuna
yazılması yalnız
1956-cı ildə, atasının
vəfatından sonra mümkün oldu. Kursu bitirdiyi il “Oktyabr”
jurnalında onun qırğız dilindəki
“Üz-üzə” hekayəsinin
rus dilinə tərcüməsi dərc
olunub. Həmin il “Yeni
dünya” jurnalında
Aytmatovun bir sıra hekayələri və yazıçıya
dünya söhrəti
qazandıran “Cəmilə”
povesti işıq üzü görüb. O,
milli ruhda yazdığı əsərləri
ilə Qırğız
çöllərinin ətrini
dünyaya yaymağı
bacardı. Dünya şöhrətli yazıçı ədəbi
yaradıcılıqla yanaşı,
ictimai-siyasi işlərdə
də sayılıb-seçilib.
O, 1990-1994-cü illərdə SSRİ-nin və sonradan
Rusiyanın Benilüks
ölkələrindəki səfiri
vəzifəsində çalışıb.
1994-cü ildən 2008-ci ilin martınadək isə doğma Qırğızıstanın Fransada,
Belçikada, Lüksemburq
və Niderlanddakı səfiri vəzifəsində
çalışıb, ölkəsinin
xarici siyasətində
töhfələrini əsirgəməyib.
2006-cı ildə “İlin avtoqrafı” kitabının buraxılışında
iştirak edib.
Çingiz Aytmatov müxtəlif
ali vəzifələrdə
də təmsil olunub. O, SSRİ Ali Sovetinin
deputatı, Qırğızıstan
Kommunist Partiyasının
Mərkəzi Komitəsinin
üzvü, Yazıçılar
İttifaqının və
Kinematoqrafistlər İttifaqının
katibliyinin üzvü,
Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin
rəhbərlərindən biri, “Xarici ədəbiyyat”
jurnalının baş
redaktoru vəzifələrində
çalışmış, “İssıqqul forumu” adlı beynəlxalq intellektual hərəkatın
təşəbbüskarı olmuşdu. O, haqlı olaraq, ədəbiyyat sahəsindəki uğurlarına
görə “Nobel” mükafatını
gözləyirdi. Lakin ona
milli ruhda yazması və amansız ölüm bu arzunun gerçəkləşməsinə
mane oldu. Çingiz Aytmatov
2008-ci ilin iyun ayının 10-da müalicə
keçdiyi Almaniyanın
Nürnberq şəhərində
yerləşən klinikada
vəfat etdi.
Mükafatları:
Sosialist əmək qəhrəmanı
(1978)
Lenin mükafatı (1963)
SSRİ Dövlət Mükafatı
(1968, 1977, 1983)
Qırğızıstan xalq yazıçısı
Əsərləri:
“Dağlar düşəndə”
“Dar ağacı – Dişi
qurdun yuxuları”
“Gün var əsrə bərabər”
“Fuciyama”
“Ağ gəmi”
“Əlvida, Gülsarı!”
“Dağlar və
steplerden nağıllar”
“İlk müəllim”
“Cəmilə”
“Üz-üzə”
“Çətinlikli keçid”
“Torpaq ana”
“Çingiz xana küsən bulud”
“Uşaqlığım”
“Qırmızı alma”
Tural Türk
Mərkəz.-
2011.- 25 noyabr.- S. 13.