Türk ədəbiyyatının
ən mübahisəli adı – Orxan Pamuk kimdir?
Merkez.az təqdim edir:
Türk yazıçısı Orxan Pamuk 1952-ci il
iyunun 7-də İstanbulda imkanlı və ziyalı ailədə
anadan olub. 3 il Nyu-Yorkda yaşadığını nəzərə
almasaq, demək olar ki, bütün həyatını elə
İstanbulda keçirib. Təhsilini şəhərin elitar məktəblərindən
sayılan Robert Kollecdə alıb. O, 3 il İstanbul Texniki
Universitetində, paralel olaraq, İstanbul Universiteti nəzdindəki
jurnalistika İnstitutunda təhsil alıb.
22 yaşlı yazıçı
Orxan Pamuk müntəzəm olaraq, 1974-cü ildən –
22 yaşından yazmağa başlayıb. Yazıçı
ciddi yaradıcılıq uğurları nəticəsində
1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi
mükafat qazanıb. Onların arasında Türkiyə,
İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük
Britaniya kimi ölkələrin təsis etdikləri
mükafatlar var. Dünyanın 100-dən çox ölkəsində
nəşr olunan əsərlərinin tirajı bir neçə
milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin
sayı isə 60-a çatıb.
“Taym” jurnalının 2006-cı ildə keçirdiyi
sorğunun nəticələrinə görə, Pamuk dünyanın
100 ən görkəmli şəxsiyyəti sırasına
daxildir.
Pamuk yazmağa 22 yaşından başlasa da, “Cövdət
bəy və oğulları” adlı ilk romanı 1982-ci ildə
çapdan çıxmış və dərhal da diqqəti
çəkərək “Yəhya Kamal” roman
mükafatını almışdı. Tarixi mövzuda
yazılmış “Ağ qala” (1985) romanı isə
yazıçıya beynəlxalq miqyasda şöhrət
qazandırıb. Əsərin çapından az sonra “Nyu-York
Tayms” qəzeti yazıb: “Şərqdə yeni ulduz
doğmuşdur. O, türk yazıçısı Orxan
Pamukdur”.
Nobel mükafatlı “Mənim adım
qırmızı”
Türk ədəbiyyatında postmodern üslubun ilk təmsilçilərindən
olan Orxan Pamuk türk ədəbiyyatına ən böyük
hədiyyəni verdi…
Şərq və
Qərb mədəniyyətlərinin üz-üzə gəldiyi
mistik XVI əsr İstanbulunun
bitib-tükənmək bilməyən əsrarlarından söz açan “Mənim
adım qırmızı” romanı ilə Orxan
Pamuk dünya ədəbiyyatının
tanınan simalarından birinə çevrildi. Tək bir il ərzində bu əsər
24 dilə tərcümə olundu. “Mənim
adım qırmızı” dünya
miqyasında postmodern romanın ən
yaxşı nümunələrindən biri
sayılmaqdadır.
“Mənim
adım qırmızı” Nobel
mükafatı almamışdan öncə son
5-6 il adı Nobel
mükafatçıları arasında çəkilən Pamuka 2005-ci ildə bir İsveç qəzetinə kürdlər və
ermənilərlə bağlı verdiyi
açıqlama ilə bağlı dava
açılmış, yazıçının bu sözləri “Nobel” ala bilmək üçün
söylədiyi iddia edilmişdi.
Nobel ədəbiyyat
mükafatını qazanan ingilis
yazıçı Harold Pinter
xəbəri eşitdikdən sonra
mükafatın ona niyə verilmədiyini başa düşmədiyini, Nobeli
Orxan Pamukun haqlı olaraq aldığını demişdi.
Həm də “Mənim adım
qırmızı” romanı ABŞ-da 11 sentyabr hadisələrindən 1 həftə əvvəl
satışa çıxarılıb. Yazıçı özü burada kədərli
bir ironiya görür. Belə ki, bu əsərdə söhbət məhz elə
iki sivilizasiyanın – İslamla
Qərbin toqquşmasından gedir. Bu romana görə,
2003-cü il iyunun 14-də
ən sanballı mükafatlardan biri – İMPAC Beynəlxalq Dublin
mükafatı təqdim edilib. Bu, ədəbiyyat sahəsində maliyyə
baxımından ən samballı – 100 min avro dəyərində mükafatlardan
biridir.
Orxan Pamuk yaradıcılığı
Orxan Pamuk “Səssiz ev” (1983), “Qara kitab” (1990), “Yeni həyat” (1994), “Qar”
(2002) romanlarının, “İstanbul. Xatirələr
və şəhər” (2003) memuarlarının və “Başqa rənglər” (1999) adlı esselər
kitabının da müəllifidir. “Qar” romanında müəllif
Türkiyənin şərqində islam təməlçiliyi
və qərbləşmə cərəyanlarının necə
üz-üzə gəldiyini, insan talelərində
necə ağır yaralar
açdığını yüksək sənətkarlıq
və inandırıcılıqla göstərə bilib. 2005-ci ildə ingilis
dilinə çevrilmiş
bu əsər ABŞ-da
ilin 10 ən mühüm
bədii nailiyyətləri sırasında özünə yer alıb.
90-cı illərin
ortalarından etibarən Qərbdə yaxşı
tanınması və nüfuz qazanması
nəticəsində Orxan Pamuk
Türkiyədə cərəyan edən ictimai
və siyasi proseslərlə bağlı daha sərt açıqlamalar vermişdi.
2005-ci iln fevralında onun
İsveçrədə çıxmış “Das Maqazin” jurnalına
müsahibədə Türkiyəni nəzərdə
tutaraq dediyi – “Bu torpaqlarda 30 min kürd və 1 milyon erməni öldürüldü.
Amma məndən başqa
kimsə bu haqda
danışmağa cəsarət etmir” –
sözləri yazıçının vətənində əsl
fırtına yaratmışdı. Mətbuatın fəal
iştirakı ilə Orxan Pamuk Türkiyə Cəza Qanununun
301-ci maddəsi ilə “türklüyə həqarət”
ittihamı ilə məhkəməyə verilmişdi.
Günahkar sayılacağı təqdirdə
yazıçını 6 aydan 3 ilə qədər
həbs cəzası gözləyirdi.
Lakin
Türkiyə Ədliyyə Nazirliyinin müvafiq razılığı
olmadığından məhkəmə yarımçıq
buraxıldı. Şübhəsiz, çağdaş
dünyanın Joze Saramaqo,
Qabriel Qarsiya Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes,
Xuan Qoytisalo, Con Apdayk, Mario
Varqas Lyosa kimi tanınmış sənətkarlarının
Pamuka dəstək aksiyasının da mühüm rolu oldu. Məhkəmənin
hazırlıq iclasının keçirildiyi
19 dekabr 2005-ci il tarixində
Erol Manisalının “Cümhuriyyət” qəzetində
çap etdirdiyi “Orxan Pamuk Nobeli
qarantiledi” məqaləsi
yazıçını məhz bu mükafata görə vətəninə böhtan atmaqda
suçlayanların əlində ən yaxşı dəstəvüz
oldu.
2006-cı ilin
Nobel seçimində Orxan
Pamukun rəqibi suriyalı şair
Əli Əhmən Səid (Adonis) idi. İsveç
Akademiyasının bəzi üzvlərinin əvvəllər
də nominant olmuş
ərəb şairinə rəğbət bəslədikləri
sirr deyildi. Lakin gizli səsvermə qələbənin
Orxan Pamuka qismət olduğunu üzə çıxardı.
Akademiyanın qərarının preampulası, həmişəki
kimi, bəlağətli idi.
Türk
romançısı “doğulduğu
şəhərin melanxolik ruhunun
izlərini axtararkən mədəniyyətlərin bir-birləri
ilə qarşılaşması və bir-birinə nüfuz etmələri üçün
yeni rəmzlər tapdığına
görə” Nobel mükafatı
qazanmışdı. Pamuk 2006-cı il dekabrın 7-də İsveç
Akademiyasında türk dilində “Babamın
bavulu” adlı Nobel
mühazirəsi oxumuş, dekabrın 10-da
isə İsveç kralı Qustavın əlindən
Nobel mükafatının qızıl
medalını və diplomunu
almışdı.
Təbiidir ki, türk
yazıçısının mükafatlandırılması
Türkiyənin siyasi və ədəbi mühitini laqeyd
buraxmadı. Orxan Pamukun
uğuruna sevinənlər olduğu
kimi, onu milli-mənəvi
dəyərlərə arxa çevirmək
hesabına Nobel ödülü
qazanmaqda təqsirləndirənlər da tapıldı. Tənqidçi
Dəmirdaş Ceyhun Nobel
mükafatının təkrarsız ədəbi yaradıcılığına
deyil, Qərb qarşısındakı
“xidmətlərinə görə Pamuka verilmiş ödənc” olduğunu
söyləmişdi. Türkiyə cümhurbaşkanı Necdet Sezerin
yazıçını təbrik etməməsi ehtirasları daha da
alovlandırmışdı.
“Oğru” Pamuk?!
Son vaxtlar Türkiyədə Orxan
Pamuku ədəbi oğurluqda,
başqa müəlliflərin fikir və ideyalarından istifadədə təqsirləndirənlər
də tapılmaqdadır. Məsələn, Murad
Bardakçı adlı müəllif “Mənim adım
qırmızı” romanının şəkil və üslub baxımından amerikan
yazıçısı Norman Meylerin “Ansient evenings” (“Köhnə axşamlar”)
romanından əxz olunduğunu iddia edir. Bəziləri isə
“Bəyaz qala” romanında türk
yazıçısı Fuat
Çarımın “Qanuni dövründə
İstanbul” əsərindən götürülmüş parçaların yer aldığını yazırlar.
Maraqlıdır ki, Orxan
Pamuk indiyə qədər bu
iddialara heç bir münasibət bildirməyib.
Orxan Pamukun keşməkeşli həyatı…
Orxan Pamuk 1982-ci ildə tarixçi
Aylin Turegenle evlənib.
1985-1988-ci illərdə xanımı Kolumbiya
Universitetində dissertasiya
yazdığı dövrdə Pamuk da Nyu-Yorkda yaşayıb və
“Qara kitab”
romanını burada tamamlayıb.
Onların 1991-ci ildə doğulmuş Röya adlı qızları var.
2001-ci ildə yazıçı ilə xanımı
boşanıblar.
Türkiyədə həyatına
hər an təhlükə gözlədiyini
iddia edən Orxan Pamuk 2007-ci ilin fevral ayından ABŞ-da
yaşayır. Amerikan telekanallarından
birinə verdiyi müsahibədə o, deyib: “İndi
Türkiyədə vəziyyət çox
gərgindir. Ziyalıların başı üzərində həmişə
məhkəmə təqibləri, hətta ölüm
təhlükəsi var. Mənim
yazıçı, jurnalist dostlarımdan çoxu ya məhbəsdə,
ya da istintaq
altındadırlar”.
Pamuk və
Azərbaycan ədəbi mühiti
Orxan Pamuk Azərbaycan
Yazıçılarının XI Qurultayında (2004-cü il) iştirak edib və AYB-nin fəxri üzvü olub.
Yazıçının bir sıra əsərləri
(“Qar”, “Mənim adım
qırmızı”, “Yeni həyat”, “Gizli üz”, “Bəyaz qala”) Azərbaycan dilinə çevrilib
və kitab şəklində çap edilib,
yaradıcılığı haqqında namizədlik
dissertasiyası və məqalələr yazılıb.
Türkcədən
çevirdi: Aynur
Baxşalıyeva
Mərkəz.- 2011.- 27 sentyabr.- S. 13.