Gülər Əhmədova Türkiyənin ən iri uşaq təşkilatında oldu

 

Millət vəkili Türkiyə səfərini “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı”nı ziyarətlə başladı

 

11-16 oktyabr tarixlərində İstanbulda keçiriləcək “V Balkan Tibb Tarixi və Etikası Konfransı”nda çıxış etmək üçün İstanbula səfər edən Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova oktyabrın 12-də Türkiyənin ən iri və böyük təcrübəyə malik uşaq təşkilatı olan “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı”nı ziyarət etmişdir. Vakıf rəhbərliyi və heyəti ilə görüşən millət vəkili Gülər Əhmədova eyni zamanda Vakıfın şöbələrini gəzmiş, personalın iş rejimi ilə yaxından tanış olmuş, Vakıfda tərbiyə və müalicə olunan uşaqlarla ünsiyyətdə olmuşdur.

Millət vəkilinin diqqətinə çatdırılmışdır ki, “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı” 8 Mart 1982-ci ildə Makbule Ölçen adlı bir xanımın rəhbərliyi ilə bir qrup könüllü tərəfindən Ankarada yaradılmışdır. 1987-ci ildən rəsmən Vakıf olaraq tanınan bu qurumda çalışan şəxslər heç bir maaş almır və sırf könüllülük prinsipi əsasında çalışırlar. Türkiyənin bütün bölgələrində şöbələrə malik “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı” Türkiyədəki əqli cəhətdən geri qalmış uşaqları öz himayəsinə götürür, onların fiziki inkişafı ilə yanaşı, həm də psixoloji və mənəvi inkişafını təmin edir, onlara təhsil verir.

Vakıf Türkiyədəki ailələrdə dünyaya gəlmiş uşaqları axtarıb tapır, onların təhsilə cəlb edilməsi istiqamətində xüsusi proqramlar həyata keçirir. Maraqlısı odur ki, Vakıfda hətta 6 aylıq körpə də böyüdülür. Həmin körpələrin fiziki qüsurları aradan qaldırılır, əl, göz və ayaq refleksləri bərpa edilir. Vakıf işçiləri uşaqlara tərbiyə və təhsil verməklə yanaşı, fiziki və əqli qüsura malik uşaqların valideynləri ilə də profilaktik işlər aparır, valideynlərin öz uşaqları ilə necə davranmalı olduğu barədə treninqlər keçirirlər.

Vakıfın fəaliyyəti ilə yaxından tanış olan Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova görülən işləri yüksək qiymətləndirmişdir.

Respublika Uşaq Təşkilatı və “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı” arasında əməkdaşlığın gələcək perspektivlərini müzakirə edən Vakıf rəhbərliyi uzun illər ərzində əldə etdikləri təcrübəni Azərbaycanda da tətbiq etməyə hazır olduqlarını bildirmişlər. Bu təklifdən çox məmnun olduğunu dilə gətirən millət vəkili Gülər Əhmədova Azərbaycanda əqli cəhətdən inkişafdan qalmış uşaqların valideynləri tərəfindən gizlədildiyini və cəmiyyət içinə buraxılmadığını bildirmiş və bunun ciddi sosial problem olduğunu qeyd etmişdir: “Əslində bu cür uşaqlar cəmiyyətə reabilitasiya olunmalı və onlara təhsil və tərbiyə verilməklə həmin uşaqları gələcək cəmiyyətimizin sütunlarına çevirə bilərik. Mən sizin Vakıfın fəaliyyətindən çox təsirləndim, çünki siz həqiqətən də müqəddəs bir işlə məşğul olursunuz “.

Azərbaycanda uşaqlarla bağlı çox ciddi siyasi qərarın olduğunu türkiyəli uşaq tərbiyəçilərinin diqqətinə çatdıran millət vəkili Heydər Əliyev Fondunun uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirdiyi layihələrdən danışmış, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycanda uşaqların himayədarı olduğunu və əqli cəhətdən qüsuru olan uşaqların qorunmasında, tərbiyə edilməsində çox böyük işlər gördüyünü diqqətə çatdırmışdır. Gülər Əhmədovanın sözlərinə görə, Heydər Əliyev Fondu Azərbaycanda yüzlərlə orta məktəb, kimsəsiz uşaq evləri, Talasemiya Mərkəzi inşa etmiş və uşaqlarla bağlı digər iri layihələrə imza atmışdır.

Gülər Əhmədovanın ziyarətindən məmnun olduqlarını bildirən Vakıf rəhbərliyi öz işçilərini və mütəxəssislərini böyük məmnuniyyətlə Azərbaycana göndərə biləcəyini və Azərbaycandakı əqli cəhətdən uşaqların cəmiyyətə inteqrasiya edilməsində yardımçı ola biləcəklərini bildirmişlər.

Daha sonra Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı”nda tərbiyə olunan və müalicə edilən əqli cəhətdən qüsurları olan uşaqların dərs otaqlarını gəzmiş, tədris prosesi ilə yaxından tanış olmuşdur. Uşaqların idman meydançalarına baş çəkən millət vəkili qüsurlu uşaqların necə intensiv fiziki məşqlər keçdiklərini yaxından izləmişdir. Əqli cəhətdən qüsurlu uşaqların musiqi duyumuna heyran qalan Gülər Əhmədova zehni qüsuru olan uşaqların kompüter texnologiyalarından yararlandığının da şahidi olmuşdur. “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı”nda tərbiyə olunan əqli cəhətdən qüsuru olan uşaqlar mahnı ifa etmiş, oxumuş və rəqs etmişlər.

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova “Zihinsel Yetersiz Çocukları Yetiştirme ve Koruma Vakfı” ilə tanışlıqdan məmnun olduğunu Vakıf rəhbərliyinə bildirmiş və gələcəkdə bu qurumla Respublika Uşaq Təşkilatı arasında əməkdaşlığın qaçılmaz olduğunu diqqətə çatdırmışdır.

 

 

Mərkəz.- 2011.- 13 oktyabr.- S. 4.