Azərbaycan iqtisadiyyatı son 20 ildə

 

20 yaşlı müstəqil Azərbaycan indi daha güclüdür

 

Azərbaycanın müstəqil ölkə kimi mövcud olmasından bu gün 20 il ötür. 20 ildir ki, müstəqil həyata atılan Azərbaycan ötən müddətdə bütün məsələlərlə müstəqil şəkildə məşğul olur, problemlərin həllinin öhdəsindən müstəqil şəkildə gəlməyə çalışır.

Müstəqillik Azərbaycana iqtisadiyyat sahəsində də mövcud olan problemlərin öhdəsindən müstəqil şəkildə gəlməyi tələb edib. Son 20 ildə əldə edilən nəticələrin təhlili göstərir ki, ölkəmiz bu müddətdə iqtisadi problemlərin öhdəsindən layiqincə gəlməyi bacarıb. Bunu son 20 ilin iqtisadi inkişafının əsas mərhələlərinə diqqət yetirməklə də görmək olar.

Öncə qeyd edək ki, Azərbaycan çox ağır iqtisadi proseslərin baş verdiyi bir dövrdə müstəqilliyini əldə edib. 1989-cu ildən etibarən Azərbaycan iqtisadiyyatında geriləmə prosesi başlayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadiyyatdakı geriləmə digər mütəffiq respublikalarla əlaqələrin itməsi səbəbindən növbəti 3 ildə bir qədər də dərinləşdi. 1989-1991-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalı hər il orta hesabla 5,7% azalırdısa, sonrakı 3 il ərzində azalmanın sürəti 3,8 dəfə artdı. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edildi.

Amma 1994-cü ildən başlayaraq, Azərbaycan iqtisadiyyatında bazar sisteminin tələblərinə uyğun olaraq aparılan islahatlar öz müsbət nəticələrini verdi. 1996-cı ildə sənayedə istehsalın azalması prosesinin qarşısı alındı və 1997-ci ildən bu sahədə başlanan inkişaf bu günə qədər davam etməkdədir.

Görülən tədbirlər sahəsində Azərbaycan 2005-2007-ci illərdə iqtisadiyyatın inkişaf sürətinə görə, dünyada lider ölkəyə çevrildi. 3 il ərzində ÜDM-nin həcmi 2,1 dəfə artdı. 1996-cı ildən ötən dövr ərzində ÜDM istehsalı real göstəricilərlə 5,7 dəfə, o cümlədən sənayedə 5,5 dəfə, kənd təsərrüfatında 1,9 dəfə, tikintidə 41 dəfə, nəqliyyat xidmətlərində 3,7 dəfə, rabitədə 18,7 dəfə, ticarətdə 5,7 dəfə artdı.

Sənaye sahəsində əldə edilən uğurlar indi daha yüksəkdir. Xüsusilə son 10 ildə sənaye çox sürətlə inkişaf edib. Yalnız 2010-cu ildə istehsal edilən sənaye məhsulu 1950-60-cı illəri əhatə edən 10 il ərzində istehsal olunan məhsula bərabərdir. Ötən 20 ildə ölkəmizdə 283,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Sözsüz ki, sənayedə bu uğurun əldə edilməsində neftqaz sektorunun payı daha böyükdür. 20 il ərzində Azərbaycanda 413 milyon ton neft, 191,6 milyard kubmetr təbii qaz hasil edilib.

Azərbaycanda sənayenin inkişafında xarici şirkətlərlə qurulan müştərək müəssisələrin payı yetərincədir. Son 20 ildə Azərbaycanda qurulan müştərək müəssisələrin sayı dəfələrlə artıb. Hazırda 30-dan artıq dövləti təmsil edən 235 xarici investisiyalı müəssisə sənaye sahəsində fəaliyyət göstərir. İndiyədək iqtisadiyyatımıza müxtəlif mənbələr hesabına 83,4 milyard manat investisiya yönəldilib. Bunun 54,4 milyard dollarını xarici investisiyalar təşkil edib.

Ötən 20 ildə 2239 kolxoz, sovxoz sair kənd təsərrüfatı müəssisəsi ləğv edilərək onların yerində 1525 kənd təsərrüfatı müəssisəsi, o cümlədən 219 kənd təsərrüfatı müəssisəsi, 331 kollektiv müəssisə, 73 kənd təsərrüfatı istehsalı kooperativi 902 kənd təsərrüfatı müəssisəsi (MMC, ASC) yaradılıb. Bununla da, kənd təsərrüfatının şəkli əsaslı qaydada dəyişib.

Aqrar sahədə aparılan islahatlar ötən müddətdə kənd təsərrüfatı məhsullarının istehsalını 58,1% artırmağa imkan verdi. Taxıl istehsalı 1,7 dəfə, kartof istehsalı 6,3 dəfə, tərəvəz 2,4 dəfə, bostan məhsulları 9,2 dəfə, meyvə giləmeyvə 2,1 dəfə artırılıb. Kəsilən ət istehsalı bu dövrdə 2,7 dəfə, süd 1,9 dəfə, yumurta 2 dəfə artıb.

Nəqliyyat sektorunda inkişaf isə daha güclü olub. Bütün göstəricilər üzrə artım bir neçə dəfəyə çatıb. Azərbaycan müstəqil olanda ölkəmizdə 393 miln ədəd avtonəqliyyat vasitəsi olduğu halda, hazırda bunun sayı 1 milyona çatıb. Avtomobillərin 725 min ədəddən çoxu şəxsi minik avtomobilidir. 1991-ci ildə hər 100 ailəyə 18 min avtomobil düşdüyü halda, hazırda bu göstərici 40-ı ötüb.

Rabitə sahəsində ciddi irəliləyişlər olub. 1993-cü ildə 164 radio-televiziya stansiyası olduğu halda, bu say indi 2 dəfə artıb. Azərbaycanda indi 600 mindən çox kompüter var. Hər 100 ailənin 36-sı internet istifadəçisidir. Ölkədə fəaliyyət göstərən hər 4 müəssisədən 1-i kompüterə sahibdir.

İqtisadi inkişaf əhalinin gəlirinin artımına imkan yaradıb. 1993-cü illə müqayisədə ərzaq satışı 3,8 dəfə, qeyri-ərzaq mallarının satışı 7,6 dəfə artıb. İndi il ərzində ölkənin hər bir sakini orta hesabla 1531 manatlıq məhsul alıb. Bu 1993-cü ilə nisbətən 3,2 dəfə yüksək göstəricidir.

Ötən 20 ildə ticarət sahəsində ciddi kəmiyyət keyfiyyət dəyişikliyinə nail olunub. 1993-cü ildə xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 1,353 milyon ABŞ dollar olduğu halda, sonrakı illərdə ticarət əlaqələri genişlənərək 2010-cu ildə 27,9 milyard ABŞ dollarına çatıb. Yəni 1993-cü illə müqayisədə 20,6 dəfə artıb.

Bu illər ərzində xarici ticarət əlaqələrinin strukturu da xeyli dəyişmişdir. İdxalın ümumi həcmində respublikaya gətirilən ərzaq məhsullarının xüsusi çəkisi 1993-cü ildə 21,2%, 1995-ci ildə 41,6% olduğu halda, 2010-cu ildə bu göstərici azalaraq 18,6% təşkil edib. Ərzaq məhsullarının idxalının azalmasına səbəb ölkəmizdə uğurla aparılan aqrar islahatlar nəticəsində yerli ərzaq məhsullarının istehsalının ilbəil artması olub.

İqtisadiyyatın müxtəlif sahələri ilə bağlı çox maraqlı göstəricilər, nəticələr sadalamaq mümkündür. Bütün bunlar Azərbaycan iqtisadiyyatının son 20 ildə keçdiyi inkişaf yolunu göstərir. 20 ilin təcrübəsi göstərdi ki, müstəqillik Azərbaycan üçün problemlər dörvü yox, inkişaf tərəqqi dövrü oldu.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2011.- 15 oktyabr.- S. 6.