Azərbaycan zəngin mədəni irsini dünyaya bir daha nümayiş etdirdi

 

Oktyabrın 10-11-də Bakıda «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum keçirilib. Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən ikigünlük forum çərçivəsində plenar iclaslardan başqa yeddi paneldə «İnkişafın iqtisadi modellərinin humanitar aspektləri», «Dünyanı dəyişdirən müasir texnologiyalar», «Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri», «Biotexnologiyalar və etika problemləri», «Multikulturalizm: nailiyyətlər və problemlər», «Sosial jurnalistika və yüksək texnologiyalar», «Elmlərin konvergensiyası» mövzularında diskussiyalar aparılıb Forum iştirakçıları müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektlərini müzakirə ediblər. Beynəlxalq forumda iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, nüfuzlu kütləvi informasiya vasitələrinin rəhbərləri Bakıya gəliblər. Forumun yekununda Bəyannamə qəbul edilib.

Forumun əhəmiyyətini qəbul edilən bəyannamə, ölkəyə dünya miqyasında nüfuzu olan şəxslərin gəlişi və Rusiya-Azərbaycan münasibətlərinin inkişafı baxımından qiymətləndirən keçmiş millət vəkili, politoloq Cümşüd Nuriyev qeyd etdi ki, tədbir hər şeydən əvvəl gələn il Bakıda keçiriləcək «Avroviziya» mahnı yarışmasına hazırlıq baxımından maraq kəsb edir. Onun sözlərinə görə, bu həftə Bakıda bir neçə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir ki, bu sıraya GUAM-ın keçirdiyi tədbir, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının keçirdiyi tədbirlər daxildir: «Bütün hallarda Azərbaycan eyni vaxtda bir neçə nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə iqtisadi gücünü göstərmiş oldu. Bilirsiniz ki, Azərbaycanı dünyada bir növ təkləməyə çalışırlar. Azərbaycanın yeraltı sərvətləri, xüsusilə də qaz yataqları hazırda kifayət qədər gündəmdədir. Belə bir şəraitdə Azərbaycan öz həqiqətlərini bir növ informasiya müharibəsi vasitəsilə yox, əyani vəsaitlərlə göstərir. Foruma dəvət olunanların içərisində 6 keçmiş prezident var idi. Burada dünyanın üzdə olan kifayət qədər alimləri iştirak edirdilər. Nəzərə alsaq ki, bunların da çevrəsində kifayət qədər insanlar var və həmin adamlara təsir göstərə bilən erməni lobbisi də mövcuddur. Tədbirin ilk əhəmiyyəti bundan ibarətdir. İkincisi, bunlar əyani şəkildə Azərbaycan xalqının mədəniyyətini öz üzərilərində sınaqdan keçirdilər. Yəni, onlara yanaşmalar, onlara olan münasibət bir daha göstərir ki, heç də ermənilərin təqdim etdikləri kimi azərbaycanlılar ermənilər kimi mədəniyyətə sonradan sahiblənməyiblər. Gördülər ki, bizim xalqın tarixən genetik yaddaşında mədəniyyət var».

Müsahibimiz qeyd etdi ki, forumun iştirakçıları həm də Azərbaycanın inkişafını görmüş oldular: «Yəni, Bakı şəhərinin günü-gündən gözəlləşməsinin, tikinti-quruculuq işlərinin, eyni zamanda Azərbaycanın dünyaya münasitbətini, baxışını gördülər». Forumun humanitar nöqteyi-nəzərdən əhəmiyyətini qeyd edən C.Nuriyev bildirdi ki, Azərbaycan adambaşına düşən qaçıqınların sayına görə dünyada birinci yeri tutur: «Lakin bu qədər qaçqın və məcburi köçkünün olmasına baxmayaraq Azərbaycan onların problemlərini də həll etmək üzrədir: «Azərbaycan sübut etdi ki, öz vətəndaşları ilə bərabər indiyədək hay-küy salan erməni əsilli vətəndaşlarının da qayğısına qala bilir. Bakıya gələn qonaqlar çox gözəl bilirlər ki, Azərbaycanın etnik tərkibi çox rəngarəngdir və bu coğrafiyada yaşayan bütün xalqların dili, dini, mədəniyyətini inkifayət etdirməklə bağlı hər hansı problemləri yoxdur. Sadəcə, kənardan bu cür problemlərin olduğu görüntüsünü yaratmaq istəyən qüvvələr var. Amma Azərbaycana səfər edənlər əslində, belə bir problemin olmadığının şahidi olurlar. Bu mənada da forumun əhəmiyyəti qeyd olunmalıdır».

C.Nuriyev qeyd etdi ki, forumun Azərbaycan üçün ən vacib məqamı ölkəmizin multimədəniyyəti dünyaya bir növ örnək kimi gündəmə gətirməsidir: «Bunu cənab prezident də öz çıxışında vurğuladı. Yəni, belə bir multisivilizasiya ilə Azərbaycan dünyaya örnək olmağını bir daha dünyaya nümayiş etdirdi. Bu, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində də çox mühüm amildir. Çünki gələn alimlərin əksəriyyəti humanitar sahədə çalışanlar və dünyanı siyasi aləmi nəzərəi cəhətdən idarə edənlərdir. Bu forumda təsadüfi  insanlar yox idi. Ayrı-ayrı panellərdə keçirilən görüşlərdə də bu məsələlər müzakirə olundu. Yəni, sadaladıqlarımız Bakıda keçirilən beynəlxalq forumun Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiqləyir. Eyni zamanda Azərbaycanın dünya üçün nə qədər vacib olduğu da bu forumda qeyd olundu. Azərbaycan bu forumu təşkil etməklə özünü dünyaya yenidən təqdim etdi. Bu təqdimatın arxasında Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva, Azərbaycan alimləri və ziyalıları dayanırdılar».

Müsahibimiz qeyd etdi ki, tədbirin gedişində Azərbaycanla Rusiyanın birgə hazırladığı üç cildilik kitab da təqdim edilib: «Bu təqdimat isə kifayət qədər gərginləşdirilməsinə çalışılan Azərbaycan-Rusiya münasibətlərinin yumşaldılmasına xidmət edir. Çünki hal-hazırda Qərb çox maraqlıdır ki, Azərbaycan-Rusiya münasibətləri gərginləşsin. Bir növ çalışırlar ki, Azərbaycanı bir növ Rusiya ilə qarşıdurmaya aparmaqla onu məcburi qaydada Rusiyadan aralanmağa sövq etsinlər. Amma Azərbaycan elə böyük bir dövlət deyil ki, bu dəqiqə Rusiya kimi superdövlətlə üz-üzə gəlsin. Bu, Azərbaycanın müstəqilliyini təhlükəyə atmaq kimi bir şeydir. Amma forum, orada təqdimatı gerçəkləşdirilən kitab həmin qüvvələr üçün nümunə oldu ki, Azərbaycan Rusiya ilə münasibətlərində yenə də öz səmimiliyini qoruyur. Bütün bunların fonunda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun çox böyük siyasi, iqtisadi və mənəvi əhəmiyyəti var».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2011.- 13 oktyabr.- S. 3.