Ramiz Abdullayev: “Şeir yazmaq üçün sadəcə
ideya lazımdır, dağ-dərədə
gəzmək yox”
Ramiz Abdullayevin daxilindəki xeyirxahlıq, zənginlik,
mübarizlik onu həm həyatda, həm də sənətdə
pillə-pillə ucaldıb. Adi
fəhləlikdən ucalan Ramiz müəllimin çətinliyə
mərdliklə sinə gəlmək bacarığı,
göstərdiyi prinsipiallıq onu yaxından tanıyanlarda
yalnız xoş hisslər doğurur. 32 ildən çox
Respublika Dəmiryol İdarəsində çalışan,
kollektiv arasında böyük hörmət və nüfuza
malik olan Ramiz müəllim “Fəxri dəmiryolçu’”
adına layiq olduğunu bu gün də göstərir
Yaradıcılığa hələ gənc
yaşlarından başlayıb. Ramiz Abdullayevin 8 şeir
kitabı oxucuların ixtiyarına verilib. 2000-ci ildə “Sevgi
dolu gecələr”, “101 nəğmə”adlı kitabı Ramiz
Abdullayevə daha böyük uğur gətirib. Onun ardınca
“Vətən torpağı”, “Bahar yağışı”, “Sevgi
çiçəyi”, “101 kəlam” və başqa kitabları
da nəşr olunub.
Ramiz Abdullayev həm də dram əsərlərinin
müəllifidir. “Olacağa çarə yoxdur”, “Biznesmen”,
“Pasport”adlı musiqi komediyası Dövlət Dram
Teatrlarının səhnəsində uğurla tamaşaya
qoyulub. Bu günə kimi sözlərinə 300-dən
artıq mahnı bəstələnib və 120-dən artıq
müğənni tərəfindən oxunub.
Ramiz Abdullayevin çəkdiyi zəhmətlərə
qiymət verənlər də yox deyil. O, Dədə Qorqud
Milli Fondunun təsis etdiyi “Vətən övladı”
qızıl medalı, “Abdulla Şaiq”,“Vətən”,
“Qızıl qələm”, “Qızıl açar”,
“Qızıl buta” mükafatları ilə təltif olunub.
Hal-hazırda “Ana yurdum mənim Azərbaycan” adlı şeir
kitabı çapa hazırlanır.
Bütün bu sadaladıqlarım, Ramiz Abdullayev barədə
dostlarından və mətbuatdan əldə etdiklərim idi.
Amma bu məlumatlarla kifayətlənməyib, Ramiz müəllimin
daxili aləminə nəzər salmağa
çalışdım.
- Ramiz müəllim, sizin kitablarınızın birində
belə bir beytə rast gəldim:
Oxuyub dərk elə səninki olsun,
Yazmıram yazdığım mənimki olsun.
Çoxdurmu Ramiz müəllimdən məsləhət
alan?
- Əlbəttə, var məsləhət
üçün müraciət edənlər. Əksəriyyətini
də gənclər təşkil edir. Elələri olur ki, gəlib
deyir instituta sənət vermək istəyirəm, bilmirəm
necə seçim edim. Bir başqası deyir, uşaq vaxtı
xalası qızı iə göbəkkəsdi ediblər, indi
zorla evləndirmək istəyirlər, o isə
başqasını sevir. Başqa birisi deyir, işdə filan
problemim yaranıb, çıxış yolunu nədə
görürsünüz. Bilirsiniz, elə bil hiss edirəm bu
problemlərin çıxış yolunu.
- “Bir gün qəlb evimi eləsən talan,
Doğular günbəgün yalandan
yalan” - da deyirsiniz. Qəlbinizdəki insanlardan yalan görmüsünüzmü?
- Olur. Yaxın əlaqələr qurub sonradan istifadə etmək üçün cəhd göstərənləri görmüşəm.
Bir də görürsən biri mənə deyir ki, filankəs
sənin yaradıcılığının
pərəstişkarıdır, niyə onu özünə
yaxın buraxmırsan,
dostluq əlaqəsi yaratmırsan? İnsanlar
qəbul edə bilmirlər ki, bir insan uzağı
2-3 dənə dostu ola bilər,
daha 100 dənə yox. Bəzilərini yaxın buraxıram
və görürəm
onun barəsində fikirlərim elə doğru imiş, yalan danışır, yalandan isə günbəgün yalan doğulur.
- “Qəhrəman ölümə
gedir o zaman,
Vətənə bərabər tutulanda can” – deyən Ramiz Abdullayev Vətən sevgisini necə görür?
- Bilirsiniz, hərənin
dünyaya baxışı
bir cürdür. Vətənə məhəbbəti, Vətən üçün
qəhrəmanlığı hərə bir cür göstərir.
Mən də Vətənə olan borclarımdan birini 1990-cı illərin əvvəlində vermişəm.
Bu barədə “Qələbənin bir damlası” adlı hekayəmdə də yazmışam. Yanvarın 24-ü idi. O zaman bu idarədə dispetçer işləyirdim.
Bütün Bakıda komendat
saatı idi. Əli silahlı əsgərlər
binaların üstündə
dayanmışdılar. İdarədə işləyən Əşrəf adlı oğlana təklif etdim ki, gedək
binanın üstündən
SSRİ-nin bayrağını
endirək, yerinə matəm bayrağı asaq. Çünki tək adamın
işi deyildi. Bayraq olan dayaq hündür
idi. O dayağı
endirib, təzədən
qaldırmaq lazım idi. Və biz birlikdə bunu
etdik. Bundan əlavə, dispetçer
otağından biz Bakı
sərnişin stansiyasına,
yük stansiyasına,
Keşlə
və Biləcəri
stansiyasına birbaşa
çıxış edərək,
mikrofonla danışa
bilirdik, Vətənpərvər
şeirlər oxuyurduq,
hər yarım saatdan bir çıxışlar
edirdik, xalqa sözümüzü çatdırırdıq,
amma sonradan bunu bildilər və başımızın
üstünə silahlı
əsgərlər qoydular.
Amma buna baxmayaraq, yenə arada istədiyimizi edirdik, elə bayrağı da həmin vaxt
asmışdıq. Və indi
də hesab edirəm ki, baxmayaraq evdə 3 azyaşlı uşağım
var idi, elədiyim əməldə
ölüm qorxusu var idi, mən
düz qərar vermişdim.
- Bu gün görkəmli
şair Məmməd Arazın doğum günüdür. Bugünkü gün Sizə hansı xatirələri yaşadır?
- Məmməd Araz Azərbaycan ədəbiyyatında görkəmli
şairlərdən biridir. Bu ad həmişə
Məmməd Araz sevənlərin qəlbində
yaşayacaqdır. Onun daxili
aləmi, yazdığı
şeirlər, düşüncələr,
xalqa doğma, sevilən və həmişə yada qalandır. Mən fəxr edirəm
ki, Məmməd Arazla aramızda dostluq münasibətimiz olub. Bu dostluğu həmişə özümlə
yaşadıram:
Ey böyük qəlblərin
sevgi duası,
Hopdun qəlbimizə, yaşadın
bizlə,
Şeir kitabımda qaldı
imzası,
Məmməd Araz adlı
yazılan izlə.
- “Gözləri kor
olan edərkən şükür,
Nədənsə görənlər olur naşükür”. Ramiz müəllim, Adəm
övladı niyə naşükürdür?
- Bu elə bil həyatın qanunudur. Mən çox müşahidə
eləmişəm, görürsən
dilənçidir və
ya dilənçi deyil, kasıb adamdır, öz dolanışığını güclə təmin edir, amma gülümsəyir,
bunu bacarır. Bu gülümsəmək milyonlara dəyər.
Və baxmayaraq ki, o həyatda kasıbdır, amma qəlb evi zəngindir, müqayisə olunmaz mənəviyyat sahibidir, həyatdan razıdır.
Soruşursan ki, sənə
nə lazımdır,
nə kömək edə bilərəm sənə. Cavabında deyir
heç nə, şükür Allaha hər şey yaxşıdır. Şükür etməyi bacarır. Birinin gözləri kordur, amma şükür eləyir yeridiyi üçün, danışdığı
üçün, eşitdiyi
üçün, canının
sağ olduğu üçün. Amma bir başqasına baxırsan,
hər şeyi var. Yaxşı eşidir, görür, danışır,
hədsiz imkanlara sahibdir, lakin nadandır, bir dəfə şükür
etdiyini görməzsən.
- Və insan itirdiyinin qədrini, itirəndən sonra bilir.
- Razıyam. Hər zaman
dostlara da deyirəm ki, çalışın əlinizdə
olanın qədrini biləsiniz, dostlarla münasibəti korlamayasınız.
Dost olurlar, dalaşırlar,
sonra da üzr istəyirlər.
Amma dalaşanda pərdəni də cırırlar, qədrini bilmirlər dostlu münasibətlərinin.
Ata-ana böyüdür,
boya-başa çatdırır,
geyindirir, ali
təhsil verir, amma övlad naşükür olur, qədrini bilmir bunların. Gedir qürbətə düşür, ata-ana üçün burnunun ucu göynəyir, başlayır “ay ana, ay ata deyib” ağlamağa.
Əşşi bu sənin yanında idi də, bütün canını qoyub də sənin üçün. Amma bu da əksəriyyət təşkil etmir, kimlərdə ki mənəvi yoxsulluq var, o insanlar nadan olur, qədirbilməz
olur.
- “Birinə dedilər dünya sənindir.
Dünyanın qəmi də sənin qəmindir”. Kimindir bu dünya Ramiz müəllim?
- Bilirsiniz, dünyanı
özününkü hesab
edəndə, fikirləşirsən
ki, bunu yaradım, bunu yaşadım, təqdim edim. Amma həmişə fikir içində olursan ki, görəsən
bunu nə dərəcədə bacarmışam,
insanların xoşuna
gələcək, gəlməyəcək,
təqdimatı necə
olacaq. Yəni həyat elə
bir şeydir ki, ziyalı insanlar, yaradıcı insanlar hər zaman narahat yaşayırlar.
Çünki digərilərinin düşüncələri onlar
üçün önəmli
sayılır. Yəni bu
müsbət və mənfi münasibətlər,
onların həyatının
sevinci, qəmi üçün istiqamətverici
olur.
- Bəzi şairlər
çılğın dənizdən
ilhamlanır, bəziləri
isə çılpaq
qayadan həvəsə
gəlirlər. Sizin şeirləriniz necə yaranır?
- Dostlarım olan
şairlər var ki, deyirlər müəyyən bir şeiri yazmaq üçün dincəlmək
lazımdır. Yəni harasa
bulaq başına getmək, dağa çıxmaq, meşədə
gəzmək lazımdır.
Bilmirəm niyə şairlər
bu psixologiya üzərində kökləniblər,
amma hesab edirəm ki, düzgün deyil. Şəxsən mən şeiri
televizora baxa-baxa, uşaqların, nəvələrimin
səs-küyündə yazıram.
Şeir yazmaq üçün sadəcə ideya lazımdır, dağ-dərədə
gəzmək yox.
İlham
şairin daxilində olmalıdır. Yoxsa dağdan,
meşədən, dənizdən
ilham alıb birini yazarsan, ikisini yazarsan. Bəs sonra? Şair gərək daxildən
alov kimi olsun.
- Bu gün Azərbaycanda
postmodernizm cərəyanı
adlı bir dəstə bütün milli-mənəvi dəyərlərimizi
ayaq altına atmaqla məşğuldur.
Bu cərəyanın fəaliyyətinə necə
baxırsınız?
- Hesab edirəm ki, belə bir
cərəyanın Azərbaycan
cəmiyyətində yeri
yoxdur. Bu bir
mənəviyyat qalasının
dağılmasına, ailənin
məhv edilməsinə
hesablanmış addımdır.
Belə cür cərəyanların
qarşısını almaq
üçün Vətənpərvər
insanların birliyi, təşkilatı lazımdır.
Son zamanlar onların
yazdıqlarına baxdıqda
görürsən ki,
burada düşmən
əli var. Elə bil yeridirlər insanların beyninə ki, bu belədir.
- Ramiz müəllim
sizə elə gəlmirmi ki, bu cərəyanlar həm də Azərbaycanın gələcəyi
olan gənclərdə
mənəvi erroziyanın
getməsinə də
səbəb olurlar.
- Doğrudur, bu gün Azərbaycanda mənəviyyatı korlanmış
gənclər var. Onların
qarşısına çıxacaq
Vətənsevər, milli-mənəvi
dəyərlərə sahib gənclərimiz də yox deyil. Onların on nəfərinə
bir Vətənsevər
cavab verəcək qüdrətdədir.
Aqil Mehdi
Mərkəz.- 2011.- 15 oktyabr.-S. 10.