Elçin
Hüseynbəyli: “Rafiq Tağı qəzəbindən
yazıçı, humanistliyindən həkim olub”
Elçin Hüseynbəyli
imzası ədəbiyyatımızda özünü
tapmış, brendlənmiş bir
imzadır. Onun
yaradıcılığı çağdaş
ədəbiyyatımızda özünəməxsusluğu ilə
seçilməklə yanaşı, ölkədən kənarda
da ədəbiyyatımız haqqında təsəvvür
yaratmaqla məşğuldur. Aid olduğu ədəbi nəslin
“favoritlərindən” olan yazarla
görüşüb, qəzetimiz üçün müsahibə almağı qərarlaşsaq
da, bu, bir
neçə gün ləngidi. Səbəbini
müsahibəni oxuyarkən ətraflı biləcəksiniz, təkcə
onu deyə bilərəm ki,
bu, ədəbiyyatımıza baş verən ağır itki
ilə bağlı idi. Beləliklə, müsahibim Azərbaycanın
tanınmış yazıçısı, “Ulduz”
jurnalının baş redaktoru
Elçin Hüseynbəylidir.
- Salam, Elçin bəy, necəsiniz?
Yaradıcılığınızın ovqatınıza təsiri
varmı, nə işlə məşğulsunuz?
- Tural, təəssüf
ki, birinci sualına nikbin ovqatla cavab verə bilməyəcəm. Bilirsən ki, mənim qələm dostum,
azad düşüncə sahibi,
istedadlı yazıçı-publisist Rafiq
Tağı nadan adamların qəzəbinə
gələrək qətlə yetirildi. Bu, Rafiqi tanıyanların
qəlbini incidir, ağrıdır. Mən onun bəzi fikirlərini bölüşmürdüm, hətta
iradlarımı da bildirirdim,
amma özgə cür
düşündüyünə görə adamı
öldürməzlər. Özü də
Rafiq cəzasını çəkmişdi,
8 ay həbsdə yatmışdı. O zaman mənim təşəbbüsümlə
bir qrup yazar Rafiqin əfv
olunması ilə bağlı dövlət
başçısına məktub da
ünvanladıq. Bu qətllə
bağlı poçtuma çoxsaylı
başsağlıqları gəlib. Rafiq mənim
koordinatoru olduğum «Güney Qafqaz» dərgisinin
müəlliflərindən idi. Ona görə də dərgimizin növbəti
sayını onun xatirəsinə həsr
etmək istəyirik. Bu təklifi dərginin
ideya müəlliflərindən olan Cenifer Skoffild
irəli sürüb. O, İngiltərənin
«İnterneyşnl alyort»
təşkilatının rəhbərlərindən biridir və bizim dərgimizə
dəstək verir. Ovqatım hazırda bax belədir. Kefsizəm. Onu
da deyim ki, Rafiq mənim
haqqımda yazılan ən gözəl məqalələrdən
birinin müəllifidir: «Mifik
pilləkənlərdə». Mən də onun
haqqında bir neçə məqalə
yazmışam. Son məqaləm Rafiq həbsdə olanda
yazılmışdı: «Humanist və qəzəbli
Rafiq Tağı». Məqalə təxminən
belə başlayırdı: «Rafiq qəzəbindən
yazıçı, humanistliyindən həkim olub».
«Rafiq şifahi nitqdə
utancaq, yazılı nitqdə
qırmızıydı». İndi də bu fikirdəyəm ki, Rafiq sərt yazsa da, çox ürəyiyumşaq
adam idi. Evdə bir adamın naxoşladığını
eşidəndə özünü yetirirdi, özü də əliboş
gəlməzdi…
- Düz buyurursuz, Rafiq Tağının qətlə
yetirilməsi hamımızı sarsıtdı. Sizə və
sizin simanızda bütün Rafiqsevərlərə, onun
doğmalarına səbr diləyirəm. Çox istərdim
ki, oxucularımızı yazıçı Elçin
Hüseynbəylinin gözlə görünməyən,
oxunmayan tərəfləri ilə tanış edəm. Deyin,
Elçin Hüseynbəyli olaraq, yazı masasının
arxasından durduqdan sonra başqalarından sizi necə fərqləndirmək
olar?
- Mən yazılarımı işdə yazıram.
Qalan vaxtlar isə düşünməklə məşğulam.
Ailə qayğıları, məişət problemləri,
uşaqların təhsil problemi də, təbii ki, mənim
üstümdədir. İmkan olanda dostlarla
görüşürük, dərdləşirik,
yeyib-içirik. Son zamanlar isə gəzməyə
üstünlük verirəm.
Bir dəfə metroda işə gəlirdim. Bir qadın mənə yaxınlaşıb
soruşdu ki, «Siz Elçin Hüseynbəylisiniz?» Müsbət cavab alandan sonra dedi
ki, gözü ilə görməsəydi,
mənim ictimai nəqliyyatdan istifadə elədiyimə inanmazdı.
Mən də cavabında «metro uşağıyam»
dedim, – «mənimçün
ən rahat nəqliyyat növü metrodur». Yəni yazı masasının arxasından qalxandan sonra başqalarından elə də fərqlənmirəm… Vərdişlərim dəyişməsə də,
amma saçlarımın
rəngi dəyişir,
ağarmaqda davam edir.
- “Ulduz” jurnalına baş redaktor təyin edildikdən sonra bir çox iri həcmli tarixi romanlarınızı
yazdınız. Bu baxımdan, deyəsən, “Ulduz”da yaradıcılıq üçün
“münbit şəraitin”
olduğu qənaətinə
gəlmək olar.
Bəs, baş redaktorluğun yazıçılığınıza mane olduğu anlar olubmu?
- İrihəcmli əsərlərimi “Ulduz”a
gəlməmişdən qabaq
da yazmağa başlamışam. “Tut ağacı boyunca”
və “Balıq adam” romanlarımı,
eləcə də bir sıra pyeslərimi.
Ona qədər 7 pyesim tamaşaya qoyulmuşdu.
Amma orası da var ki,
əvvəllər informasiya
agentliyində çalışırdım
və orada yaradıcılığa imkan
az idi.
Amma bura rahatdır, çünki öz istədiyim işlə məşğulam, bütünlüklə
yaradıcılıq atmosferindəyəm.
Heç
şübhəsiz, bu
amilin yaradıcılığımın
genişlənməsində, intensivləşməsində ciddi
rolu var.
Baş redaktorluq yarıdıcılığıma mane olmur, əksinə bəlkə də yardımçı olur. Düzdür, bəzi adamlar
həm jurnal ətrafında, həm də birliyimizdə intriqa axtarışındadır,
amma çox zaman buna fikir
vermirəm. Mən vaxt
azlığından gileylənməyən
adamam, əksinə hesab edirəm ki, boş vaxtım
həddən artıq
çoxdur. Görünür, bu, vaxtı düzgün bölməkdən
və çevik təfəkkürdən asılıdır.
Mən, eyni zamanda, bir
neçə şey haqqında düşünməyi
və yazmağı bacarıram.
- Tarixi romanlar yazmağınızdan bəhs
etdik, mümkünsə
deyin, bu mövzulara müraciət
etməyiniz tariximizə
olan maraqlarınızdan
irəli gəlir, yoxsa bir mövzu
olaraq, planlı şəkildə «bunu yazmam yaxşı olar», deyə düşünmüsünüz?
- Qaranlıq həmişə
sirli, sirli olanlar isə mübhəmdir. Bu baxımdan tariximizin üzərində qara pərdələr mövcuddur,
çünki çox
zaman tariximizi özgə millətlər
yazıb, ona görə də qeyri-dəqiqliklər, yanlış
yanaşmalar çoxdur.
Mən də çalışıram
ki, həmin qaranlıq məqamlara aydınlıq gətirim.
Məsələn, «Don Juan» və «Şah
Abbas» romanı bu zərurətdən irəli gəlir. Çoxları Şah Abbası fars
qafalı kimi tanıyırdı. Şükürlər ki, indi bu
təfəkkür dəyişib
və Şah Abbasın böyük qızılbaş hökmdarı
olmasına şübhə
edənlərin sayı
azalıb. Bu roman, eləcə
də Don Juan hazırda
Türkiyədə nəşrə
hazırlanır…
- Tanınmış romançısınız,
amma ədəbiyyata hekayələrlə gəlmisiniz,
deyəsən, daha hekayə yazmırsınız.
Buna iri həcmli
əsərlərinizin sizə
gətirdiyi yaradıcılıq
uğurları mane olmur
ki?
- Yox, bütün
bunlar bir-birilə sıx bağlı olan nəsnələrdir. Roman yazmağa nəfəs
və vaxt lazımdır, amma hekayə janrı yığcamlıq və çeviklik tələb edir. Başladınsa, həmən qurtarmalısan.
Bunu dramaturgiyaya da aid edərdim. Hekayə janrını mən
çox sevirəm.
Ona çərəz kimi,
desert kimi baxıram.
Ona görə də romanlarım arasında hekayələr də yazıram. Məsələn, «Yolayrıcında qaçış» romanımı
yazarkən «Gözünə
gün düşür»
hekayəsi beynimə girdi, məni rahat buraxmadı və mən romana bir həftə
fasilə verib, həmin hekayəni yazdım, sonra onun əsasında film də çəkildi və deyilənə görə pis alınmayıb. Sənin müşahidələrin
doğru olsa da, deyim ki,
hekayəçilikdən də
qalmamışam və
ara-sıra bu janrda nəsə yazıram. Son hekayəm «Xoşbəxt cütlük» bir qədər əvvəl
«525»də nəşr olunub.
- Elçin bəy, siz tez-tez xarici səfərlərdə
olursunuz. Yaradıcılıq ezamiyyətləri də,
müxtəlif tədbirlər də bura aiddir. Elə bu
günlərdə İsraildə səfərdə olmusunuz, səfəriniz
necə baş tutdu və bu səfərin məqsədi nə
idi?
- Son 2 ayda 5 ölkəyə səfər etmişəm:
Türkiyə, Kipr, Ukrayna, Qazaxıstan və İsrail. Ondan
öncə isə Hollandiyadaydım. Son səfərlə
bağlı deyim ki, bizi İsrail Yazıçılar Birliyi,
Azərbaycan diasporu dəvət etmişdi, Xarici İşlər
Nazirliyi isə dəstək vermişdi. Maraqlı səfər
idi. İsrail oğlanları səhranın ortasında
yaşıl bir ölkə yaradıblar. Bu ölkənin
insanları öz dövlətlərinin sahibidirlər, özlərini
vətəndən kənarda təsəvvür etmirlər. Biz
orada Azərbaycandan çıxmış ziyalılarla,
yazıçı-şairlərlə də
görüşdük. Onlar ilk vətənlərini çox
sevirlər. Bura bağlıdırlar. Bizi görəndə
çox həyəcanlandılar, kövrəldilər. Bəziləri
Anarın və Fikrət Qocanın nə zamansa
aldıqları kitablarını gətirmişdi ki, avtoqraf
yazsınlar. Onlar analarından ayrılaraq gözəl pioner
düşərgəsinə göndərilmiş
uşaqları xatırladırlar. Yerləri rahat olsa da,
analarından ötrü çox darıxırlar. Tel-Əvivdən
sonra Qüdsdə olduq. Çox gözəl şəhərlərdilər,
xüsusən də İsa Məsihin çarmıxa çəkildiyi,
Qolqof, Məhəmməd peyğəmbərin namaz
qıldığı Əl-Əksa məscidi çox möhtəşəm
idilər. «Ağlayan divarı» da ziyarət elədik. Qaydaya
görə hər kəs ürəyindən keçəni
kağıza yazıb həmin divara qoyur. Anar müəllim
dedi ki, nə istəyimiz ola bilər: «Qarabağın
azadlığı». Hafaya da getdik. Çox gözəl şəhərdir.
Ağ dənizin ətrafında lövbər salıb.
«Persidskiy sad» başdan-başa gözəllik mücəssiməsidir,
sanki yaraşıqlı və cazibədar bir xanımdır.
- Elçin müəllim, sizinlə
sağollaşmazdan öncə soruşmaq istərdim: indi kəndinizdə
olsaydınız, nə edərdiniz?
- Kənddə olsaydım, balıq tutardım, kəndimizin
küçələrini, bağ-bağatını gəzərdim,
ruhum dincələrdi. Mən bu gəzintini virtual olaraq
Bakıda da təkrarlayıram. Futbol meydançasında gəzəndə
fikrən həmin yerləri gəzirəm, addım-addım
ölçürəm. Hətta dəqiq nəticəyə də
nail olmuşam. Bizim kəndin ən sevimli marşrutu Araz boyunca
gəzməkdir. O baş-bu başa, bağlar da daxil olmaqla, təxminən
7 kilometrdir… Kənddən aralı düşdüyümə
görə, tam ilhamla işləyə bilmirəm. Ruhum orada
qalıb, hərdən onu təzələmək
lazımdır. Sanki fənər daşıyam, enerjiyə
qoşulmasam, yenilənə bilmərəm… Tural, gördün
də, dumanlı ovqatla başladım, elə həmin ovqatla
da söhbətimiz yekunlaşdı. Dost itirmək vətən
itirmək kimidir… Heç birisini yenidən qazanmaq olmur.
- Sizə kəndinizlə bağlı anları
yaşamağı arzulayıram… Dost və Vətən itkisi
isə sonuncu olsun. Sağ olun ki, vaxt ayırdınız.
Tural
TÜRK
Mərkəz.-
2011.- 29 noyabr.- S. 15.