«Erməni aşıq sevgi romansı ənənəsi" adlı saxta faylın UNESCO tərəfindən Qeyri- Maddi Mədəni İrs üzrə Təcili Qorunma Siyahısına daxil edilməsinin qarşısı alındı

 

20 noyabr-1 dekabr tarixlərində İndoneziyanın Bali adasında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin növbəti - 6-cı sessiyası keçirilir. Azərbaycan 2010-cu ildən etibarən qeyd edilən komitənin 4 illik müddətinə üzvudür.

Sessiyanın ilk günündə Qeyri-Maddi Mədəni İrsin Təcili Qorunma Siyahısına təqdim edilmiş nominasiyalar müzakirə edilmişdir, Ermənistan tərəfindən təqdim olunan 2 nominasiya - "Erməni aşıq sevgi romansı ənənəsi" və "Erməni su festivalı - Vardavar" adlı fayllar da müzakirə edilən nominasiyalar arasında olmuşdur. Müzakirə zamanı Ermənistanın təqdim etdiyi nominasiyaların Konvensiyanın müvafiq meyarlarına cavab vermədiyi ilə yanaşı, aşıq sənətinin Ermənistan tərəfindən mənimsəndiyi və nominasiyada Dağlıq Qarabağla bağlı  təxribat xarakterli istinadların olduğunu komitənin üzvlərinə çatdırılıb. Qeyd edilənlərin Konvensiyanın müvafiq müddəalarına zidd olduğu və UNESCO-nun əsas prioritetlərindən olan mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə vermədiyi vurğulanıb. Ermənistan nümayəndəsinin izahatlarına baxmayaraq, komitənin əksər üzvləri ölkəmizin ədalətli mövqeyini dəstəkləyərək Ermənistanın iki nominasiyasının Qeyri-Maddi Mədəni İrs üzrə Təcili Qorunma siyahısına daxil edilməsinin əleyhinə çıxış ediblər.

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən UNESCO Katibliyinə Ermənistanın təqdim etdiyi sənədlərdə erməni tərəfinin Azərbaycanın mədəni irsinə qarşı saxta fəaliyyəti və nominasiyaların qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın şərtlərinə uyğun olmaması barədə oktyabr ayının ortalarında müraciət ünvanlanmışdır. Müraciətdə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi xatırladılaraq, aşıq sənətinin xalqımızın zəngin mədəni irsinin bir nümunəsi olduğu göstərilib. UNESCO tərəfindən bu münasibətə cavab olaraq bildirilmişdir ki, katiblik bu problemli məsələdən məlumatlıdır və Azərbaycan komitənin üzvü kimi bu məsələləri iclasda bir daha qaldıra və komitənin qərarına belə halların qəbul edilmədiyi barədə müvafiq maddənin və ya əlavənin qəbul edilməsini təklif edə bilər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyin birgə fəaliyyəti nəticəsində təqdim edilmiş sənədlər öncədən də UNESÇO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Ekspert Komitəsinin müsbət rəyini ala bilməmişdir. Beləliklə, Aşıq sevgi romansı və Vardavar faylı cari ilin 20 noyabr-1 dekabr tarixlərində İndoneziyanın Bali adasında kecirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin növbəti - 6-cı sessiyasında Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumların önləyici tədbirləri nəticəsində qəbul edilməmişdir. Bütün bu hadisələr Ermənistanın saxtakarlıq fəaliyyətinin dünya ictimaiyyəti tərəfindən öz layiqli cavabını almasının bir daha bariz nümunəsidir. Qeyd edək ki, iclasda ölkəmizi UNESCO yanında Daimi Nümayəndəliyin birinci katibi Anar Kərimov, AR Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Günay Əliyeva və müstəqil ekspert-musiqişünas Sənubər Bağırova təmsil ediblər.

 

 

Cəvahir Cəlimqızı

 

Mərkəz.- 2011.- 29 noyabr.- S. 11.