Azərbaycan poçtunun dünəni və bu günü

 

Baş verən bütün məzmun dəyişikliklərinə baxmayaraq, nəinki Azərbaycanda, habelə bütün dünyada poçt rabitəsi min il bundan əvvəl olduğu kimi yenə də insanlar arasında rəsmi və təhlükəsiz məlumat ötürmə vasitəsi, ən ucuz formada bağlama və digər əşyaların çatdırma xidməti olaraq qalmaqdadır

Azərbaycan xalqının qəhrəmanlıq eposu olan «Koroğlu» dastanının sonunda maraqlı olduğu qədər də ibrətamiz bir epizod var. Koroğlu tüfəngin nə olduğunu yalnız ömrünün ixtiyar çağında, bir yaz günü bilir. Piyada getdiyi yolun qırağında bir cüt öküz otaran kişinin çiyninə keçirdiyi yarı taxta, yarı dəmir əşya ilə maraqlandıqda kişi ona deyir ki, bu tüfəngdir, bunun içində güllə olur, adama, heyvana dəyəndə öldürür. Koroğlu kişinin sözünə inanmır, yapışır yaxasından ki, «vur mənə görək necə öldürür?» Kişi vurmaq istəmir. Axırı çox dəyişmədən sonra Koroğlu kişiyə deyir: «İndi ki, belə oldu, al bu qan bahası, at öküzlərə görüm necə öldürəcək?» Kişi görür ki, Koroğlu əl çəkən bəla deyil. Axırda tüfəngini çəkib öküzlərdən birini nişan alır. Tüfəng açılan kimi öküz yerə yıxılır. Koroğlu görür ki, öküz doğrudan da öldü. Götürüb bir tüfəngin ora-burasına baxır, sonra da sazı bağrına basıb məşhur «Mənmi qocalmışam, ya zəmanəmi?» rədifli məşhur qoşmasını söyləyir. Koroğlu sözünü tamam eləyəndən sonra paslı Misri qılıncı belindən açıb yerə tullayır. Deyir: «Namərd əyyamıdır. Daha mən Koroğluluğumu yerə qoydum».

Əlbəttə, biz yazımızı bütünlüklə dastanın – «Koroğlunun qocalığı» qoluna həsr etmək fikrindən uzağıq. Lakin deməliyik ki, Misri qılınc da Misri qılıncdır. Onu nə top, nə tüfəng, nə də digər silah növləri əvəz edə bilməz. Təkcə Koroğlunun çəkdiyi dəli nərə tüfəngli adamların titrəyib silahı əllərindən yerə salmalarına bəs edir.

Nədənsə, hər dəfə poçt rabitəsindən söz düşəndə dodaq büzüb «əşi, poçtun dövranı keçdi» sözlərini eşidəndə yuxarıda adını çəkdiyimiz dastanın bu epizodunu xatırlayıram. Doğrudur, yaşadığımz dövrdə elmi-texniki tərəqqinin (ETT) geniş vüsət alması bir sıra fəaliyyət sahələrində ciddi dəyişikliklər edilməsinə gətirib çıxarıb ki, bunlardan biri də poçt xidmətləridir. Həqiqətən də, əgər əvvəllər – 15-20 il bundan qabaq Azərbaycanda insanlar bir-birləri, o cümlədən xaricdə, daha çox da keçmiş ittifaq məkanında yaşayan yaxınları ilə təcili ünsiyyət qurmaq üçün teleqram, hal-əhval tutmaq üçün isə bir-birlərinə məktub göndərirdilərsə, bu gün mobil telefonlar vasitəsilə edilən zənglər, SMS-lər, elektron məktublaşmalar, İP-telefoniya, sosial şəbəkələrdən (Facebook, Twitter, MySpace, Odnoklassniki, V Kontakte, Mir Tesen, Moy Mir və sair) istifadə etməklə ünsiyyət qurmaq, habelə «Skype» vasitəsilə videozənglər daha mütəhərrik və əlverişlidir. Başqa sözlə, ETT sayəsində bu gün dünyanın heç bir ölkəsində, o cümlədən Azərbaycanda da poçt ənənəvi qaydada fəaliyyət göstərə bilmir. Nəticədə fərdlər arasında fiziki poçt göndərişlərinə bir o qədər ehtiyac qalmır.

«Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinin Poçt Analizi Şöbəsinin rəisi Nüsrət Səmədov da bu fikirləri bölüşdüyünü deyir. Müsahibimiz qeyd edir ki, poçt rabitəsinin yaşı min illərlə ölçülsə də, ETT-nin praktiki nəticəsi olaraq XX əsrdə, xüsusən əsrin sonlarına doğru yeni poçt xidmətləri və imkanları yaranıb. Belə ki, teleqramlardan tutmuş elektron poçtun meydana gəlməsinə qədər sıçrayışlı inkişafın nəticəsi olaraq insanlar arasında ünsiyyət asanlaşıb, ən əsası isə sürətlənib. Ona görə də poçtun ənənəvi xidmətləri bir qədər arxa plana keçib, poçta olan tələbat xeyli azalıb. Lakin şöbə rəisi bildirir ki, poçt rabitəsi də dövrün tələbinə uyğun olaraq yeni çağırışlara cavab vermək məcburiyyətindədir və sürətlə qloballaşan dünyada onun da üzərinə yeni-yeni vəzifələr düşür: «Məsələn, əgər əvvəllər fərdlər arasında yazışmalar daha geniş yayılmışdısa, hazırda bütün dünya üzrə ümumi poçt göndərişlərinin 50 faizi işgüzar yazışmaların və reklam göndərişlərinin çatdırılmasının payına düşür. Bundan əlavə, poçt rabitəsi bu gün dövlət orqanları ilə vətəndaşlar arasında əsas ünsiyyət vasitəsidir. Vətəndaş tutaq ki, mühüm dövlət orqanına müraciət etmək istəyir. Yaxud da dövlət qurumları arasında məxfi yazışmalar həyata keçirilməlidir. Aydındır ki, bu iş heç bir halda özəl poçt xidməti göstərən şirkətlərə həvalə edilmir. Dövlət qurumlarına məktubla müraciət edən vətəndaşların çox böyük bir qismi müraciətinin lazımi ünvana çatdırılmasına əmin olmaq üçün yalnız respublikada poçt xidmətləri göstərən yeganə milli poçt operatoru olan «Azərpoçt»un xidmətlərindən istifadə edir. Eyni zamanda, dövlət qurumları – məhkəmələr, hüquq-mühafizə və icra hakimiyyəti orqanlarının da etibar etdikləri yeganə ünsiyyət metodu poçt rabitəsidir. Yaxud, son vaxtlar bütün dünyada geniş intişar tapan elektron ticarətini götürək. Bu ticarət növü hazırda poçt xidmətləri sahəsində ən perspektivli yerlərdən birini tutur. Məsələn, vətəndaş serveri Çində, Avropa Birliyi ərazisində, ABŞ-da, yaxud da planetimizin digər nöqtəsində yerləşən və oradan idarə olunan, dünyanın ən iri on-layn pərakəndə satışçıları kimi tanınan, çoxsaylı milli domenləri olan «amazon», «eBay» kimi saytlara daxil olur. Almaq istədiyi əmtəəni seçir, plastik kart vasitəsilə dəyərini ödəyir. Həmin əmtəənin çatdırılmasını isə, aydın məsələdir ki, elektron ticarətlə məşğul olan sayt deyil, biz təmin edirik. Bu zaman müştəri əmindir ki, onun almış olduğu əşya keyfiyyətli qaydada özünə çatdırılacaq. Ona görə keyfiyyətli deyirəm ki, Azərbaycan rabitə müəssisələrinin təqsiri üzündən bir manat dəyərində də olsun poçt göndərişlərinin itkisi və ya oğurlanması halına rast gəlinmir. Məsələn, 2009-cu ildə poçt göndərişlərinin 2498,65 manat, 2010-cu ildə isə 1972,1 manat dəyərində itkisi və ya oğurlanması halı baş verib ki, burada da rabitə müəssisələrinin günahı sıfıra bərabərdir. Digər tərəfdən müştəri aldığı əmtəəni izləmək imkanına sahib olur. Yəni, o, həm «Azərpoçt»un (www.azerpost.az), həm də əmtəənin alındığı müvafiq ölkənin poçt qurumunun saytı vasitəsilə aldığı əşyanın hazırda harada olduğunu, neçə günə çatdırılacağını öyrənə bilər. Yaradılan üstünlüklərdən biri də ondan ibarətdir ki, əgər əvvəllər müştəri bilavasitə poçta gəlməklə müraciət edirdisə, indi bizim sayta daxil olmaqla xaricdən ona hər hansı əmtəənin çatdırılacağı barədə xəbər verə bilər. Onu da deyim ki, son illər ölkəyə daxil olan poçt bağlamalarının sayında əhəmiyyətli artım müşahidə olunur. Mübadilə həcmi barədə statistikaya nəzər salsaq, görərik ki, 2009-cu ildə ölkəyə 26 794 ədəd poçt bağlaması göndərildiyi halda, 2010-cu ildə bu göstərici 32 154 ədəd təşkil edib. Beləliklə, 2009-cu illə müqayisədə 2010-cu ildə ölkəyə daxil olan poçt bağlamalarının sayı ədəd etibarilə 5 360 ədəd, faiz etibarilə 20 faiz artıb. Heç şübhəsiz, bu artımda da elektron ticarətin genişləndirilməsinin özünəməxsus rolu var. Belə ki, Azərbaycandan on-layn ödəmələr yalnız 2009-cu ilin əvvəllərindən bəri mümkün olub. Bu o deməkdir ki, gələcəkdə elektron ticarətə meyl gücləndikcə poçt rabitəsinin bu xidmətindən yararlananların da sayı artacaq».

Qeyd edək ki, Azərbaycanda müasir formada poçt kontorlarının yarandığı XIX əsrin ilk qərinəsindən, 1818-ci ildən etibarən, bu kontorlar həm də şəhər sivilizasiyasının bir elementi, mədəniyyət mərkəzi rolunu oynayıb. Bu missiya günümüzdə də dəyişməyib. Elə görkəmli Azərbaycan ədibi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin (1908-1978) rus və dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881) «Biz hamımız Qoqolun «Şinel»indən çıxmışıq» sözlərini «Biz də hamımız Mirzə Cəlilin «Poçt qutusu»ndan çıxmışıq» şəklində iqtibas etməsi, zənnimizcə, poçtamtların elm və təhsil, mədəniyyət mərkəzləri kimi önəmli olduğunu əks etdirmək baxımından son dərəcə əhəmiyyətlidir. Poçt bu gün də, xüsusən kənd rayonlarında sivilizasiya elementi rolunu oynayır (Məlumat üçün bildirək ki, 2010-cu ildə ölkədə 1494 stasionar poçt şöbəsi mövcud olub ki, bunlardan 1 154 nəfəri kəndlərdə yerləşib. Bir poçt şöbəsi tərəfindən xidmət göstərilən əhalinin ümumi sayı isə 5 800 nəfər olub). Onun üzərinə dövri mətbuatın yayımının təşkil edilməsi, markaların çap olunmasının və satışının təşkil edilməsi kimi bir vəzifənin düşməsi bunu labüd edir. Düzdür, müstəqillik əldə etdikdən sonra ölkədə bir sıra özəl mətbuatyayımı şirkətləri yaranıb. Eyni zamanda, əvvəllər dövlətə məxsus olan «Azərmətbuatyayımı», «Qasid» kimi yayımla məşğul olan qurumlar özəlləşdirilib. Lakin bu gün özəl mətbuat yayımı şirkətləri xüsusən iri şəhərlərdə və ən yaxşı halda rayon mərkəzlərində fəaliyyət göstərməyə üstünlük verirlər. Onlar bunu kənd rayonlarında mətbuat köşkü saxlamağın iqtisadi cəhətdən səmərəsiz olması ilə əsaslandırırlar. Halbuki, Dövlət Statistika Komitəsindən aldığımız, 2011-ci ilin əvvəlinə olan məlumata görə, 9 milyon 111 nəfər ölkə əhalisinin nə az, nə çox, düz 4 milyon 281 min nəfəri, yaxud da 47 faizi kəndlərdə yaşayır. Belə olan təqdirdə haqlı bir sual yaranır: ölkə əhalisinin 47 faizini dövri mətbuatla kim təmin etməlidir? Əlbəttə, bu zaman nəzərlər «Azərpoçt»un, dolayısıyla dövlətin üzərinə dikilir. Nəzərə almaq lazımdır ki, «Azərpoçt» hal-hazırda Bakı Metropoliteni kimi qeyri-rentabelli işləyən dövlət qurumları sırasındadır. Məsələn, Qazaxda yaşayan vətəndaş Astarada yaşayan dostuna məktub yollamaq qərarına gəlir. Bu zaman o, cəmi 0,20 AZN ödəməklə sadə, cəmi 0,30 AZN ödəməklə isə sifarişli məktub göndərmək imkanından yararlanır. Halbuki, həm sadə, həm də sifarişli məktubun daşınma xərci bundan qat-qat bahadır. Aydın məsələdir ki, ucqar bir kəndə bir məktubun göndərilməsi üçün çəkilən xərc hazırkı tariflərlə heç cür uzlaşa bilməz. Demək, bu gün poçtun gəliri xərcini ödəmir. İqtisadi nöqteyi-nəzərdən isə hər bir xidmət sahəsi özü-özünü doğrultmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, «Azərpoçt»un göstərdiyi xidmətlər universal poçt xidmətləridir. Yəni bu xidmətlərin haqqı elə olmalıdır ki, ondan yararlanmaq hər bir vətəndaş üçün əlçatan olsun. Başqa sözlə, bu həm də sosial məsələdir. Ona görə də dövlət özü xərcə düşməklə, hər il «Azərpoçt»a dotasiya ayırmaqla əslində vətəndaşlarının qayğısına qalmış olur. Məhz bu səbəbdəndir ki, Azərbaycan universal poçt xidmətlərinin tariflərinə görə MDB məkanında Özbəkistan və Türkmənistandan sonra üçüncü yeri tutur. Təsadüfi deyil ki, hazırda «Azərpoçt»un gəlirlərinin yalnız 1/3 hissəsi, yaxud 30-35 faizi universal poçt xidmətlərinin payına düşür. Gəlirlərin digər 1/3 hissəsi qaz, işıq, su, aylıq telefon abunəsi, şəhərlərarası telefon danışığı haqlarının yığımından, digər 1/3 hissəsi isə xırda ticarətdən (poçt markalarının, TQDK-nın ödəmə kartının, dövri mətbuatın, danışıq, internet kartlarının satışından) əldə edilir.

Əlbəttə, Azərbaycan poçtunun həm dünəninin, həm də bu gününün ən müxtəlif aspektlərinə daha geniş prizmadan baxmaq, daha geniş həcmdə məqalələr hazırlamaq olar. Amma nə etməli ki, yazının həcmi üçün müəyyənləşdirilən hədd var və mən də bu həddi aşmamaq məcburiyyətindəyəm. Yekunda ümumiləşdirilmiş şəkildə onu demək olar ki, baş verən bütün məzmun dəyişikliklərinə baxmayaraq, nəinki Azərbaycanda, eləcə də bütün dünyada poçtun missiyası və funksiyası dəyişməz olaraq qalıb. Belə ki, poçt rabitəsi min il bundan əvvəl olduğu kimi yenə də insanlar arasında rəsmi və təhlükəsiz məlumat ötürmə vasitəsi, ən ucuz formada bağlama və digər əşyaların çatdırma xidmətidir. Odur ki, hər bir poçt xidmətinin əsas missiyası insanları bir-birinə daha da yaxınlaşdırmaq və doğmalaşdırmaq, təkrarolunmaz hisslər doğurmaq və onlara unudulmaz anlar bəxş etməkdir. Müasir elektron vasitələr üzərində qurulan ünsiyyət vasitələrinin heç biri qeyd edilən bu xüsusiyyətlərə malik olmadığı üçün ənənəvi poçt xidmətləri insanlıq durduqca yaşayacaq.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2011.- 29 noyabr.- S.5