Rafiq Tağı – həmişə gənc yazar və ipək kimi oğul

 

Rafiq Tağı haqda yazmaq mənə çox çətin gələcək. Onun gülümsər çöhrəsi hələ uzun müddət gözlərimin önündən getməyəcək. Bəlkə də heç getmədi də. Hər ondan söz düşəndə həmin gülümsər çöhrə, qalın şüşəli eynəyinin arxasındakı məhəbbət dolu baxışlar üzümə zillənəcək, sanki günahkar adamlar kimi soruşacaq: “Necəsən, Tural bala?” “Yaxşıyam, Rafiq Əmi, siz necəsiniz?” cavab qarışıq sualım tıxac olub boğazımda qalacaq. Onunla ancaq xatirələrimizdə həmsöhbət ola biləcəyik, kitablarını vərəqləyib hekayələrini, şeirlərini oxuyanda sətirlərin, misraların arasından üzündən – gözündən əskik olmayan təbəssümünü görəcəyik.

Çağdaş ədəbiyyatımızın ən ünlü, haylı-küylü, oxunan və sevilən, qəbul olunan və bəzən də eyni iradlara məruz qalan, haqlı-haqsız olunan tənqidlərə gülümsəyə-gülümsəyə reaksiya verən mənim Rafiq əmim, həmin tənqidlərə mətbuatda cavab verəndə çox “qəzəbli” görünərdi. Ondan söz düşəndə atam həmişə mənə deyərdi: “Baxma ki, o zahirən çəlimsiz, arıq bir kişidir, o möhkəm və bütöv adamdır”. Atam dostları haqda həmişə xoş sözlər deyir, danışır. Rafiq əmini isə daha çox istəyirdi, mən belə düşünürəm.

Həkimlər içində həkim, yazarlar içində yazar olan Rafiq Tağının kitablarını vərəqlədim, istədim bu yazımda onun yaradıcılığından nümunələr səsləndirim, amma fikrimdən daşındım. Rafiq əmi sözünün sehrini onu tanıyanlar, oxuyanlar daha yaxşı bilir. Mən nə deyə biləcəyəm ki… Mənə ancaq ağrımaq və ona əl qaldıranlara, ölümünə hökm verənlərə lənət yağdırmaq qalır, bütün dostları və doğmaları kimi. Həm də onunla bağlı xatirələrin işığında, istisində isinmək…

Mən Rafiq Tağı ilə dost deyildim, mən onunla dost ola bilmədim, buna vaxt çatmadı. Mən ona “Rafiq əmi” dedim, o isə mənə eləcə “Tural bala” dedi. Mən onda özümə qarşı bir doğmalıq, saf bir münasibət, yazı-pozu meydanının kənarında hərlənən, ora girib-girməməyi götür-qoy edən bir gəncə məsləhətlər verən, yol göstərən qayğsını, təcrübəsini əsirgəməyən və heç vaxt “MƏN” deyib özündən danışmayan BÖYÜK ADAMIN obrazını görürdüm və bu, həqiqətən də belə idi.

Onunla tez-tez danışardım, bəzən məsələlərə qarşı münasibətlər bildirməsini xahiş edərdim. Müsahibə də götürmüşəm. Heç vaxt “vaxtım yoxdur” demədi, həmişə vaxt tapdı sorumlarımızı cavablandırmağa. Mətbuata qarşı münasibəti nümunə ola bilər bir çox yazarlarımıza. Qəribəlikləri də vardı və bu qəribəlikləri onunla daha çox oturub-duran, bir yerdə olan eyni ədəbi nəslin nümayəndəsi olduqları qələm dostları və yaş fərqinə məhəl qoymadan yaxın dostluq əlaqələri olanlar daha yaxşı bilə bilər. Mənim bildiklərim isə ancaq eşitdiklərimdir. Axı mən onunla dost olmağa vaxt tapa bilmədim, mən onun üçün Tural bala, o isə mənim üçün Rafiq əmi idi və həmişə də əmi olaraq qalacaq.

Bir neçə dəfə bizdə olub. Atamla oturub söhbət edib, çay içiblər. Atamın bəlkə nərd oynamaq təklifinə, “yox, işim var” deməklə imtina edib. Bir dəfə də nənələrimiz bizdə idilər. Kənddən gəlmişdilər, qoca və xəstə arvadları yol da bir tərəfdən yorub halsızlaşdırmışdı. Hər ikisi oruc tutub, namaz qılandır. Halları bir az da pisləşəndə, atam təcili yardıma zəng etmək istədi, elə həmin anda etiraz notları “yox bala, yox, skoru çağırma, urusdan, moltanıdan, ya da araq-çaxır içən həkimlərdən biri gələr, olmaz, indi gəl gecənin bu vaxtı qüsullan”. Onda bir dostum var, bizim tərəfdəndir – Masallıdan. Yaxşı həkimdir. Həm də yazıçıdır, xahiş edərəm, qoy gəlib sizə baxsın. Dindar, bir az da mövhumatçı olan nənələrim “masallılı balasının” gəlişinə etiraz etmədilər, necə də olmasa, “öz şiələrindən idi”. Həm də atamın anası Hədiqə nənəm əslən Masallı rayonundandır. Hələ körpə ikən, – “qundaqda” olarkən yetim qalıb, tale onu gətirib Cəlilabadın Sabirabad kəndində bir xeyirxah ailəyə çıxarıb. Burada ayaq alıb, dil açıb danışıb, böyüyüb, babama nəvə sahibi olmağa əsas yardımçı olsa da, sonradan eşitdiyi, bildiyi həyat tarixçəsi onu həmişə o torpağa çəkib, Masallıdan kimi görsə, qardaşı, bacısı, yaxını, doğması bilib. Yaşının 80-ni haqlamasına baxmayaraq, bu gün də belədir. Görünür, nənələrin bu həkimin onları müayinə eləməsinə verdikləri razılığa bu amil də özünün təsirini göstərmişdi. Rafiq əmi gəldi, çox mehriban, səmimi görüşdü nənələrimlə. Adətinin əksinə getməmişdi bu dəfə də, çantasından iynədən dərmandan qabaq konfet çıxartdı, bəs nədir, dost evinə gəlib, şirnisiz olmaz. Sonra da xəstələri müayinə elədi, resept yazdı, sabah dərmanlar alınana qədər özünün gətirdiyi dərmanlardan qoydu, çay içdik, söhbət elədik. Daha doğrusu, mən atamla Rafiq əminin elədiyi ədəbiyyatla bağlı söhbətlərin dinləyicisi oldum. Arada da çayı təzələyirdim. Rafiq əmi gedəndən sonra nənələrim sözləşmişlər kimi hər ikisi bir ağızdan: “Allah saxlasın, ipək kimi baladır, sakit, utancaq, savadlı “doxdur” elə bizim Aydın kimi, Allaşkür kimi. Bu adamı Allah həmişə qoruyar, peyğəmbər kimi oğulduR”.

Hə, bizim Rafiq Tağımızı peyğəmbər kimi oğul deyə yadlarında saxladı mənim nənələrim. Burada heç bir təzad yoxdur. Rafiq Tağını peyğəmbərə guya ki, həqarət etdiyinə görə həbs etmişdilər, zindanda 1 ilə yaxın vaxt keçirmişdi. Bəlkə də, o zamanlar deyilənlər həqiqət idi, Rafiq Tağını həbs etməklə onun yaşamasına şərait yaradılmışdı. Axı onun üçün “ağzı dualı, alnı möhürlü din qardaşlarımız” ölüm hökmü çıxarıb, fətva vermişdilər. O adamın ölümünə fərman vermişdilər ki, həkimliyi ilə neçə-neçə insanlara şəfa vermişdi. O adamın ölümünü gerçəkləşdirdilər ki, onu ilk dəfə görənlər ona “İpək kimi bala, peyğəmbər kimi oğul” demişdilər.

Rafiq Tağının bu gün torpağa tapşırıldığı günün 3-dür. Lökbatanla şəhərin arasındakı qəbiristanlıqdakı məzarı hələ soyumayıb – nə olsun ki, qış ayıdır, dəfn günü güclü qar yağdı, külək əsdi, məzarıstan yolları buz bağladı, hərəkət çətinləşdi. Torpağa tapşırılan böyük yazarın taleyinə, alnına bu da belə yazılıbmış. Təbiət də bu cür ağı dedi, bu cür hönkürdü, bu cür yas saxladı Rafiq Tağının ölümünə. Ona qarşı olan sui-qəsd, bütünlüklə azad fikirli insanlarımıza, yazarlarımıza olan qəsddir.

Rafiq əminin yaşı 60-ı keçmişdi. Amma qəribədir, indi fikirləşirəm niyə o bu qədər gənc idi, elə ətrafındakılarının da əksəriyyəti gənc yazarlar idi. Gənclərin uğurlarına sevinmək, onlarla bağlı tədbirlərdə iştirak etmək elə bil onun vəzifələrindən biri idi. Məclisi yarımçıq tərk etməzdi, heç gecikməzdi də. Elə bil ehtiyacı olanların yanında olmaqdan yorulmazdı. Elə bıçaqlanan gündən üzü bəri ən çox gənc yazarların onu yoluxması, narahat olması, bəyanatlar verməsi də Rafiq Tağının ruhən gənc olmasından xəbər verirdi. Görünür, yaşı 60-ı keçsə də, o, qocalmamışdı, köhnəlməmişdi, pas bağlamamışdı, gənc qalmışdı.

Bu yazını yazmaq mənə çox çətin oldu. Fikirlərimin arxasınca düşdüm, düşündüklərimi bir araya toplaya bilmədim. Sanki hər şey dağınıqdır. Bir araya toplamaq lazım gərəkir. Heç bilmədim necə yazım. Axı bir yazını yazmaq üçün qabaqcadan fikirləşirsən, necə yazasan, haradan başlayasan, nəylə qurtarasan. Kim axı hazırlaşmışdı Rafiq Tağının vəhşilər tərəfindən öldürüləcəyinə? Həkimlərin, onu yoluxan qələm dostlarının da dedikləri BÖYÜK YAZARIN “üzü bəri” olmasından xəbər verirdi. Elə rəhmətə getdiyi gün atamla Elçin Hüseynbəyli onu yoluxmağa getmişdilər. Həmin gün Elçin əmidən müsahibə götürəcəkdim, Yazıçılar Birliyinə getmişdim, zəng etdim, dedilər ki, xəstəxanadan çıxıblar, gəlirlər. “Deyərdiniz mən də sizinlə gedərdim”, – dedim. “Hər şey yaxşıdır, axşam saat 5-dən sonra gedərsən, bu gün-sabah çıxacaq”, – dedilər.

Təxminən 2 saatdan sonra atama zəng etdim – “Rafiq əmi dünyasını dəyişdi, Allahın rəhmətinə getdi”, – dedim. Telefonda üstümə qışqırdı: “O, ölə bilməzdi, sap-sağlam idi, bizimlə zarafatlaşdı, söz verdi ki, 1-2 günə çıxacaq”. Doluxsundum, ağladım, əlbəttə, atamın mənə qəzəblə qışqırmağına yox, Rafiq əminin həqiqətən də ölməyinə ağladım…

Allah rəhmət eləsin, övladları torpağı sanı yaşasın!

 

P.S.: Axşam nənəmgil kənddən zəng vurmuşdular: “O, həmin balaydı, ay bala, o, həmin peyğəmbər kimi, ipək kimi oğuluydu, o, həmin “doxdur”uydu, ay oğul?” Atamın, “hə, odur” cavabına: “Ona qıyanın əlləri qurusun!”, – dedilər. Maraqlıdır, nənələrim Rafiq əmini- ipək kimi oğulu, peyğəmbər kimi balanı öldürənlərə ölüm arzulamadı, eləcə qarğış etdilər, əlləri qurusun dedilər.

 

 

Tural Türk

 

Mərkəz.- 2011.- 26 noyabr.- S. 13.