Milli roman
(Kəramət
Böyükçölün “Çöl” romanı
haqqında düşüncələr)
Xalqın içindəki dil diridir,
safdır, heç bir kirli əl onu çirkləndirə bilməz. İnsanları qədər
saf və təmiz qalan dilin yaşadıcısı və gələcək
nəsillərə ötürücüsü
yazıçılar, şairlərdir. Hansı
qələm sahibi ki, dili korlayır, onun saflığına xələl
gətirir, o yazıçı uğursuzluğa düçar
olacaqdır. Böyük
yazıçılar həmişə ana südü kimi təmiz
dili qoruyub öz köklərinin üstündə əsərlərini
yazmışlar. Ədəbiyyat milli
olmadıqca, milli kökə, milli mənliyə söykənmədikcə
yad olacaq və unudulacaqdır. Ədəbiyyatın
qutsal vəzifəsi bu dili yaşatmaq və insanlara sevdirməkdir.
Kəramət
Böyükçölün “Çöl” romanını
oxuduqdan sonra o qədər gözəl duyğulara
qapıldım ki, bunu sözlə dilə gətirmək
mümkün deyil. Romanın tərəkəmələrin həyatından
bəhs etdiyindənmi, dilinin şirinliyindənmi, nədənsə
məni düşünməyə, ötələri,
keçmişləri xatırlamağa vadar etdi.
Mənim doğulduğum Muğanlı kəndi
də tərəkəmə kəndidir. Babalarım Qazağın
Muğanlı kəndindən köç edib Borçalı
torpaqlarına çıxmışlar. Gürcülərlə
bir yerdə yaşamasına baxmayaraq, kənddəki adamlar
özlərini, hərəkətlərini, düşüncə
tərzlərini dəyişməmişlər.
Hər dəfə kəndə gedəndə
çox gözəl duyğular içərisində
Bakıya qayıdıram. Muğanlı mənim üçün
azadlığın beşiyidir, Bakı isə dəmir barmaqlı
qəfəs.
Kənddən aldığım enerji,
üstəlik insanlarla olan ünsiyyəti heç nəyə
dəyişmərəm. Bizim insanlar maraqlıdır, sevimlidir. Üstəlik bu insanların üzləri təbəssüm
içində olsa da içlərindəki kədər
gözlərindən bəllidir.
Sonuncu dəfə Muğanlıya getdiyimdə
kənddəki arvadlar məni sorğu-suala tutmuşdular. Universitetə girdiyimi, evlənmək
yaşımın yaxınlaşdığını biləndə
hamısının gözləri yaşla dolmuşdu.
Kəramətin “Çöl” romanı məni
bir daha öz kəndimizə xəyali səyahətə
apardı. Gözümün
qarşısında tərəkəmələr və onların
həyatları canlandı. Bizim kənddəki
kişilərin “türk olmaq” üçün
sadaladıqları şərtlər yadıma
düşdü. İstəyirəm, həmin şərtlərlə
siz də tanış olasınız. Beləliklə,
tərəkəmə olmaq üçün böyük
kişilər bu şərtləri önə sürürlər:
saza qulaq asmaq; çaxır içmək; qurutdu xəngəl
yemək; evlənmək, uşaq sahibi olmaq; yeddi babanın
adını bilmək və s. Bu şərtlərə əməl
etməyən tərəkəmələrə qəribə
yanaşılır, onların özlərindən
olmadığını düşünürlər.
Qayıdaq, Kəramətin “Çöl”
romanının üzərinə.
Kəramətin “Çöl” romanında
Çölün böyüklüyünün, genişliyin
timsalında dilin zənginliyini görmüş oluruq. Həqiqətən mən
belə zənn edirəm ki, bizim dil gözümüz
uzandıqca uzanan Çöl kimi bitməz və tükənməzdir.
Çöl və yaxud kənd romanda da
göründüyü kimi yalnız insanların,
heyvanların birgə yaşadığı yer kimi deyil, həm
də böyük bir elm kimi gözümüzün
önündə canlanır. Dərinə
gedəndə görürsən ki, Çöl həqiqətən
də bir elmdir. Çöldən öyrənəcək
çox şey var. Kəramətin romanı sayəsində
yalnız Çölün görünən tərəfini
deyil, həm də içində yatan zəngin bilik küpəsini
də görmüş oluruq.
“Çöl” mənim fikrimcə milli,
köhnə düşüncə ilə Avropaya meylli
düşüncə arasında çarpışan
insanların romanıdır. Burada cəmiyyətin, həmin saf
insanların yaratdığı Koroğlu xalqın qəhrəmanı
deyil, yad düşüncənin obrazıdır. Dastandakı qəhrəman Koroğlu indiki zəmanədə
satqın, rüsvayçı biri kimi yaşamaqdadır.
Romandakı “Koroğlunun Amerika səfəri”
hissəsini oxuyanda yadıma bir türk ədəbiyyatşünası
düşdü. İndi
adını unutduğum həmin şəxs “Koroğlu”
dastanının qəhrəmanlıq dastanı olmadığını
iddia etmiş və bu iş üzrə neçə-neçə
məqalələr yazıb öz fikrini əsaslandırmağa
çalışmışdır. Onun dediyinə
görə, paşaların qızlarını
qaçırdıb Çənlibelə gətirən, saz
çalıb, şeir oxuyan, sonda hönkür-hönkür
ağlayan birisindən qəhrəman çıxmaz. “Koroğlu ağlayırsa, demək burda kədər
var”. Türk
araşdırmaçısı belə deyirdi.
Koroğlu düşüncənin, mifin
yaratdığı bir igiddir. İnsanlar belə bir qəhrəmanın
olmasını və gəlib onları bütün dərdlərindən
xilas etməsini istəmiş və bu haqda
danışa-danışa Koroğlunu yaratmışlar. Kəramətin romanındakı Koroğlunu da məhz
insanlar, cəmiyyət yaradır. Cəmiyyət
qədər dəyişmiş, yeni düşüncə tərzi
qəbul etmiş Koroğlu bu dövrün qəhrəmanıdır.
O, bu dövrün qayda-qanunu ilə oturub-durur, Buşla (romanda
Puş) hər cür razılığa gəlir, öz mənfəətini
güdür.
“Çöl” romanında iki roman var. Bu romanları iki
dost yazıçılar yazıb. Ancaq mən
belə hesab edirəm ki, bu romanları ortaq bir fikir birləşdirir.
Yuxarıda da dediyim kimi, insanların yeni dövrə
qədəm qoyduqları vaxt fikirlərinin də yeni
düşüncələrlə üz-üzə qalması,
zəmanə ilə ayaqlaşa bilməyən və yaxud zəmanənin
fəsadları ilə barışan cəmiyyətin
görünən və görünməyən tərəfləri.
“Çöl”dəki insanlar Çölün,
xalqın, cəmiyyətin, düşüncənin
obrazlarıdır. Onlar üçün
yaşam tərzini seçmək hüququ verilmir. Bu insanlar
başqa bir yaşamın da onların iç
dünyalarına daxil olmalarının fərqində belə
deyillər. Saf, təmiz insanlar olan bu
obrazların düşüncəsinə hopan yad fikirlər
onların həyatlarını bir qədər də olsa dəyişir,
ancaq onlar özlərini, milli kimliklərini unutmadan yeni fikirlə
köhnə fikirin qarışıqlığı içində
öz yaşam cığırlarını açıb o
yolla irəliləməyə davam edirlər.
Dünya ədəbiyyatının ən gözəl
roman nümunələrində sevilən obrazlar var: Don Kixot,
Harri, Raskolnikov, Fosforlu Cəvriyə, Andrey Yefimiç, Kapitan
Qrand, İxtiandr, Otello, Hamlet və. s. Siyahını uzatmaq
olar, amma gərək yoxdur. Bəli,
yazıçıların əsərinin uğuru onun
yaratdığı obrazla səsləşməlidir. Obrazların yad adlarla seçilməsi və
onların “ölü” kimi yaşaması bir çox gənc
yazarların mənfi tərəfidir. Obraz
“diri” olmadıqca oxucunun gözündə canlanmır. Biz gözəl bədii nümunələri oxuduqca
istəyirik ki, oradakı obrazlar kimi hərəkət edək,
onlar kimi düşünək, bir sözlə
özümüzü onların yerinə qoymağa
çalışırıq. Məncə,
əsl yazıçılıq qabiliyyəti də məhz budur.
Kəramətin romanında da yaşayan, diri
obrazlar çox idi. Baba, Nənə,
Narın, Züleyxa, Zaman, Saday obrazları “bişmiş”,
canlı, real insanlardır. Onlar kənd
adamlarıdır. Təbiətlə, heyvanlarla təmasları
onları kobud şəklə salsa da, mədəniyyətləri
az olsa da onlar bizim xalqdır, bizim
düşüncəmizdir.
“Çöl” romanında müəllifin
Qarabağa bir acısı da duyulur. Əsərin bir neçə hissəsində
əsgərlərimizin yaşam tərzi qələmə
alınmışdır. Kəramətin qənaətinə
görə, biz əgər öz içimizdəki xainləri
təmizləməsək heç nəyə nail ola bilməyəcəyik. Romanda
özünü vətənpərvər kimi göstərən,
əslində ermənilərlə iş birliyi göstərən
Ramiz Səlimov kimiləri olduqca bu vətənin başı həmişə
bəlalar çəkəcək. Vətən
haqqında “boğazdan yuxarı” danışmaq vətənpərvərlik
demək deyil. Romanda cəmiyyətin
yaratdığı Koroğluya da Qarabağ yalnız biznes
üçün lazımdır. Onun
üçün xalqın firavanlığı önəmli
deyil. Əsərdəki Koroğlu ilə
Ramiz Səlimov obrazı düşüncə tərzi ilə
bir-birlərinə bənzəyirlər.
Mən bir neçə yazımda da qeyd
etmişəm ki, nədən yazırsan yaz əsas dildir, mətndir. Kəramətin təhkiyə
dili elə axıcıdır ki, oxucunu sona qədər
özü ilə apara bilir. Köhnəlmiş,
yaddan çıxmış sözlərin təzədən
yeni təfəkkürlə işlənməsinin özü də
maraqlıdır. Bizim şifahi xalq ədəbiyyatı
qədər maraqlı bir şey yoxdur. Nağıllarımız,
dastanlarımız, bayatılarımız məşhurdur.
Onların öyrənilməsi vacibdir. Dili onu yaradan xalqdan, yəni, insanlardan, dili bilən
şəxslərdən öyrənmək lazımdır.
Kitabdan, lüğətdən dil öyrənib
yazan yazıçının əsərinin kökü, alt
yapısı olmadığı həmin dəqiqə üzə
çıxır. Kəramətin dili bizim
dildir, milli dilimizdir, Azərbaycan türkcəsidir. Bu dil xalqın içində yaşayır və onu
romanlar, hekayələr vasitəsi ilə xalqa təzədən
ötürmək biz yazarların işidir.
Çingiz Aytmatov rus dilində yazsa da milli
kökə bağlıdır və qırğız türklərinin
“Manas” dastanından çıxmışdır. Ona görə də əsərlərində
türk ruhunun qoxusu gəlir. Bu baxımdan,
gənc yazar Kəramət Böyükçölün
“Çöl” romanı mənə elə gəlir son illər
yazılan romanlardan fərqlənir. Müəyyən
qüsurlar ola bilər, ancaq
yazıçının gənc olmasını və təcrübəsinin
azlığını göz önünə gətirsək
görərik ki, o, həqiqətən də gözəl bir
roman ortaya qoymuşdur. Mətn dili, təhkiyəni,
mövzunu, ideyanı bir-birinə birləşdirməlidir.
Məncə, Kəramət bunu
bacarmışdır.
Belinski Dostoyevskinin “Bəyaz gecələr”
romanını oxuduqdan sonra ağladığını
yazır. Sonra tənqidçi
deyir ki, Dostoyevskinin bu romanında xeyli qüsur var, amma nə
olsun ki, o roman mənə təsir edib. Kəraməti
Dostoyevski ilə müqayisə etmək fikrindən uzağam,
amma onun “Çöl” romanının zəif və yaxud
uğursuz olduğunu desəm, zənnimcə,
yanılmış olaram.
“Çöl” romanı bizim
yaddaşımızın, milli düşüncəmizin əsəridir.
“Çöl” əsl milli roman, milli ədəbiyyat
hadisəsidir.
P.S. “Çöl” romanının MKM-də yer
tutmaması mənim fikrimcə ordakı münsiflərin
böyük yanlışıdır.
Ayxan Eyvaz
Mərkəz.- 2011.- 12 oktyabr.- S. 13.